• 5 İyul 2022
logo
Arı ailələri və arıçılar Kəlbəcər və Laçın dağlarında...

Arı ailələri və arıçılar Kəlbəcər və Laçın dağlarında...

Qarabağ balı xarici bazarlara çıxarıla və yaxşı qazanc əldə oluna bilər

Düşmən işğalından azad edilmiş Laçın və Kəlbəcər rayonunun yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsinə başlanıb. Köç prosesi pilot layihə çərçivəsində həyata keçirilir. Pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, sürülərin və arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib. Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub. Öz təsərrüfatlarını Kəlbəcər yaylağına köçürməyə razılıq vermiş fermer təsərrüfatlarının əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, dislokasiya bölgəsində davranış qaydaları izah edilib. Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrinin iştirakı ilə həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət və Heyvandarlığın təşkili və monitorinqi şöbələri yaylaq mövsümü dövründə Kəlbəcər ərazisinə köçürülmüş qoyunçuluq və arıçılıq təsərrüfatlarının fəaliyyəti, vətəndaşların dislokasiya ərazilərində tətbiq olunan qaydalara riayət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitorinq aparacaq. Pilot layihənin məqsədi ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcər rayonunda yaylaqlardan istifadə imkanlarını dəyərləndirmək, riskləri müəyyənləşdirmək, buna uyğun olaraq növbəti illərdə daha çox sayda təsərrüfatın Kəlbəcər yaylaqlarına köçünü təmin etməkdir.
İşğaldan azad edilmiş Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün çox əlverişlidir. Rayonun Sarıyer, Söyüdlü, Qoşadaş və digər yaylaqlarında zəngin ehtiyat bitki örtüyü mövcuddur. Hazırda bölgənin bitki örtüyü ehtiyatlarının qoyunçuluq və arıçılığın inkişafı baxımından dəyərləndirilməsi davam edir. İşğaldan azad olunmuş rayonlar arıçılığın inkişafı üçün böyük potensiala malikdir və çox perspektivli sahədir. Bölgənin bitki örtüyü ehtiyatları arıçılığın inkişafı baxımından əlverişlidir. Artıq azad edilmiş ərazilərdəki yaylaqlara ümumilikdə 4068, o cümlədən Laçın yaylaqlarına 531 arı ailəsi olmaqla 15 arıçılıq təsərrüfatı köçürülüb .
Qarabağ arıçılığın inkişafı baxımından əlverşli təbii-iqlim şəraitinə və bal verən zəngin bitgi örtüyünə malikdir. Öz növbəsində, arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli sahədir, əhalinin sağlamlığını qoruyan qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi, həmçinin kənd təsərrüfatının digər sahələrində məhsuldarlığın yüksəldilməsinə ciddi töhvə verən müsbət ekoloji amildir. Arıçılıq elə bir kənd təsərrüfatı sahəsidir ki, onun inkişafı ətraf mühitin heç bir resursunu azaltmır, əksinə, biomüxtəlifliyin qorunmasına, kənd təsərrüfatı bitkilərinin daha yaxşı tozlandırılmasına və bununla da keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsinə ciddi töhvə verir.
“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib ki, bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərir. Arıçılar bir araya gələrək Azərbaycan Arıçılar Assosiasiyası yaradıblar. Dövlət arıçılra maliyyə dəstəyi göstərir, güzəştli şərtlərlə mikrokreditlər verir, subsidiya ayıırır. 5 il ərzində hər arı ailəsinə görə arıçılara 10 manat subsidiya verilir. Hər arıçılıq təsərifuatında təqribən 100-150 arı ailəsi olur, bu hesabla dövlətdən hər il 1000-1500 manat yardım alır, bu da onların dərmanlanmasına və qışda yemləməsinə böyük köməkdir.
Azərbaycanda arıçılıq son illər inkişaf etməyə başlayıb. Əgər 2000-2005-ci illərdə ildə 600 ton bal istehsal edlmişdisə, 2015-ci ildə 2,6 min ton, 2017-ci ildə 3 min, 2018-ci ildə 5 min, 2019-cu ildə 5,8 min tona yüksəlib. Azərbaycanda yaxın gələcəkdə bal istehsalının ildə 10 min tona çatdırılması nəzərdə tutulur. Amma ölkənin potensial imkanları daha yüksək qiymətləndirilir. Belə ki, keçmiş sovetlər dönəmində ölkəmizdə ildə 15 min ton bal istehsal edilirdi.
