• 21 Noyabr 2019
logo
add image
Qaranlığa boy verməyən düşüncələr: Kim qalxar və susar?!

Qaranlığa boy verməyən düşüncələr: Kim qalxar və susar?!


Zaman heç kəsi qınamır,
sadəcə, əməllərə şahidlik edir....

Göyərçin

«Əsl sevgi qətran kimi saralmışlığa meyilli olsa da, kəhrəba kimi şəffavdır»; «Məna azadlığıdır varlığa görə xislət»; «Təbiət özünə zidd getməz, insan öz təbiətinə zidd getmişdir»; «Məni maddi olan heç nə xoşbəxt edə bilməz, gül və ətirdən savayı...»
Bu cümlələr Göyərçin Kəriminin «Post insan» kitabından seçmələrdir...

Biz qəti olaraq bu fikirdəyik ki, peşəkar meyl mental məxsusluğa geniş imkan və əsl sənət fövqü yaradır. Doğrusu, mental məxsusluqdan keçid edən hər çıxış əks nöqteyi-nəzərləri zəruri proseslər kimi ehtiva edir. Düşüncələri ictimai qənaətlərilə uyğun gəlməyənlər ədəbi dərketmədə nüfuz sahəsi tapa bilmirlər. Necə ki, bəşəri müstəvidə uğur mənəvi dəyəri cilalamaq tərzidir, eləcə də, mental dəyərlərə aludəçilik ictimai ovqatı seyrçi deyil, təfsirçi təsirlə tədqiqə çəkməkdir. Açığı, istedadlı şair, öz fəlsəfi düşüncə tərzilə ciddi maraq doğuran Göyərçin Kəriminin də ədəbiyyat gerçəkləri yuxarıda qeyd olunan səciyyədə yoluna davam edir və diqqətlə nəzər salsaq, görərik ki, şairin sənətkar qətiyyəti məhz bu ampluada – zamanın ləngidilməsi, gerçəkdə baş verən hadisələrin arxa müstəviyə keçirilməsi, ideyanın ötürülməsi istiqamətində cilalanıb. Xoş haldır ki, o öz seyrinin obyektini dünya axınından çıxarıb ayrıca hadisə – təzahür kimi bütövün nümayəndəsinə, zaman və məkan daxilində sonsuz çoxluğun ekvivalentinə çevirir və qəti şəkildə həmin prinsipə söykənir ki, məqsəd tam ödənilməyə nail olmaqdır.
Göyərçin Kəriminin ədəbiyyata peşəkar keçidi üfüq xətti kimi təmizdir. Bu seyretmədə həyat zərurətləri, metafizik – metahissi əhatəli ruhi təcəlla və ən əsası da, milli sevgi aşkar şəkildə diqqətə hakim kəsilir. Eşqanə tipikliklə fövqəladə mərhələ adlamaq qətiyyəti onun gerçəküstü dünya ilə təmasının aydın inikasıdır.
Göyərçin xanımın böyük zamanla kiçik an arasında əks etdirdiyi həqiqətlər, heç şübhəsiz, fəlsəfi-tipik gedişlərdir. Onun həyata bağlılıq çək-çeviri, gerçəklə yalan arasında qurduğu paralel əhatə təkcə öz düşüncəsilə əlaqəli deyil, həm də ilahi sevgisindən irəli gəlir. Biz bu kodeksləri anoloji olaraq şairin əksər kitablarında aşkar müşahidə edə bilirik.
Maraqlıdır ki, Göyərçinin ilk yaradıcılıq nümunələri ilə axır illər çap etdirdiyi kitablar arasında, bu, yaxud digər şəkildə eynilik var; onun ilk düşüncəsi sonrakı mərhələdə inkişaf tapmır, əksinə, ilk keçid sonrakı mərhələlər üçün istiqamət rolunu oynayır, yəni bu bizə belə düşünməyə əsas verir ki, xanım müəllif əlinə qələm alanda mükəmməl duyğu qatlarında olub və zaman-zaman onun ədəbi keçidləri, sadəcə, ilk notlar üzərində geniş zəmin qurub. Məsələn, istedadlı şairin 2009-cu ildə «Nurlan» nəşriyyatında işıq üzü görmüş «Məni məhəbbət çağırır» kitabındakı ədəbi-fəlsəfi fəhm hansı rəngdədirsə, 2012-ci il nəşrinə əlavə və düzəlişlər etməklə 2018-ci ildə «Çaşıoğlu» mətbəəsində çap etdirdiyi «Dünya iradə və təsəvvür kimi» kitabında da bu ideoloji tərz eyni mahiyyəti daşıyır; dəyişən, sadəcə, xanımın fikir əhatəsinin sərhədləridir, yəni idrak böyüdükcə, insan daha müfəssəl fikirlər əxz etdiyi kimi, o da yaradıcılıq ruhu genişləndikcə, fəlsəfi təkamülünü artırıb.
Göyərçin Kəriminin «Məni məhəbbət çağırır» – 2009-cu il, «Nurlan» nəşriyyatı, «Dənizdən insan doğur» – 2010-cu il, «Nurlan» nəşriyyatı, «Qar gecəsi» – 2010-cu il, «Nurlan» nəşriyyatı, «Düşüncənin torpağına yağış yağır» – 2013-cü il, «Elm və Təhsil» mətbəəsi, «Yanvar qərənfil rəngdədir» – 2015-ci il, «Elm və Təhsil» mətbəəsi, «İdraki vəcd nədir?» – 2015-ci il, «Elm və Təhsil» mətbəəsi və s. kitabları işıq üzü görüb. Bu kitablarda duyğu, rəng, poetik hiss, məna çaları fərqli üsullarda olsa da, idraki vəcd eyni xarakterdədir. Belə deyək, yaradıcılığında, əsasən, fəlsəfi-hissi zəminlər aşılayan şair xanım duyğu sahillərində qayəçi ruhu həyat və tale məsələlərilə qarşı-qarşıya qoyur; öz ənənəçi tərzini həyatın gözəllikləri fonunda qabardır.
Göyərçin xanımın «Məni məhəbbət çağırır» kitabındakı fərdi, fərqli yanaşma tərzi 2009-cu ildən boylanan fəlsəfi təsirlərlə vətən andı, torpaq məhəbbəti, haqqı dərketmə, sevgi ahəngi və s. kimi komponentlərə də həyat-tale fonunda öz təsirini göstərib. «Məqsəd olsa, məqsədə çatmağın yolu da olar. Yetər ki, ardıcıl prinsipial ola biləsən. İnsanın gücü çatmayan iş yoxdur...» deməklə, ideoloji şərh lüzumu yaradıb.

