• 26 Sentyabr 2020
logo
“Azərbaycan” qəzetinin səhifələrində  - 37-ci yazı

“Azərbaycan” qəzetinin səhifələrində - 37-ci yazı

"Azərbaycan xalqının böyük maarifpərvəri Hacı Mirzə Həzən Rüşdiyyə"
Xordad ayının 2-də (23 may 1946-cı ildə - red.) Təbrizdəki Sovet Mədəniyyət Evində “Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan cəmiyyət” tərəfindən Azərbaycanın böyük maarifpərvəri Hacı Həsən Rüşdiyyənin həyat və fəaliyyətinə həsr edilmiş ədəbi müşavirə keçirildi.
Müşavirədə Rüşdiyyənin həyatı və birinci dəfə olaraq onun İran Azərbaycanında yeni üslubda yaratdığı mədrəsə və “Vətən dili” adlı yazdığı kitab, bundan başqa Azərbaycan dilində yazdığı 37 cild əsərləri, nəşr etdiyi qəzet, ümumiyyətlə Azərbaycan xalqının bu böyük oğlunun azalıq uğrunda apardığı mübarizələr haqqında cənab Məhəmmədəli Zeyni məruzə etdi.
Məruzədən sonra Rüşdiyyənin şagirdlərindən və yaxın dostlarından olan cənab Səfvət və cənab Qazi Rüşdiyyə haqqındakı xatirələrindən danışdılar. Sonra müşavirəyə sədrlik edən cənab Dibaiyan bu böyük simanın xatirəsini əbədiləşdirmək üçün aşağıdakı təklifləri etdi:
1. Rüşdiyyənin həyat və fəaliyyətini xalqımızın diqqətinə çatdırmaq üçün bu barədə işlənilmiş bir kitab buraxılmasını “Mədəni əlaqə cəmiyyəti”ndən xahiş etmək;
2. Bu böyük maarifpərvərin mücəssiməsini (büstünü – red.) düzəltdirmək və bütün maarif müəssisələrində görkəmli yerdə qoymaq Maarif Nazirliyindən xahiş edilsin;
3. Təbriz şəhərindəki xiyabanlardan birini onun adı ilə adlandırmaq və həmin xiyabanda onun mücəssiməsini qoymaq şəhər bələdiyyəsi əncümənindən və Milli Hökumətdən xahiş olunsun.
Göstərilən təkliflər müşavirədə iştirak edənlərin gurultulu alqışları ilə qəbul olundu. Müşavirənin rəsmi hissəsindən sonra “Şən uşaq” adlı Sovet filmi göstərildi. Hacı Müdəbbir kimi tanınan Hacı Mirzə Əbdüləli tərəfindən bu mərhumun fəaliyyəti və həyatı barədə edilən məruzənin xülasəsi: “Mərhum Hacı Mirzə Həsən Rüşdiyyə Molla Mehdi Çərəndabi oğlu 1267-ci qəməri ilində (1851-ci ildə - red.) Təbrizdə anadan olub. Atası əslən təbrizli, amma anası ərdəbilliydi. 7 qardaş idilər (bu sıra ilə): Hacı Axund kimi tanınan Hacı Mirzəli, Mirzə Hüseyn Qara, Doktor Əli xan Rüşdi, Mirzə Abbasəli, Mirzə Məhəmmədəli, Mirzə Möhsün və bunların hamısından böyüyü Hacı Mirzə Həsən idi. Hüseyn Qara, doktor Rüşdi ... hələlik Tehrandadırlar, amma qalanı vəfat etmişlər.
Mərhum Rüşdiyyə ibtidai təhsilini atasının yanında ələ gətirib və cavanlığının bu ilində - 1296 qəmri ilində (1879-cu ildə - red.) Beyruta səfər edib və burada fransızların Darülmüəllimində (pedaqoji institutunda – red.) müəllimlik ixtisası almaqla məşğul olub və eyni zamanda yeni üsul təhsillə tanış olub. Oradakı yeni bir üsul ilə əlifba yazıb və mədrsənin rəisinin göstərişi ilə səsli əlifbanı şagirdlərə/tələbələrə tədris edib. Cəmi üç ayın içərisində uşaqlara kamil yazmaq və oxumaq öyrədir. Nəticədə üç ildən sonra (1882-ci ildə - red.) ali bir şəhadətnamə (diplom – red.) ilə İrəvana qayıdıb və orada “Rüşdiyyə” mədrəsəsini təşkil edir. Bir müddət burada qaldıqdan sonra 1311-ci qəməri ilində (1893-cü ildə - red.) İrana (Təbrizə - red.) gedir və Cəbəxana ağzında “Şeyxülislam” mədrəsəsində yeni üsul ilə “Rüşdiyyə” mədrəsəsini yaradır.
Təbrizin valisi mərhum Hacı Əminüddövlə Rüşdiyyənin təzə üsul ilə mədrəsə açdığını eşidir və bir gün şəxsən mədrəsəyə gedir. Mədrəsənin vəziyyətini görür, tədris üsulunu bəyənir və gələcəyinin parlaq olacağını təyin edir. Mərhum Hacı Əminüddövlə maarifpərvər bir adam olduğundan dərhal göstəriş verir ki, Şeşgilanda (Təbriz şəhərindəki məşhur məhəllələrdən biri – red.) Hacağa Bozorg Şirazinin həyətlərini icarə edib mədrəsəni oraya köçürsünlər. Mədrəsənin çox hissələrinin xərclərini də özü öhdəsinə götürür. Beləliklə, 100 nəfərə kimi yoxsul şagirdlər mədrəsəyə qəbul olur, onların yemək-içməklərini, geyimlərini və kitab xərclərini o mərhum ödəyir, mədrəsə üçün yaxşı bir laboratoriya təşkil edir. Mədrəsədə şagirdlərə nahar və çay verirlər. Bir az müddətin ərzində “Rüşdiyyə” mədrəsəsinin sədası hər yanı çulğalayır və get-gedə məktəblərin qapıları bağlanır və şagird dəstələri sel kimi “Rüşdiyyə” mədrəsəsinə axışırdı. Bu zaman mədrəsə inkişafının son dərəcəsinə çatmışdı.
