• 18 Aprel 2024
logo
Bahalaşan neft və gəlirləri artan Neft Fondu

Bahalaşan neft və gəlirləri artan Neft Fondu

Ötən ilin yekunlarına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 45 milyard ABŞ dollarını üstələyib və fondun yaranma tarixindən etibarən investisiya fəaliyyəti çərçivəsində əldə olunan gəlir 10,2 milyard ABŞ dolları təşkil edib. Neft Fondunun məlumatına görə, 2021-ci il ərzində fondun büdcə gəlirləri 15 milyard 985,6 milyon manat, büdcə xərcləri isə 11 milyard 382,7 milyon manat təşkil edib. Ötən il Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 698,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 milyard 894,6 milyon manat, bonus ödənişləri 776,9 milyon manat, akrhesabı ödənişləri 5,3 milyon manat, tranzit gəlirləri 21,4 milyon manat təşkil edib. Göründüyü kimi, keçən il fondun gəlirləri xərclərini üstələyib ki, bu da dünya bazarında neftin qiymətlərinin hətta proqnozlardan da yüksək olması ilə bağlıdır.
Bu il yanvarın 1-nə fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 milyard 564,3 milyon ABŞ dolları) nisbətən 3,35 faiz artaraq 45 milyard 25,1 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Keçən il fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3 milyard 287,4 milyon manata bərabər olub ki, bu da ümumi gəlirlərin 20,56 faizini təşkil edir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Neft Fondunun büdcədənkənar xərci 2,120 milyard milyon manat olub.
Neft Fondu dövlət büdcəsinin gəlirlərinin təmin olunmasında başlıca mənbə olaraq qalır. Ötən il fondun büdcəsinin icrası çərçivəsində 11 milyard 350 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə 10,2 milyon manat yönəldilib. 2021-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 22,5 milyon manat təşkil edib.
Bunlarla belə, 2022-ci ildə Neft Fondunun xərclərinin gəlirlərindən çox olacağı gözlənilir. Belə ki, bu il fondun gəliləri 10,6 milyard manat, xərcləri 12,8 milyard manat proqnozlaşdırılıb. Ancaq gəlirlər dünya bazarında neftin qiymətlərindən asılı olaraq daha yüksək də ola bilər. Fonddan 2022-ci ilin dövlət büdcəsinə transfertin yuxarı həddi 12,7 milyard manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 27,8 milyon manat, “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında nəzərdə tutulan Dövlət Proqramının maliyyələşdirilməsi 17,850 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 34 milyon manat nəzərdə tutulur.
Bu il neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən fonda 765,3 milyon manat bonuslar ödəniləcək. Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir 1,217 milyard manat, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir 23,3 milyon manat, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişlərindən 5.3 milyon, Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirin 8,6 milyard manat həcmində gözlənilir.
Neft Fondu yaranandan indiyədək dövlət büdcəsinə 123,5 milyard manat ödəyib. 2022-ci ildə gəlirlərində artım nəzərdə tutulan və 30 milyad manata yaxın xərcləri olacaq dövlət büdcəsində neft amili nühüm rol oynayacaq. Belə ki, dövlət büdcəsinin gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaların artımını 2021-ci ilin təsdiq olunmuş göstəricisi (Mərkəzi Bankın mənfəətindən ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert çıxılmaqla) ilə müqayisədə 1,8 milyard manat və ya 19,3 faiz artımla nəzərdə tutulur.
ARDNF 2001-ci ildən başlayaraq Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə 2,7 milyard manat vəsait ayırıb. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul, Balakən, Qazax, Zaqatala, Tərtər, Göyçay, Ucar və Kürdəmir və Samux rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Şirvan şəhərlərində, Bakının Pirallahı, Sabunçu və Abşeron və Binəqədi rayonlarında habelə, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı, Fatmayı, Kürdəxanı və Ümid qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilib. Məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri ilə bağlı işlərin sifarişçisi kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu çıxış edib.
Hər halda hazırda dünya bazarında 90 dollar olan neftin qiymətləri Azərbaycan üçün çox əlverişlidir. Çünki Neft Fondunun timsalında ölkənin gəlirləri artır, valyuta ehtiyatları çoxalır, makroiqtisadi sabitlik üçün təhlükəsizlik yastığı daha etibarlı olur. Nəzərdən qaçırmaq olmaz ki, büdcə gəlirlərinin 52,4%-i neft sektorunun hesabına nəzərdə tutulur ki, bu da kifayət qədər böyük rəqəmdir – 14 milyard manata yaxın. 2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülüb. Deməli, indiki qiymətlər fonunda gəlirlər proqnozlardan artıq olacaq. Çünki bu il pandemiyanın azalması ilə dünya iqtisadiyyatında artım, iqtisadi aktivliyin yüksəlməsi gözlənilir. Bütün bunlar isə dövlət büdcəsində neftin qiymətini 45 dollar götürən Azərbaycan üçün nikbin olmağa, dövlət büdcəsinin gəlir və xərclərinin təmin olunacağını, nəzərdə tutulan sosial ödəmələrin vaxtında həyata keçiriləcəyini söyləməyə əsas verir. Bu il də oxşar proses baş verdi. Belə ki, 2021-ci ilin bübcəsində neftin qiyməti 40 dollar nəzərdə tutulduğu halda, qiymətlər yüksək oldu. Nəticədə büdcə gəlirlərinin təmin olunmasında və xərclərin icrasında hər hansı çətinlik yaranmadı.
Bahalı neftin sayəsində ötən il ölkənin strateji valyuta ehtiyatları 2,5 milyard dollara yaxın artaraq 53,2 milyard dolları ötüb və xarici dövlət borcunu 6 dəfədən çox üstələyib. Bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub. Orta illik inflyasiya 6,7 faiz, o cümlədən ərzaq inflyasiyası 8,1 faiz, qeyri-ərzaq inflyasiyası 5,1 faiz təşkil edib. İnflyasiyanın illik səviyyəsi 12 faiz olub. 2021-ci ilin makroiqtisadi göstəricilərinə əsasən ümumi daxili məhsulun 5,6 faiz artıb və onun həcmin 92,8 milyard manat təşkil edib. Qeyri-neft sektoru üzrə artım 7,2 faiz olub, sənaye istehsalı 5,2 faiz, qeyri-neft sənayesi isə 18,9 faiz artıb.
Onu da qeyd edək ki, BVF-nin 2022-ci il üçün proqnozuna əsasən qlobal ÜDM artımı 4,9% olacaq. ÜDM-in artım tempi iqtisadiyyatın bütün sahələrinin çətin səhiyyə vəziyyətinə davamlı uyğunlaşmasını əks etdirir. Yaxşılaşdırılmış proqnozlar pandemiya ilə mübarizədə bir sıra ölkələrdəki əlavə maliyyə dəstəyinin nəticələrinə və iqtisadiyyatın gözlənilən bərpa göstəricilərinə əsaslanır. Asiya İnkişaf Bankı 2022-ci ildə Azərbaycan iqtisadiyyatının artımını 2,5 faiz səviyyəsində proqnozlaşdırır. Azərbaycanın öz proqnozlarına görə, ÜDM 2021-ci ildə 4,6%, 2022-ci ildə 4%, 2023-cü ildə 5,3%, 2024-cü ildə 3,7% və 2025-ci ildə 3,1% artacaq.
Mahir Həmzəoğlu