• 3 Avqust 2020
logo
“Mən çənəmi qoruyuram, sənə nə?”

“Mən çənəmi qoruyuram, sənə nə?”

Karantin rejimin qaydalarına əməl etmək, evə qapanmaq, alış-verişini, gəzintini ikicə saatın sərhədləri çərçivəsinə sığışdırmaq, sosial həyatdan, doğmalarla, dostlarla vaxt keçirməkdən məhrum olmaq asan deyil. Bunu şüuru olan hər kəs başa düşür, zənnimcə. Amma COVİD-19-u ölkəmizə nə bu virusa qarşı mübarizəni təşkil və idarə edən dövlət qurumları, nə gecə-gündüz bilmədən insanların həyatını xilas etmək, sağlamlıqlarını qorumaq üçün öz həyatlarını təhlükəyə atan həkimlər, nə də media nümayəndələri dəvət etməyiblər, ayaqları altına xalı sərilməyib, qarşılama mərasimi keçirilməyib. Sosial şəbəkələrdə COVİD-19-u vəsf edən 5-10 statusu, həvəskar şairlərin poeziyanın atasını yandıran cızma-qaralarını istisna etsək, Azərbaycanda bir kimsə bu virusa “xoş gəldin” deməyib. Və koronavirusa yoluxma hallarının azaldılması, bu qlobal bəlaya son qoyulması istiqamətində aparılan mübarizədə aktiv və passiv şəkildə iştirak edən hər kəs çalışır ki, təhlükə tez bir zamanda sovuşsun, insanlar rahat nəfəs alsın, iqtisadi fəallıq bərpa olunsun, büdcə gəlirləri artsın... Kəsəsi, normal insan həyatına qayıda bilək.
...Amma proses uzanır, yoluxma halları artır və bu səbəbdən karantin rejimi sərtləşdirilir, məhdudiyyətlər tətbiq olunur və təbii ki, bütün bunlar hətta bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatının, Operativ Qərargahın, TƏBİB-in yoluxma hallarının qarşısının alınması üçün müəyyənləşdirdikləri qaydaların, çağırışların vətəndaşlara izah edilməsində, təbliğində fəal iştirak edən insanların da əsəblərini tarıma çəkə bilir. Və nəticədə “cadugər axtarışı”na başlanılır.
Məsələn, istedadına və peşəkarlığına sayğı duyduğum həmkarlarımdan biri TƏBİB-in payızda vəziyyətin daha da pis ola biləcəyi barədə xəbərdarlığını “xox gəlmək” kimi dəyərləndirir və qeyd edir ki, “əgər daha da pis olacağsa və hamımız payızda qırılacayıqsa, onda nə mənası var bu karantinin, açın-tökün hər yeri, ölümqabağı biraz şellənək, ürəklərdə o qədər son arzular var ki”.
Əvvəla mən informasiyanın epidsentrində olan bir media təmsilçisi kimi TƏBİB-in, yaxud hansısa digər dövlət qurumunun “payızda hamının qırılacağı” barədə proqnoz verdiyini xatırlamıram. Payızda virusun ikinci dalğasının ola biləcəyi barədə xəbərdarlıqlar isə dünyanın bir sıra nüfuzlu mikrobioloqları, ÜST-ün ekspertləri, ayrı-ayrı ölkələrin rəsmiləri, hətta dövlət başçıları tərəfindən səsləndirilib. Bunun da səbəbi payız aylarında respirator infeksiya və virusların yayılması üçün daha əlverişli hava şəraitinin olmasıdır. O ki qaldı payızda COVİD-19 virusunun ikinci dalğasının baş verə biləcəyi ehtimalının qarşılığında tövsiyyə edilən və “sarkazm ədviyyatı” bir az çox düşən mülahizələrə, o cümələdən “açın-tökün hər yeri” məsləhətinə, qənaətimə görə, belə bir addımın atılacağı təqdirdə bizi hansı faciələrin gözlədiyini təsəvvür etmək üçün obrazlı düşüncənin dibinə varmağa ehtiyac yoxdur. Yoluxma halları ən azı bir neçə yüz və bəlkə də min dəfə artacaq, nəinki insanların həyatlarını xilas etmək, heç cəsədləri dəfn etmək üçün belə adam tapılmayacaq. İndi TƏBİB, yaxud Operativ Qərargah nə etməlidir? Kimlərsə “şellənsin” deyə bütün ölkəni ölümcül virusun cənginə buraxmalıdır?