Mənim müqəddəs borcum
Vətəni qorumaqdır.
Ayağım torpaqdadır...
Fikrin qanadlarında xəyallardan üstəyəm.
Azadlıq!!!
Budur mənim son qələbə istəyim!

Əslində, Göyərçin xanım üçün fikir, sadəcə, şərhi olan təcəlla deyil, həm də məqsədi, məramı axtarılan məchuldur. Yuxarıdakı parçada vətəni qorumaq hissi və Qələbə(!) istəyi var, lakin burada axtarılan məchul torpaq azadlığıdır; yəni şeir bütövlükdə dürüst bir məntiqi işarəyə – hələlik tapdaq altında olan torpaqlarımız uğrunda mübarizəyə çağırışdır.

O yerdə ki, Qarabağ cənnətin beşiyidir,
Səngərdə yatan əsgər azadlıq keşiyidir.

Bu sətirlərdə də yurd amili başlıca şərt, keşikçi əsgər sayıqlıq, azadlıq hissi yanğıdır, yəni axtarılan məchul işğalda olan yurd yerlərinin nicatı məsələsidir.
Oxşar olaraq müəllimi S. Xəlilova həsr etdiyi «Səni oxumaq üçün» şeirindəki məchul da axtarılandır:

Sən kimsən? – Qocaman dağ.
Mən kiməm? – Zərif çiçək...

«Qocaman dağ» ilə «Zərif çiçək» arasında təcəlla edən dialoq pərəstiş məhəbbətinin
müqəddəslik səviyyəsində ifadə olunmasıdır ki, «qocaman dağ», «zərif çiçək» surətləri özlüyündə insandır... və s.
Müqəddəslərlə şəxsi təcrübədə qarşılaşmaq, əlbəttə ki, çox nadir hallarda mümkün olsa da, onları bizim önümüzə qələmə alınmış həyatları və incəsənətin imzalanmış həqiqətləri çıxarır. Göyərçini şair kimi başqalarından fərqləndirən üstünlük də məhz bu qabiliyyətinə görədir.

Dünyanın ən zəngin dilənçisiyəm,
İnsan dilənirəm... açıb əlimi.

***
Yoxdur səndən yuxarı qəlbimə hakim, yoxdur,
Səndən də Sən yuxarı – kəramət günəşisən!

***
Ürəyimə yağış yağır... qəlbim aşır məcrasını,
Gah sulara qərq oluram, gah qəlb evi qanlı suyam.

«Qar gecəsi» kitabından nümunə gətirdiyimiz bu sətirlərdə də məchul çoxlarının fərqində olmadığı mahiyyətdir. «Səndən yuxarı Sən mövcudsan» qənaəti, demək olar ki, kitabın əsas qayəsidir; «qəlbin yağışa məcra verdiyi vadi də, əks çarpazlıqda təcəlla edən yarı nikbin, yarı bədbin ovqatlı sahillər də», həmçinin, «ən zəngin dilənçi» tipi ilə «insan dilənmək» zərurəti arasındakı zahiri oxşarlıq da «Qar gecəsi» kitabının estetik həzz mənbəyidir və bu baxımdan «Düşüncənin torpağına yağış yağır» kitabının əsas komponentləri də Göyərçin ədəbi fikrinin sürreal miqyaslarıdır:

... Mən kiməm?
Çayın axıb qurtarmasını gözləyən susuz yolçumu?
Yaşayım deyə öldürməli olduğumu
hər gün «öldürdüm» deyən yalançımı?..

