• 26 Aprel 2024
logo
“Kölgə-şəhər”in kölgəsiz minarələri

“Kölgə-şəhər”in kölgəsiz minarələri

“Kabus qatar” şeirindən sonra, nədənsə Ağdama yalnız qatarla gedə biləcəyimi düşünürdüm.
Ola bilsin ki, bu səbəbdən də yol boyu rahatlıq tapa bilm'dim. Avrobusun salonunda sükut, içimdə isə qarışıq, qırıq-qırıq xatirələrimdən asılmış sonsuz bir boşluq hökm sürürdü...

Ağdamdan işğaldan öncə və sonra çəkilmiş foto və videogörüntüləri xatırlamağa, özümü illərdir arzusunda olduğum bu gözlənilməz səfərə hazırlamağa çalışırdım. Amma bacarmırdım. Toparlana bilmirdim. Paramparça olmuşdu – yaddaşım da, hisslərim də, xatirələrim də...

Bir vaxtlar təmas xəttinin keçdiyi ərazidən, Azərbaycan Ordusunun zəfərinin nəticəsi olaraq, yarılmış torpaq bəndin yanından keçirik. Nədənsə Berlin divarını və divarın qalıntıları üzərinə yazılmış “Sonucu çıxan işığı söndürsün” xatırlayıram.

...Günəş hisslərim kimi qarışıq buludların arxasında gizlənib. Sanki şüalarını işığı 29 il öncə sönmüş kabus evlərin üzərinə ələməkdən qorxur. Nə qədər insan taleyi yarımçıq qalıb bu kabus evlərdə, nə qədər insan xatirələri qalıb xarabalıqların altında. Hər tərəf boz rəngdədir. Daşın da, torpağın da, hətta ağacların da rəngi solub. Minalanmış sahələrdə insan ayağına tamarzı qolan torpaqın üzü səyriyir.

Ağdam – insanlığın minalanmış sahəsi... Ağdam – didərgin ruhların adsız məzarlığı... Ağdam – kabus şəhər, insanlığın edam kötüyü. Ağdam – sözün bitdiyi yer...

Hər addımda gözümə sıçrayan, düşüncələrimi alt-üst edən görüntüləri insan vəhşiliyinin nə zamansa qarşılaşdığım izləri ilə müqayisə etməyə çalışıram. Karfagen xarabalıqları... Yox, bir neçə dəfə dağıdılan bu şəhəri Ağdamla müqayisə etmək mümkün deyil. Tunisdə səfərdə olarkən güllələnmiş muzeydən reportaj hazırlamışdım. Amma muzeydə bizimlə birlikdə olan Avropalı siyasətçilərdən fərqli olaraq, gördüklərim məni təəccübləndirməmişdi. Çünki muzeyin, teatrın, məscidin, minarənin, heykəllərin, məzar daşlarının... güllələnməsini Ağdamdan və indi işğaldan azad edilmiş digər yurd yerlərimizdən çəkilən foto və videomateriallarda görmüşdüm. Ağdamda isə 29 il öncəni xatırladacaq heç nə qalmayıb. Rayonu, şəhəri yerlə bir edənlər buradan didərgin saldıqları insanların xatirələrindən belə qisas alıblar. Faşizmdən daha dəhşətli erməni ultramillətçiliyi ilə zəhərlənmiş beyinlər Ağdamla əsir götürülmüş və düşmənə sirr vermək istəməyən zabit kimi davranıblar. İşkəncə verə-verə, aram-aram, ağrılarını, ona verilən əzabları daha dərindən hiss etməsi üçün fasilələrlə öldürüblər... İnsan ağlının və təsəvvürünün yetmədiyi bir vəhşiliklə... “Sümüklərini” qırıblar, “gözlərini” oyublar, “dişlərini” çıxarıblar, “barmaqlarını” bir-bir və həm də hissə-hissə kəsiblər, “ətini” qarmaqla qoparıblar, “öldürdükdən” sonra isə cəsədini illərlə paramparça ediblər...

İlahi, bu vəhşilər nəyin, kimin qisasını alıblar Ağdamdan? Öz natamamlıqlarının? Bəlkə, “niyə bizim Natəvanımız yoxdur”, - deyə Xan qızının sümüklərinə divan tutublar? Bəlkə... Gördüyüm mənzərənin izahını tapa bilmirəm.

Ağdam xarabalıqları misli görünməyən, izahı olmayan, insan ağlına sığmayan sonsuz bir nifrətin ağ-qara portretidir...

...Yol boyu tikanlı məftillərə bürünmüş dağıntılar, əkin sahələri, torpağın altından səmaya, Tanrıya doğru uzanan insan əllərini, barmaqlarını xatırladan cəsəd rəngli ağaclar...

Ağdam məscidinədək bir neçə yerdə ayaq saxlayırıq. Hətta zərərsizləşdirilən minanın qopardığı gurultu belə məni yaşadıqlarımın lal sükutundan ayıra bilmir.

...Ağdamdakı yeganə ucalıq azdlığın və qələbənin simvolu kimi göyə ucalan minarələrdir. Səfərdən öncə, artıq bir neçə ildir ki, çapa hazırladığım və hələlik şərti olaraq “Minarə kölgəsi” adını verdiyim kitabımın üz qabığı üçün şəkil çəkməyi düşünürdüm... Amma bilmirdim ki, Ağdamda heç nəyin kölgəsi yoxdur, hətta minarələrin də... Çünki Ağdamın özü kölgədir – sərhəd tanımayan erməni vəhşiliyinin kölgəsi...

Kitabım üçün isə yəqin ki, yeni bir ad düşünməliyəm.

İndi bu sətirləri yazdığım zaman Ağdamda olduğu kimi qarışıq duyğular yaşayıram. Bir tərəfdən 30 ilə yaxın bir zaman kəsiyində həsrət qaldığımız yurd yerlərimizə qayıda, bir xalq olaraq toparlana, düşmənə güc gələ bildiyimiz üçün qürur hissi keçirirəm, sevinirəm. Bir tərəfdən isə gördüklərimin soyuq kədəri hisslərimə, düşüncələrimə meydan oxuyur... İnsanlıq adına utanıram.

...Ağdamda yeganə təsəlli tapdığım ünvan Şahbulaq qalası oldu. Üzərində uçrəngli Azərbaycan bayrağının göz oxşayan rəngləri xarabalıqların bozumtul rənginin divan tutduğu gözlərimə rahatlıq gətirdi.

...Buludlar çəkiləcək, Günəş doğacaq, üçrəngli bayrağın kölgəsi gölgə-şəhərin üzərinə düşərək daşını-torpağını öz əsrarəngiz rənglərinə bürüyəcək.

Ağdamın xarabalıqlarının yerində gözəl bir şəhər salınacaq, torpaq insan nəfəsilə isinəcək, hər addımdan palitranın ən gözəl rəngləri çiçəklər kimi boy verəcək... Və o zaman Ağdama qatarla gedəcəyəm.

İndi bütöv elim – bütöv taleyim,
Dünyanın ən gözəl ölkəsindəyəm.
Ən uca zirvəyə könül bağlayan
Üçrəngli bayrağın kölgəsindəyəm.

Gəlir azan səsi minarələrdən –

Kimsə ahəngini pozmasın, Vətən.

Bayraq pıçıltısı, azan sədası

Başımın üstündə...
Susmasın, Vətən.

Elçin Mirzəbəyli
13 mart 2020-ci il, Bakı-Ağdam-Bakı