COVİD-19 yayılanadək komminikasiyanın az qala işıq sürətilə inkişaf etdiyi müasir dünyada bu virusa qarşı mübarizəni təşkil etmək üçün heç bir ölkənin təcrübəsi olmayıb. Əksər ölkələrdə yumşalmalardan sonra yaranmış vəziyyətə uyğun olaraq karantin rejimləri yenidən bərpa edilib, bəzilərində isə hətta fövqəladə hal elan olunub.
Azərbaycanda isə xüsusi karantin rejiminin tətbiq edildiyi ilk mərhələdə ölkənin səhiyyə müəssisələri virusla mübarizəyə hazır vəziyyətə gətirilib, yeni, o cümlədən modul tipli xəstəxanalar tikilib, maska və digər qoruyucu vəsiatlər, dezifeksiya məhsulları istehsal edən müəssiələr açılıb...
Bütün bunlar olmasaydı, nə baş verəcəkdi?
Ölkəmizdə koronavirusa qarşı mübarizə metodlarının “effektivsizliyindən və məntiqsizliyindən” gileylənən hörmətli həmkarım hesab edir ki, çimərliklər açılmalı, insanlara istirahət mərkəzlərində dincəlmək imkanı verilməlidir. Və bütün bunlardan sonra bildirir ki, “maska nəzarəti təmin olunmayıb”. Maraqlıdır, görəsən həmkarımın qısa yolla ifadə etməyə çalışdığı “maskadan istifadəyə nəzarət” necə təmin olunmalıydı? Ölkənin irili-xırdalı bütün marketlərində, apteklərdə, yaşayış binalarının həyətlərində, istisnasız olaraq bütün küçə, dalan və döngələrdə, banklarda və fəaliyyətinə icazə verilən digər yerlərdə bir, yaxud bir neçə polis əməkdaşı keşik çəkməliydi ki, insanlar maskadan istifadə etsinlər? Axı vətəndaşlar ilk növbədə özlərinin, döğmalarının sağlamlıqlarının qorunmasına xidmət edən bir vasitədən nə üçün məcburiyyət qarşısında, cərimələrdən yayınmaq üçün istifadə etməlidirlər? Yalnız polis görəndə maska taxan, məsafə gözləyən adamlara – onların sayı kifayət qədər çoxdur – güvənərəkmi hər yeri açıb-töksünlər və onlar da maskasız-filansız “şellənərək” bütün ölkəni virusa bulaşdırsınlar?
Maraqlıdır, karantin rejiminin qaydalarına heç bir halda əməl etməyən, yaşadıqları binanın damında kabab çəkənlərin, yas mərasimlərində ağız-ağıza öpüşüb ağlaşanların, “karantinin açığına” gizlincə kafe və restoranlarda, evlərdə kütləvi əyləncə, kef məclisləri keçirənlərin, maska taxanlara, sosial məsafə saxlayanlara istehza edənlərin, onları məsuliyyətə dəvət edənləri aşağılayanların... heç günahı yoxdu? Bütün suç TƏBİB-dədi, Operativ Qəragahdadı, polisdədi, hətta həkimlərdə, tibb işçilərindədir?
Bir gün öncə marketlərin birində maskanı çənəsinə taxan 30-35 yaşlarında birinə “maskanın çənəyə heç bir faydası yoxdur” dedim. Bilirsiniz nə cavab verdi?
- Mən çənəmi qoruyuram, sənə nə?
Əlacsız qalıb, “sən elə çənəni qorusan yaxşıdır” dedim, “heç olmasa hərəkətə gəlib ətrafı viruslu sözlə bulaşdırmayacaq”.
Bu “stresin, gərginliyin, əsəbin” tez bir zamanda virusla birlikdə yox olmasını hər kəsdən çox COBİD-19-la mübarizə prosesini idarə edənlər arzulayır. Ən azı yersiz tənələrdən, ittihamlardan, atmacalardan xilas olmaq üçün...

Elçin Mirzəbəyli