***
Rüzgar əsdirir gecənin pərişan tellərini,
Gecə uzadıb qaranlıq əllərini
İşığın yolunu kəsir...

***
... Unuda, unudula bilməyəni
Unutmaq ağrısı yaşayıram.
Bir dolu dünyam var, bir boş dünyam...

Bu parçalardan da göründüyü kimi «Düşüncənin torpağına yağış yağır» kitabında düşüncə sahibinin qovuşmalı olduğu son hədd vəcd halıdır; kitabın poetik üslubu uzaq sahillərə yan alan gəmi təsiri bağışlayır...
Elə «Yanvar qərənfil rəngdədir» kitabında da çevik tərəf ideal sıçrayışlar, müəllifin fərqində olduğu əksliklərdir:

Uzun-uzun qatarların ağır-ağır təkərləri altında
Əzilən insanlar gəlib keçir fikrimdən.
Boyunduruqda su gətirən qadınlarsayağı
Çiyinlərimdə yoxluğumu daşıyıram...

***
İlin zaman başlığı soyuğuyla öyünür,
Rüzgarlar üşüdür günahı.
Daxmalar şüppük uclu qarğıların cil üstü salğarı,
Qovaqlar oyuğu ilə öyünür;
Quşların ümid yeridir axı...

***
Həmişə yaz gələndə təzədən açım deyə,
Çiçəklərin qəlbinə köçərək ölürəm mən.

***
Elə ağrıyıram ki, ana,
Elə tənha, elə qəribəm ki, sənsiz...
Demişdin: «getsəm, yalnızlığı zamana burax...»

Bu sətirlərdə bitkin, məna və ideyaca mühüm, dərin fəlsəfi fikirlər öz poetik ifadəsini tapır. Şeirlərdəki fəlsəfi dərinlik, emosional əhval fenomen həyat sevgisi haqqında yazılmış eşq və ölüm acıları qədər təsirlidir. Müəllifin həqiqətpərəstliyi, dini mövhumata qarşı kəskin üsyankarlığı gördüyü mənzərəni olduğu kimi yox, olmalı olduğu kimi ifadə etmək qabiliyyətilə əks olunur. Diqqət yetirək: «getsəm, yalnızlığı zamana burax...» eyhamında həm vaxtdan asılılıq mövzusu, zamanın bütün yaraları sağaltdığını bildiyimiz halda, həm də zamanla bağlı bilmədiyimiz mənalar çabalayır. Müəllifin «boyunduruqda su gətirən qadın» müqayisəsi, «rüzgarlarda üşüyən günah» təlatümü, «çiçəklərin qəlbinə köçmək» ümidi və s. idraki vəcdlə işıqlanan həyati gerçəklərdir; fəqət özünü əksəriyyətin anlamadığı rənglərlə ifadə edir...
«Dənizdən insan doğur» kitabında ideyanın ötürülməsi prinsipi əvvəlki kitablarda da fəaliyyətdə olan fəlsəfi düşüncə tərzilə, müəllifin özünün də dediyi kimi: «...Əlində qələm tutan insanın hədəfi əvvəldən məlumdur» eyhamında cilalanan təsdiq forması ilə eynidir. Cildin ictimai məğzini insan probleminə elmi-intellektual yanaşma, fəlsəfi ehtivasını bəşəriyyətin «həyat və ideal» olaraq rəng tuta bilməsi təşkil edir. Kitabda əsas obraz kimi səciyyə tapan İNSAN kultu müəllifin ideoloji şüurda üst qata çıxma əzmidir. Bu fikri-ideya Göyərçinin Mənsur Həllacdan sitat gətirdiyi «Qəlbimi səndən başqasında aradım, görmədim, mənim ondan uzaqlığım sənin onunla ünsiyyətin kimidir» fəlsəfi çarpazlığı ilə eyni hüduddadır... Bu mənada, xoş haldır ki, klassik-modern ənənəçilikdə qərar tuta bilmək Göyərçin Kərimiyə də xas keyfiyyətdir və onun adıçəkilən kitabları bu prosesin əyani görüntüləridir.
Şairin «İdraki vəcd nədir?» kitabının struktur quruluşu alman filosofu Şopenhauerin fəlsəfəsi və bu əhatədə var-gəl edən insan-idrak təcəllalarıdır. Fikrimizi kitabdakı aşağıda səsləndirəcəyimiz ruhsal komponentlə aydınlaşdıraq: «...Mənsur Həllac Bağdad bazarlarından birində ucadan deyirmiş: – Ey insanlar, məni Yaradanın əlindən alın! O məni məndən alıb, geri vermir. Bu yaxınlığın ayrılığına dözə bilmirəm, uzaqlaşmaqdan da qorxuram ki, itib məhrum olaram. Bu yaxınlıqdan sonra itənlərin, bu vüsaldan sonra ayrılanların vay