• 21 Sentyabr 2020
logo
Azərbaycanlı alim vəfat etdi

Azərbaycanlı alim vəfat etdi

Görkəmli geoloq alim, Əməkdar elm və texnika xadimi, “Şöhrət” ordenli, AMEA-nın müxbir üzvü Kərim Kərimov aprelin 15-də 87 yaşında vəfat edib.

Kərim Kərimov 1933-cü ildə Ağdam şəhərində anadan olub. O, 1964-cü ildə namizədlik, 1978-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1990-cı ildə geofizika üzrə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Professor K.Kərimovun elmi fəaliyyətinin əsas istiqamətlərini seysmologiya, geoloji qu­ru­luşun öyrənilməsi və geofiziki üsullarla neft-qaz yataqlarının axtarışı təşkil edirdi. Alimin Azərbaycanın neft sənayesinin inkişafında da xüsusi xidmətləri olub. Onun rəhbərliyi altında 1993-1995-ci illərdə Azərbaycanda uzunluğu 100-120 km 6-7 strukturdan ibarət yeni bir neft qazlı tektonik zona aşkar edilib və ümummilli lider Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərliyə qayıtması münasibətilə ona “Qayıdış” adı verilib.

Prof. K.Kərimov həm də orijinal palitraya malik istedadlı rəssam idi. O, minlərlə karikaturanın müəllifi idi. Bu əsərlərin başlıca mövzusunu Ermənistanın Azərbaycana qarşı apardığı siyasət və onun acı nəticələri təşkil edirdi. K.Kərimov öz əsərlərində terrorizmi, narkomaniyanı, irqçiliyi, ədalətsizliyi, erməni zülmünü ustalıqla ifşa edirdi. İndiyədək rəssamın dünyanın müxtəlif ölkələrində 18 fərdi sərgisi keçirilib.