1315-ci qəməri ilində (1897-ci ildə - red.) mərhum Müzəffərəddin şah mərhum Hacı Əminüddövləni və rəhmətlik Rüşdiyyəni Tehrana istədi və orada yeni üsul ilə mədrəsənin binasını (əsasını – red.) qoydurdu. Mərhum Rüşdiyyə Müzəffərəddin şahın dəstəyi ilə mədrəsəni açdı və az zaman içərisində elə şöhrət qazandı ki, şagirdlər oxuduqları məktəbləri tərk edib Rüşdiyənin mədrəsəsinə üz tutdular.
Mərhum Rüşdiyyə bir tərəfdən Müzəffərəddin şahın və Hacı Əminüddövlənin dəstəyinə, o biri tərəfdən də öz yaradıcılığına arxalandığından və şəxsən aydın bir adam olduğundan dərbara (saray – red.), xüsusilə də Mirzəli Əsğər xan Atabəyə (1) heç etina (diqqət – red.) etməzdi. Hətta şahla müzakirə zamanında Atabəylə kobud rəftar edərdi. Nəticədə Atabəy Müzəfərəddin şahı məcbur elədi ki, Rüşdiyyəni sürgün etsin. Müzəffərəddin şah yumşaq xasiyyətli bir adam olduğundan və eyni zamanda sədr əzəm (Atabəy nəzərdə tutulur – red.) ondan inciməsin deyə, naçar mərhum Rüşdiyyəni yanına çağırıb ona səfər təklifi etdi.
Mərhum Rüşdiyyə əsəbi bir halda bildirdi ki, “mən İranı tərk etməyə çox məmnunam, ondan ötrü ki, bir məmləkətin şahı sən olasan və sədr əzəmi də Mirzəli Əsğər xan, mən o məmləkətdə yaşamağı özümə eyib və ar bilərəm. Amma başqa bir çıxış yolum olmadığından səfər etməyə məcburam”. Şah soruşdu ki, “hara meylin var səfər edəsən?” Mərhum Rüşdiyyə cavab verdi ki, “zalımın əlindən məzlum hara pənah aparar? Məlumdur ki, Allahın evinə!”
Nəhayət, onu səfərə məcbur etdilər. Həqiqətdə isə onu sürgün elədilər. Mərhum Rüşdiyyə bir müddər Məkkeyi-müəzzimə (böyük Məkkə – red.), Mədinə, Akka, Hayfa, Beyrut, Şamat və Beytül-Qüdsdə səyahət edib Məşrutədən qabaq mərhum Hacı Əminüddövlənin vəsatəti ilə İrana qayıtdı. Məşrutənin o ilində rahat oturmayıb qəzet vasitəsi ilə müstəbidlərlə mübarizəyə başladı. O, azadlıqsevərlərlə həmfikir idi.
Rüşdiyə onun təlimatı və zəhmətləri nəticəsində çoxalmış mədrəsələrdə təlimə başlamaqla, qəzetlər yazmaqla xalqın fikrini oyandırırdı. Elə ki, Məhəmmədəli şah səltənətə yetişdi (taxta çıxdı – red.), mərhum Rüşdiyyəni Kəlata (2) sürgün etdi. Rüşdiyyə orada da rahat oturmayıb məktəb açdı, təlim və tərbiyə sahəsini ələ aldı. Eyni zamanda o, yenə azadlıq uğrunda çalışırdı. Elə ki, Məhəmmədəli şah süqut etdi və Məşrutə bərqərar oldu, Rüşdiyyə Kəlatdan Tehrana qayıdıb Maarif Nazirliyində işə qəbul olundu və Darülfünunda (Universitetdə - red.) tədrislə məşğul oldu.
Mərhum Rüşdiyyə 37 cild kitab, o cümlədən də “Ana dili”, “Bədayətül-təlim”, Kifayətül-təlim”, “Nəhayətül-təlim”, “Təkmilətül-sərf”, “Təhsil əl-hesab” və “Səsli əlifba” kimi mühüm kitablar yazıb. Bu kitabların hər biri özlüyündə çox dəyərli əsər olmaqla İran maarifinə böyük xidmətlər göstərib və indiki maarifin təməli (bünövrəsi – red.) hesab olunur.
Mərhum Rüşdiyyə yalnız Azərbaycanın deyil, eyni zamanda bütün İranın məşhur ədiblərindən olub və İran maarifində yeni üsulun (üsuli-cədid – red.) yaradıcısıdır. Rüşdiyyə 1305-ci şəmsi ilində (1926-cı ildə - red.) qocalıq səbəbilə Maarif Nazirliyində işdən kənarlaşdırılmış, təqaüdə çıxmış və Qum şəhərinə mühacirət edərək ömrünün qalan hissəsini Həzrəti-Məsumənin dəfn olunduğu ərazidə iqamət etmişdir. Amma o, maarif üçün yarandığından heç vaxt müəllimlikdən əl çəkmədi və həmişə o qocalıqla belə yenə mədrəsələrə baş çəkib bildiklərindən müəllimlərə ifadə yetirirdi. Amma necə ki, hamımız bilirik, İran milləti onun sağlığında qədrini bilmədilər. Bununla belə ümidvaram ki, Azərbaycan övladı yeni hökumətimizin başçılığı ilə öz şanlı həmvətənlərinin qədrini və qiymətini bilib onun mücəssiməsini institutda quraşdırsınlar. Mərhum Rüşdiyyə 1323 şəmsi ilində (1944-cü ildə - red.) 93 yaşında dünyasını dəyişib və onun vəfatı İran maarifi tarixində böyük itkilərdən hesab olunur. Allah rəhmət eləsin.”
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 207, 24 may 1946
1 - “Əmin əl-Sultan” ləqəbli Mirzə Əli Əsğər xan Atabak (1236-cı ildə Tehranda anadan olmuş - 1286-cı ildə Tehranda da vəfat etmişdir) üç Qacar padşahlarının - Nəsrəddin şah, Müzəffərəddin şah və Məhəmməəli şahın dəftərxana müdiri (sərd əzəm) olmuşdur.
2 - Kəlat müasir İranın inzibati-ərazi bölgüsünə uyğun olaraq Rəzəvi Xarasan əyalətində (ostan) “Min məscid” dağları arasında Məşhəd şəhərinə 145 km olan bir məsafədə yerləşir.
***