halına!» Belə deyək ki, Göyərçinin hadisələrə fəlsəfi baxışını idraki vəcdə doğru meyl, başqa sözlə, Mənsur Həllacın, Şopenhauerin gerçəküstü dünyasına keçid təmin edir. Əlbəttə, a priori olaraq qavranılan ilahi iradə və onunla təmas məsələləri hamı üçün eyni şəkildə əl çatan deyi. Bu mənada müəllifin sətirarası səsləşmə, düşüncədaxili ümumiləşmələri beynin qavrama və təsdiqəcanatma proyeksiyalarını artıraraq , vəcd, idrak və gözəgörünməyənlə təmas barədə müfəssəl fikrin işıqlanmasına rəvac verir, yəni, ağıldan təfəkkürə yol tapan insan anlayır ki, idraki vəcd nədir və Göyərçin Kəriminin qələm məhsulu kimi qavradığımız «Bu, elə bir zirvə ki, yetişdin, enişi yox... qovuşdun, dönüşü yox...» misraları hansı dərinlik, yaxud yüksəklikdən xəbər verir. Adi müşahidə üsulunu kənara qoyaraq ruhunun gücünə yüksələn Göyərçin xanım idraki vəcd deyərkən, hadisələr axını boyu məhz “hara”danı, “niyə”ni, “nə zaman”ı, “nədən ötrü”nü unudur, baş verənləri ancaq mahiyyət nöqteyi-nəzərindən ehtiva etməklə, dünyanın dərk olunmasına vasitəçi olmağa çalışır.
Ən əsası, idraki vəcd prosesinə də «anlamaq» və «anlamamaq» kimi iki tərzdən yanaşmaq lazımdır. Qısası, idraki vəcdin nə olduğunu yaşamaq insani üstünlüyün ali dərəcəsinə yetişmək, gerçəküstü dünyanın sirlərinə vaqif olmaq imkanıdır, anlaya bilməmək isə bu zəminə, sadəcə, bir dəlilik faktı kimi inanmaqdır.
«İdraki vəcd nədir» kitabındakı Füzuli dərki: «Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir, Mən kiməm, saqi olan kimdir, meyi-səhba nədir» ruhsal seçimi də Göyərçin xanımın idraki vəcd məqamını şərtləndirən cəhətlərdən biridir. Idraki vəcdin nə məna kəsb etdiyini bilməyənlər üçün Mənsur Həllacın da, Füzulinin də, Şopenhauerin də, elə Göyərçin Kəriminin də dedikləri, sadəcə, bir nağıldır: bilmək üçün fərdiliyin aradan qaldırılması şərtdir.
«Dünya iradə və təsəvvür kimi» əsərində də, eynən «Post insan» kitabında olduğu kimi, vəcdə gəlmiş idrakın emanasiyası baş verir. Hər iki kitabda fəlsəfi duyğu əsas göstəricidir, həm də vəcd və dərk kodeksləri müəllifin bütün fikirlərinə eyni müstəvidən təsir edir, yəni kitabda elə fikir təqdimatları var ki, dərk olunmuş şəkildə – transendental qavrayış olmadan başa düşülmür. Bu, təkcə o demək deyil ki, Göyərçin xanım Mənsur Həllac, Şopenhauer kimi vəcdin idrak vadisinə ayaq basa bilib, həm də o deməkdir ki, zamanı və məkanı olmayan hadisələri mövzudaxili poetikliklə müəyyən zaman və məkan daxilinə sığışdırmağı bacarıb. Yaradıcılıq qayəsini qarışıq sevgilərin timsalında səciyyələndirən müəllif a priori şəkildə dərk etdiyi hər hansı hadisəni tam aydınlığa çıxara bilir və elə bu cəhətinə görə, oxucunu xoş, anlaşılan ovqatla üz-üzə qoyur, həmçinin, bədii-fəlsəfi fikrə, müasir-ədəbi təcəssümə öz parlaq hədiyyəsini bəxş edir.
Onun dahi alman filosofu Artur Şopenhauerin həyat və yaradıcılığına həsr olunmuş “Dünya iradə və təsəvvür kimi” poemasından aşağıdakı misralara nəzər salaq:

Xoşbəxtlik arzuya çatmaqda deyil,
Bəlkə də arzuya gedən yoldadır.
Zövqün təməlidir arzu elə bil,
Ürəklə birləşib ağlı aldadır.

***
Arzu qurtarmırsa, səadət hanı?
Dalğalar susmasa, durulmaz dəniz.
«İradə» dünyanın arzu sultanı,
O hər nə əmr etsə, baş əyirik biz.

***
Evlilik bir yükdür filosoflara,
Qadına asudə vaxt qalacaqmı?
Borc hara aparır, səadət hara,
Fəlsəfə bizimlə qocalacaqmı?

