Son günlərdə Çində və İranda koronavirusun yayılmasının həmin ölkələrdən Azərbaycana idxal edilən yeyinti məhsullarının bazara ehtimal olunan təsiri barədə mətbuatda müzakirələr aparılır.
İqtisadçı alim Vüqar Bayramov Trend-ə bildirib ki, 2019-cu ildə Azərbaycana 1,6 milyard dollar dəyərində yeyinti məhsulları idxal olunub. Bunun cəmi 2,6 faizi İranın, 0,7 faizi isə Çinin payına düşüb:
"Göründüyü kimi, yeyinti məhsullarının ümumi idxalında bu iki ölkənin toplam payı cəmi 3,3 faiz təşkil edir. Yəni, idxal olunan ərzaq məhsullarının 96.7 faizi digər ölkələrdən Azərbaycana gətirilir. Bu isə deməyə əsas verir ki, yeyinti məhsullarının idxalının struktruru ölkəmizin ərzaq məhsulları ilə təminatının və istehlak bazarının stabilliyinin pozulmasına hər hansı iqtisadi əsasın olmadığını göstərir”.
İqtisadçı əlavə edib ki, “qeyd olunan dövrdə yeyinti məhsulları kimi İrandan əsasən kartof, xurma, portağal, kivi, qurudulmuş meyvə və qənnadı məmulatları, Çindən isə çay, balıq kürüsü, şabalıd, konservləşdirilmiş araxis və s. idxal edilib. Etiraf etmək lazımdır ki, xüsusən 2015-ci ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması və ərzaq məhsullarına tələbin ödənilməsində idxaldan asıllığın ildən-ilə azalması istiqamətində aparılan islahatlar ərzaq təhlükəsizliyin formalaşmasında yerli məhsulların payının ildən-ilə artmasına səbəb olub”.
Qeyd edək ki, müfaviq dövlət qurumları tərəfindən istehlak bazarında monitorinq və nəzarət tədbirləri davam etdirilir, baş verən qiymət dəyişiklikləri ilə bağlı müvafiq araşdırmalar aparılır və hesab edirəm ki, qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək.