• 2 İyul 2025
logo
Azərbaycan Dünya İqtisadiyyat Forumunun gənclər şəbəkəsinin İllik Yığıncağında təmsil olunub

Azərbaycan Dünya İqtisadiyyat Forumunun gənclər şəbəkəsinin İllik Yığıncağında təmsil olunub

“Global Shapers” İcmasının Şamaxı bürosunun rəhbəri Ülvi Məmmədov İsveçrənin Cenevrə şəhərində keçirilən Dünya İqtisadiyyat Forumunun “Global Shapers” icmasının 2024-cü il üzrə İllik Yığıncağında iştirak edib.

Cenevrə şəhərində keçirilən “Global Shapers” icmasının illik yığıncağı açılış mərasimi ilə start verilib. Açılış mərasimində Dünya İqtisadiyyat Forumunun təsisçisi və rəhbəri Professor Klaus Şvab iştirak edib. Daha sonra yığıncağda cari ilin hesabatı dinlənilib. Yığıncağın növbəti günlərində 2024-2025-ci illərin əsas prioritetləri müəyyənləşdirilib və dəyişiliklər edilib.

Açılış plenar iclası Global Shapers İcmasının rəhbəri Natali Pirs tərəfindən idarə olundu. O, rəhbərlik etmək cəsarətini və hərəkətə keçmək cəsarətini nümayiş etdirdi.

Qeyd edək ki, Azərbaycanın bu tədbirdə yeganə təmsilçisi Ülvi Məmmədov Dünya İqtisadiyyat Forumunun gənclər icmasının Şamaxı mərkəzinin kuratorudur.

Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci illərdə akademik Klaus Şvab tərəfindən yaradılmış kiçik bir qrupdan, hazırda 2,500 iştirakçını qonaqlayan nəhəng təşkilata çevrilib. Hər il Forumun illik görüşü İsveçrənin Davos şəhərində keçirilir. Forumun gedişatı zamanı artıq bir neçə ildir ki əsas fəaliyyətlərdən biri kimi “Shaping Davos” fəaliyyəti həyata keçirilir. “Shaping Davos” dünya sakinlərinin Dünya İqtisadi Forumunun spikerləri ilə dialoqunun təşkili üçün bir vasitədir. “Shaping Davos” Dünya İqtisadi Forumunun gənclər platforması olan “Global Shapers” tərəfindən icra olunur.

Forumun bir təşəbbüsü olaraq, WEF-in tərkibindəki Global Shapers İcması 150 ölkədə fəaliyyət göstərən və 500-dən çox icmada yerləşən mərkəzləri olan, 30 yaşdan kiçik 10,000-dən çox gənc liderdən ibarət bir icmadır. Global Shapers, şəhərlərində dəyişiklik mərkəzi olmaq, hazırkı və gələcək dünyanı formalaşdırma missiyasını irəlilədən təsirli layihələr həyata keçirmək məqsədi daşıyır. Global Shapers illik sammiti hər il Cenevrədə keçirilir və icmanın 500-dən çox mərkəzindən kuratorları bir araya gətirərək əlaqə qurmaq, öyrənmək və növbəti kuratorluq ili üçün gücləndirmək məqsədi daşıyır.

Xatırladaq ki, 2017-ci ildə bütün dünyadan cəmi 16 şəhər “Shaping Davos” fəaliyyətinin keçirilməsi hüququ qazanmışdır ki, bunlardan biri də Bakıdır. Bakı şəhərində fəaliyyət 17 yanvar tarixində “SHAPING DAVOS – BAKU” Forumu şəkilində keçirilib. Forumun əsas mövzusu “Məşğulluq vasitəsi ilə yeni imkanların yaradılması” olub.
Şəkillər qoşmaya əlavə edilib.