Fərdiliyini unudan insan – dahi, yaxud filosof dünyanın mahiyyətinə nüfuz etməklə yanaşı, həm də həyat ilə həyat tərzi arasındakı ziddiyyətə uğrayır; yəni, vaxt, elmlə təmas və qayğı kodeksləri onlar üçün o keçilməzliyi yaradır ki, özlərini özlərinə həsr etmək imkanından məhrum olurlar. Açığı, «Dünya iradə və təsəvvür kimi» kitabında bu keçilməzlik öz proyeksiyalarını qəti və qeyri-qəti kodekslərlə cilalayır; yəni, müəllif mümkün olanı mümkün, mümkün olmayanı da qeyri-mümkünlük şəklində xarakterizə etmir, əksinə, onun məqsədi mümkün olmayanı mümkün, mümkün olanı qeyri-mümkün hadisə kimi oxucuya təqdim etməkdir.
«Kəhrəba idim» kitabının əsas daşıyıcı qüvvəsi düha mələyidir. Müəllifin kitabda dəfnə çələngini xatırladan şeirlər toplusu İnsan – Həqiqət münasibətləri, ağıl, nəsihət, tövsiyyə xarakterli öz üzərində yüksəlmə və s. mənada bitkin forma və dürüst məzmunla ehtiva olunur ki, bu da ovqatımızı yüksəldir. Demək ki, xoşovqat yaratma cəhdi Göyərçin Kəriminin yaradıcılığına özəllik verən əsas səciyyələrdəndir və bu cəhətlər oxucunu bir az duyğu selinə batırsa da, bir az da giley-güzara tuş edir, ona ictimai əksiliklərin – halalla haramın, yaxşı ilə pisin, doğru ilə yalanın vadilərini, başqa sözlə, müəllifin ovqatdəyişmə tezliyinin yeknəsəng olmayan amplitudasını göstərir. Ümumiyyətlə, müxtəliflik Göyərçin xanımın bədii dərkində məsuliyyət yüküdür və oxucu ilə hər zəruri təmas ikinciyə əhvalını yüksəltmək üçün bir həyat elementi bağışlayır.

Sənə sevgim ilə əziyyət etdim,
Səni məhəbbətlə gətirdim cana.
Ömrümün, beləcə, sonuna yetdim,
Yolum qalmamışdı səndən o yana.

***
Dedim, yaşadaq sevgini,
Öldürməyə nə var ki...

***
Olum, ya ölüm?
Sevənlərin önündə
Məhəbbət qəti qoyur bu iki məsələni...

«Məni məhəbbət çağırır» kitabında oxucuda sevgi həzzi təsəvvürü aşılayan Göyərçin xanımın ən çox aludə olduğu nəticə zərər verməmək prinsipidir. İnsana sevgi ilə əziyyət vermək, əslində, adi oxucuda təəccüb doğuracaq hadisədir, lakin müəllif demək istəyir ki, sevgi qarşılıqlı deyilsə, istənilən cəhd qarşı tərəfə təzyiq üsulu kimi başa düşülməlidir. Şekspirsayağı «Olum, ya ölüm?» dilemmasını məhəbbətin əsas sualı kimi dəyərləndirən şair öz qənaətində ona görə haqlıdır ki, düşünülməmiş – keçidi olmayan sevgilərin üçüncü yolu olmur, yəni qarşılıqsız sevgi öz yolunu tapmasa, yaxud özünü ayrı şəkildə təqdim etməyi bacarmasa, aşiq ölməlidir və ən qəribəsi də budur ki, «Post insan» kitabında Göyərçin xanımın bu məsələyə münasibətini fərqli rakursdan dinləyirik: «Elə insanı fəlakətə sürükləyən ürəkdir də, bu gün naturaçı olmaq istəyər, sabah naxırçı, etibarsız orqandır; istəklərinin səbəbi məlum olmadığı kimi davamlılıq müddəti də məlum olmur». Qeyd edək ki, şairin kitab boyu bir sıra öyüd-nəsihət səciyyəli, sevgiartırma qayəli cümlələrdən istifadə etməsi həyat-cəmiyyət qarşıdurmasından irəli gəlir və o, istənilən fikri elə poetik elementlərlə ifadə edir ki, mətləb oxucuya inandırıcı görünür. Göyərçin zərif ifadələrlə işarələnmiş dumanlı sözlərin arxasında gizlənmir, çünki gözəl fikirlərlə zəngin olan ruh öz tənhalığını yüngülləşdirsin deyə düşüncələrini başqalarına çatdırmaq üçün həmişə ən təbii, hiyləsiz, sadə şəkildə ifadə olunmağa çalışır.

Ruhum çiçəkləyib, gəl, şeir yazaq,
Sən mənim, mən sənin gözündə azaq.