Baba oğlu: "Təbrizim"

Ey gözəl Təbrizim, ey əziz şəhər!
Bilirəm başına gəlibdi nələr ...
Keçmiş hökmranlar, zalım sultanlar,
Zülm ilən sorublar qanını xanlar.
Vüqarla dözmüsən hər cür zillətə,
Bir ana olmusan bütün millətə!
Başının üstünü aldıqca duman:
Parlamış şimşək tək igid Səttarxan!
Əldə silah, azadlıq sözü dildə
Azad millət sözü milyon könüldə
Bir məşəl olaraq göylərə qalxmış,
Azad yurda, azad elə alqış!
Zülm zindanını yıxdın təməldən
Azadlıq sevmisən çünki əzəldən!
Yox duman artıq başında, Təbrizim!
Qüssə, qəm yoxdur qarşında, Təbrizim!
İndi günəş salamlayır baxginən, səni!
Ey Azər yurdunun azad gülşəni!
Sən Azərilərin doğma diyarısan
Cümlə Şərq millətlərinin iftixarısan!
Cəngavər fədai, fəxri millətin
Keşiyində durubdur hurriyətinin
Xalqın cahücəlalı, milləti ordu
Azad vətən! deyə sıraya durdu
Yaşa Azərbaycan, Azəri yurdu!
Yaşa igid əsgər, yaşa gənc ordu!
Yaşa demokrat firqəsi, minlərcə yaşa!
Azadlıq şüarını sən vurdun başa!
Yeni Milli Hökumətə əbədi eşq olsun,
Yaşasın xalq üçün, bəxtiyar olsun!
Çalınsın kamança , tar, qoşa zurna,
Ucalsın alqışlar Azər yurduna!
Təbrizim, bayramdır gəl çal, gül, oyna!
Mən də şahidəm sənin bu gün toyuna
Bir doğma qardaş tək əlimdə xonça
Süleyman demişkən, baxım doyunca
“Hüsnünə Təbrizim, gözəl Təbrizim!”
Yox artıq başında duman, Təbrizim!
Mən də şahid oldum sənin toyuna
Qurbanam sənin igid boyuna!

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 159, 28.03.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.