2000-2019-cu illərdə ildə Cəbrayıl, Füzuli, Ağdam, Xocalı, Şuşa, Xocavənd, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları üzrə arı ailələrinin sayı sayı 32,6 dəfə, 2010-cu ilə nisbətən 2019-cu ildə 3,8 dəfə, 2018-2019-cu illərdə əvvəlki illərə nisbətən 2,2 dəfə artıb. 2019-cu ildə bu rayonlar üzrə arı ailələrinin sayı 60 minə yaxın olub və ölkə üzrə payı 10,56 faizini təşkil edib. Azərbaycanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmış və tezliklə öz doğma yurd-yuvalarına dönməyə hazırlaşan arı ailələrinin sayı ölkə üzrə arı ailələrinin sayındakı payı da 3,4 dəfə çoxalıb. Bu rayonlar üzrə arı ailələrinin yarıdan çoxu Kəlbəcər və Laçın rayonlarının payına düşür. Bütün bunları nəzərə alsaq Qarabağda arıçılığın inkişafı üçün böyük potensial var. Belə ki, buna həm təbii şərait var, həm də Qarabağ balı yüksək keyfiyyətinə görə daha rəqabətqabiliyyətli olacaq. Öölkədə bal istehsalı artacaq ki, bu da həm yerli bazarda bala təlbatı ödəmək baxımından əhəmiyyətlidir, həm də xarici bazarlara yeni ixrac imkanları deməkdir. Laçın və Kəlbəcər balı Avropa və Ərəb ölkələrinin, Yaponiya və Çinin “niş” və ya “premium” bazarlar üçün “Eko” (BİO) və ya “Orqanik” məhsul kimi çıxarıla, yaxşı qazanc əldə edilə bilər.
Azərbaycan balın əsas hissəsini Yaponiyaya satır - ildə 8 ton. İldə 4-5 ton da BƏƏ (5 ton), Qətər (400 kq) və Böyük Britaniya (450 kq) satılır. Qiymətlərə gəldikdə isə Azərbaycan balı Yaponyaya 12,5 dollara (21,25 manat), ərəb ölkələrinə isə 13 dollara (22,1 manat) satılır İngiltərədən olan şirkət isə Azərbaycan balı 18-20 manata alıb. İxracatçıların əsas problem qiymətin yüksək olmasıdır. Qiymətin baha olması məhsuldarlığın aşağı və maya dəyərinin isə yüksək olması ilə əlaqədardır. Məhsuldarlığın az olmasının səbəbi təcrübənin az olmasıdır. Azərbaycanda arıçılıq fərdi qaydada inkişaf edib, yəni sistemli iri təsərrüfatlar yox səviyyəsindədir. Halbuki, xarici ölkələrdə bal istehsalını artırmaq üçün müxtəlif üsullardan istifadə edilir. Onlardan biri arılar olan ərazilərdə xüsusi nektarlı bitkilərin əkilməsidir. Belə alda arıların bal toplaması üçün daha böyük imkanlar olur.
Arıçılığın inkişafı üçün ekstensiv yolla arı ailələrinin sayını artırmaq, intensiv yolla arı ailələrinin məhsuldarlığını artırmaq və arıçılığın yem bazasını gücləndirmək tələb olunur. Respublikamızda mövcud “Boz Qafqaz”, “Sarı Qafqaz” arı cinsləri, “Qabaqtəpə” və “Qonaqkənd” arı populyasiyalarının cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər artırılmalıdır. Dövlət Statistika Komitəsinin 2020-ci ilin yanvar ayının 1-ə olan məlumatına görə respublikasında 542,8 min arı ailəsi (vahid) mövcuddur. Azərbaycan Respublikası ərazisində bir arı ailəsinin orta illik məhsuldarlığı hava şəraitinin əlverişli olduğu illərdə 10-12 kq, əlverişsiz olduğu illərdə isə 3-5 kq-dır. Keçən il hər arı ailəsindən orta hesabla 9,8 kq olmaqla 5,8 min tona yaxın bal istehsal olunmuşdur. Arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığın yüksəlməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan balın mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etketləmə məsələləridə həyata keçrilməlidir. Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizinin Azərbaycanın payına düşdüyünü nəzərə alsaq, respublikamızda bu sahədə böyük potensial imkanların və prespektivlərin olduğunu aydın görürük. Hər il ardıcıl olaraq arıçılıq məhsullarının sərgi-satış yarmakaları keçrilir ki, bu da arıçıların maddi imkanlarının yaxşılaşmasına şərait yaradır. Qarabağda da arı ailələrinin sayını artırmaqla, məhsuldarlığı yüksəltməklə və arıçılığa qeyd olunan dövlət dəstəyi ilə bu bölgədə bal istehsalını bir neçə dəfə artırmaq, hətta kiçik ailə təsərrüfatları yaratmaq və gəlir əldə etmək mümkündür.
Mahir Həmzəoğlu