***
Əllərim saçlarında həsrət dərirdi...
... Doğum gününə hədiyyə etdiyim yağışları
Pəncərəmdən süzülən gördüm...

«Yanvar qərənfil rəngdədir» adlı şeir çələngindən misal gətirdiyimiz bu misralarda poetik ştrixlər həm ruha rahatlıq, həm də təlatüm bəxş edir. Müəllifin oxucu marağı bu cür fikir və ovqatdəyişən təsirlərlə təbiətin qanunlarına uyğun olaraq aşakara çıxan qüvvələri tarazlaşdırır, üstünlüyü bəşərilik ideyaları təşkil etsə də, tale çək-çevirməsi baxımından həyatın ən geniş meydan olduğunu vurğulayır. Düşündürücü haldır ki, şairin nəzmə çəkdiyi tək bir varlıq daimi yaranan və özlüyündə ötəri-keçici olan varlıqların çoxluğu kimi tərənnüm olunur.
«Düşüncənin torpağına yağış yağır» kitabından aşağıdakı misralara diqqət edək:

Nə fərqi, zaman gözləyir, ya gözləmir?
Nə qədər yaşana, ayyy İşığında,
bitməz bir ömür...

***
... Yoxluğun qəlbimi qanatdığı gün
Varlığın yoluma kəsək düzürdü.

***
Səni gördüm...
Bilirsən, harda?
– Canlılar məzarlığında...

***
Simurq qanadında göylərə baş vur,
Hədiyyəm bir uçuş olsun bu səhər...

Göyərçin xanım sanki zamanın özünü dayandırır; əbədiyyət anlarının zamana sığmadığını bəyan etməklə yanaşı bir baxışın işığında yaşanan əbədi ömürdən, yoxluğuyla öldürən, varlığıyla «gölə qələm sancan» insan xislətindən söhbət açır və nəhayət, «canlılar məzarlığı»... və o məzarlıq ki, mənəviyyatın bütün məhvolma səbəblərinin, o cümlədən, narkomaniyanın... meypərəstliyin beşiyidir... Gerçək dünyanın hadisələrinə seyrçi nöqteyi-nəzərdən tamaşa edən müəllifin intizarında olduğu hədiyyə də materiya formasında deyil, onun ürəyi simurq quşunun uçuşunu – yüksəkdə olanı izləmək təşnəsilə çırpınmaqdadır.
Nümunə gətirdiyimiz bu misralarda ağrı-acı ilə müşaiyət olunan duyğular çoxdur; yəni müəllif öz hisslərinə o qədər yaxınlaşır ki, az qala özü də əriyib onlarda yoxa çıxır. Bu mənada Göyərçinin şeirləri əhatə dairəsi, yaxud mövzu rəngarəngliyi baxımından seçilir. O, oxucuya mübarizə yolu, öz-özü ilə döyüşmək səriştəsi aşılayır.
Müəllif şeirlərində sevincə nə qədər yer ayırırsa, o qədər də kədəri paylaşır və buradan belə bir nəticə hasil edə bilirik ki, sadə intuitiv hissdən ideyanın dərkinə keçidetmə sevinclə yanaşı həm də ağrı-acıdan bəhrələnir, yoxsa tək qanadla «Yerin kölgəsinə daxil olmaq» heç Yuri Qaqarinə də nəsib olmazdı.
«Göylərdən göylərə bir nərdivan qur, Kainat eşq ilə dolsun bu səhər!» – deyə xəyali sevgiliyə ismarıc yollayan şair tərəf-müqabili ilə vəhdətdə olmaq istəyərkən tək özünü düşünmür; sanki bəxtiyarlığını, xoşbəxtliyini kainatda olan bütün canlı-cansız varlıqlarla bölüşməyə hazırdır.
Onun qadın yaradıcılığında öz əksini tapan təkcə, Şopenhauerin təbirincə desək, bir çox əməllərin xarici və daxili əhəmiyyəti, yaxud gerçək dünyanın hadisələrinə münasibətin vacibliyilə bəşəriyyət ideyasına nüfuz etmənin uyğun dərinliyi deyil; Göyərçinin yaradıcı fəlsəfəsi intuitiv qavrayışımızın zaman və məkan forması sayəsində çoxluğa parçalanmış vəhdətinə – ideyaya sarı yön almışdır.
Yazıçı-publisistin sənət istiqaməti oxucunun diqqətini bir neçə vacib məqama – həyata baxış, görünənin görünməyənlə nisbəti, immanent, transsendent qavrama və s. kimi müxtəlif proseslərin dərk olunma şəraitinə doğru çəkir, o cümlədən, idraki vəcd, ruhi təcəlla, zəkaüstü düşüncə, ovqata sirayətetmə xüsusiyyətləri bu səmtin əsas xəttini təşkil edir. Tanrı ilə ünsiyyəti insanın insana dəyərvermə səciyyəsi kimi təqdim edən şairin bütün kitablarının ruhu eynidir; zaman-zaman dəyişikliyə uğrayan isə yazı texnikası, yazıçı üslubunun şaxəli püxtələşmə dərəcəsidir.

