• 19 Sentyabr 2020
logo
Azərbaycanda ixrac təşviqinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarlara 23,2 mln. manat ödənilib

Azərbaycanda ixrac təşviqinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarlara 23,2 mln. manat ödənilib

Azərbaycanda 1 mart 2016-cı il tarixindən tətbiq edilən ixrac təşviqinin ödənilməsi mexanizmi çərçivəsində 2 947 müraciət daxil olub, aparılan araşdırmalardan sonra 2 883 məktub-sərəncam verilib.

“APA-Economics”in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (Azpromo) İxracın təşviqi departamentinin direktor müavini Tural Hacılı deyib.

O bildirib ki, bu dövr ərzində 365 mln. ABŞ dolları dəyərində ixrac olunan məhsullara görə sahibkarlıq subyektlərinə 23,2 mln. manatdan çox ixrac təşviqi ödənilib. İndiyədək ixrac təşviqi mexanizmindən yararlanan sahibkarlar 145 sahibkar məhsullarını Almaniya, ABŞ, Böyük Britaniya, İsrail, İsveç, İtaliya, Kanada, Küveyt, Avstraliya, Belçika, BƏƏ, Cənubi Koreya, Belarus, Çexiya, Çin, Fransa, Yaponiya və digər ölkələrə ixrac edib.

“Hazırda ixrac təşviqinin ödənilməsi prosesinin elektronlaşdırılaraq müvafiq məlumat bazalarına inteqrasiya olunması hesabına ixracatçılar üçün daha rahat, həmçinin ödənilən vəsaitlərin səmərəli istifadəsinin təmin olunması baxımından daha səmərəli mexanizm kimi təkmilləşdirilməsi üzərində işlər aparılır”, - deyə T. Hacılı bildirib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında qeyri-neft ixracına görə ixrac təşviqinin ödənilməsi məqsədilə sahibkarlardan daxil olan 634 müraciətə baxılıb və onlardan 627-nə məktub-sərəncam verilib. Bu dövr ərzində ixrac olunan məhsulların dəyəri 111 mln. dollar, ixrac təşviqinin məbləği isə 6,3 mln. manat təşkil edib.

“Bu dövrdə ixrac təşviqi mexanizmindən 80 sahibkarlıq subyekti yararlanıb və dünyanın 20 ölkəsinə ixrac təşviqi şamil edilən Azərbaycan istehsalı olan qeyri-neft məhsulları ixrac edilib. İxracına görə ixrac təşviqi ödənilən məhsullar arasında qabığı təmizlənmiş meşə fındığı, təzə xurma və nar, şərablar və digər spirtli içkilər, konserv məhsulları, şirələr, mürəbbələr, souslar, pambıq ipliyindən hazırlanan məmulatlar üstünlük təşkil edib”, - deyə T. Hacılı əlavə edib.