Sənin üçün nə fərqi, həyatda varsan, yoxsan...
Sənin üçün nə fərqi?!

***
Qadınlar bayramına çağırmışdılar məni.
Söz anadan gedirdi – «Analar günü» idi.
Məni unutmuşdular...
... Yadıma Bayandurun qara çadırı düşdü.

***
...Onu külək gətirmişdi, ya ürək?
Ya söz verib, söz alırdı baxışı?
Pəncərəmin önündəki yolda tək...
İslanırdı, unutmuşdu yağışı.

Bu misraları həyəcansız oxumaq mümkün deyil: “«Analar günü» idi. Məni unutmuşdular...” Həyat-tale məsələlərini şişirtməyə cəhd etməyən, klassik ənənəyə uyğun fikirlər ifadə edən və bütün hallarda, nə qədər ağrılı olsa belə, xoş ovqat təəssüratı yaradan Göyərçin xanım gerçəklik ilə insan arasındakı bağlılığa özünəməxsus şəkildə önəm verərək, oxucunu elə nikbin əhval-ruhiyəyə kökləyir ki, dürüst şair baxışı ilə anlayışlı oxucu arasındakı ziddiyət öz-özünə çözülüb yox olur.
«İdraki vəcd nədir?» və «Dünya iradə və təsəvvür kimi» kitablarında əsas arqument olaraq yaddaş amilləri mühüm rol oynayır; müəllif bu kitablarda reallığa varid olmağın yolunu fəlsəfi uyarlıqla xarakterizə edir, sapiensi hadisələrə düzgün olmayan yanaşma tərzindən uzaqlaşdırmağa, onu ictimai varlıq qayəsindən özünüdərk məqamına yüksəlmənin mövcudluğuna inandırmağa çalışır. Hərdən o, sanki Şopenhauer fəlsəfəsindən aralanır, «yaradılış və təcəlla» dünyagörüşünə Füzuli dərki, Nəsimi fəhmilə baxış sərgiləyir. Yaradıcılığı boyu şairin dərin-düşündürücü məna kəsb edən fikirlərinin əksəriyyətində, hətta bədii suallarında belə, idrak formasından azad olmuş – dərk olunmuş təsəvvürün və xalis dərkedən subyektin fərdin müşahidə üsulundan fərqlənən, bütöv şəkildə aşkara çıxan pillələrini – ideyaları izləyirik.
Şair oxucu rəğbətini həm də ona görə əldə edir ki, əsərlərində düşmən qazandıracaq münasibətlər və hər hansı mübahisədə qalib gəlmək və s. kimi manevrlər yoxdur. Göyərçin xanım eyni hadisəyə bütün versiyalardan yanaşmaqla, oxucunun diqqətini əsl olana – mahiyyətə yönəldir və bu yolla müsbət nəticə əldə etmək istəyən şəxs üçün sanki test-baxış keçirir.
Şair poeziyasında hansı predmetd ən istifadə edir-etsin, şeirlərinin poetik sferadan kənara çıxmasına şərait yaratmır və təsvirin əyaniliyi məsələsində oxucu fantaziyasına güvənir.
Bəllidir ki, zərif cinsin nümayəndəsi bütün varlığı ilə şəfqət abidəsidir; bu, qadının təbiətindən qaynaqlanır. Haqqında bəhs etdiyimiz kitabların müəllifi də şəfqətlə dolu qadındır: qeyb aləmlərinə biganə qalmayan, fikir aləminin qapısı yaşıl olan mübarək qadın. Sanki o, mənəvi aləmi işıqlandıran Qütb ulduzu, həmişə məsum olması qənaətində olduğumuz bədrlənmiş Aydır, lakin əhvalı sa¬bit deyil; həm özünün, həm də ustadı Şopenhauerin təbirincə desək, «qucağa adi şar kimi yerləşən» dünyanın məhvərində dolandığı üçün narahatdır.
«Dünya iradə və təsəvvür kimi» kitabından misal gətirdiyimiz aşağıdakı misraları sanki Göyərçin özü haqqında söyləyib:

Heç kimin şəxsi işi ona aid deyildi,
Fikrini gizlədərdi, yüz ölçüb bir biçməsə.
Ədası gənclər kimi, amma yaşı əlliydi,
Sakitliyi sevərdi, həssas idi gur səsə.

Gülümsəyəndə belə, gözlərinin kədəri
İzini itirməzdi – ələ verərdi onu.
Hər gün səhərdən çıxar, axşam dönərdi əri,
Evdə yalqız olardı, əsasən, bütün günü.

Günəş kimi mehriban, ulduz kimi sayrışan,
Yağış kimi deyingən, qar kimi düşüncəli,
Şimşək kimi hay-küylü, bulud kimi pərişan,
Dolu kimi sərt idi, rüzgarlar kimi dəli...

... Biz özümüzü belə yetkin və kamil, «Günəş kimi mehriban, ulduz kimi sayrışan, Yağış kimi deyingən, qar kimi düşüncəli, Şimşək kimi hay-küylü, bulud kimi pərişan, Dolu kimi sərt idi, rüzgarlar kimi dəli...» qadının yaradıcılığı qarşısında hiss edərkən, ruhumuza mərhəmət, şəfqət və gözəlliklə dolu bir dünyanın sirayət etdiyinin şahidi olur və bəzi incə məqamların dərk edilməsi sevincilə titrəyirik. Qadın təbiət nöqteyi-nəzərindən analıq məsumiyyətinə görə səmalar qədər geniş, bəşəri duyğular baxımından ulduzlardan çox, yaşadıqlarına rəğmən məslək kimi aydındır və Göyərçinin «Analar günü idi, məni unutmuşdular» misrasındakı tənhalıq hissi əzabın, həsədin yox, «Bayandurun qara çadır»ı ilə həmahəng olan şəraitə mənfi münasibətin ifadəsidir. Bəlkə də o, Mənsur Həllacı, Şopenhaueri dərk etməsəydi və özü onların idraki vəcd məqamını yaşamasaydı, doğrudan da, «rüzgarlar kimi dəli...» olardı...
Göyərçin xanım zaman reallığının həyat zərurətləri üçün ünvansız keçidlər olduğunu ona görə dəqiq bilir ki, özü də bu keçidlər qarşısında həmişə mümkün çətinliklərlə üz-üzədir.
Əlbəttə, dünyanı dərk etmək müşgül məsələdir; təhlilinə çalışdığımız əsərlərin, xüsusilə də, «Post insan» kitabının doğurduğu təəssüratdan belə nəticə hasil edirik ki, Göyərçin Kərimi üçün uşaq vaxtı ilə indiki zamanın gerçəkləri eynidir, sadəcə, o vaxtlar anlaya bilməyib ki, ömrünün ilk on illiyi onu həyatın çək-çevirindən baş açma – kamil özünüdərkə yiyələnmə səmtinə doğru istiqamətləndirir və yəqin ki, şairin ucalıqlara yol tapacağı hələ ata-anasının himayəsində şəfqət və nəvazişlə böyüdüyü vaxtlardan bəlli idi...
Təkcə uşaq vaxtı deyil, sonrakı illərdə də valideynlərinin mümkün çətinliklər girdabında çabalamaları onun ruhuna təsirsiz ötüşməyib və Kəriminin poetik rəngkarlıqla əta etdiyi piktoqram xarakterli yazılarından belə anlamaq olur ki, o da çoxları kimi daim xoşbəxt olmaq sevdaları ilə aşıb-daşsa da, aradığını tam əldə edə bilməyib, bəzən ümidləri tamamilə puça çıxıb: rüzgar arzu və istəklərini sovurub... Lakin o, ağrı-acısını göz yaşlarını qəlbinə axıtmaqla gizlədərək seyretmə üfüqlərində tamaşasına daldığı gözəllikləri uşaq sevincilə aləmə bağışlamağı bacarır.
«Dünya iradə və təsəvvür kimi», «İdraki vəcd nədir?» adlı kitabların əks etdirdiyi süjet xətlərindən biri də budur ki, müəllifin taledən bəxşiş kimi aldığı ömür troyektoriyası əngəllərlə doludur; onu bu çətinliklərdən müqəddəsliklər vadisində əldə etdiyi idraki-vəcd yüksəkliyi xilas edir.
Tərəf-müqabilin ürək çırpıntılarını, könül təlatümlərini əks etdirən digər kitabları da Həqiqətə canatma meyllərilə yüklüdür; zamandan irəlikeçmə qənaətinin mümkün versiyalarda təşəkkül tapması, taleyə qarşı çıxıb-çıxmamağın sual dolu inikası bizi mükəmməl şair qəlbinin nəhayətsizliyi önündə özünə heyran buraxır.
Göyərçinin yaradıcılıq manevrinin əsasını təşkil edən cəhətlərdən biri də sevdiyi sahillərə can atmamasıdır və yəqin ki, buna səbəb F. Şillerin təbirincə desək, «əsrlər boyu yeganə qocalmayanın heç vaxt heç yerdə baş verməməsi» fikri – münasibətlərə xələl gətirməmək üçün məsafə anlayışının sabitlik prinsipidir. Fikirlərimizə əyani sübut kimi onun müəllifi olduğu «Korlar haqqında pritça» povestindən sonuncu abzastı yada salmaq kifayətdir: «Çəkmələr Şəbnəmin ayağını ağrıtmırdı, yox, o sanki uçurdu... və bir daha geri dönməyəcəyi arxasınca tüstülənən siqaretin qatı dumanından bəlli idi...»
Xanım müəllifin «Kəhraba idim» kitabındakı əsas amillər də istəklərin şiddətindən imtina etməyin vaciblik təntənəsinə köklənib.
“«İradə» var! Odur bütün hadisələr, təzahürlər mənbəyi. Onun özünüdərki və ona əsaslanan özünü təsdiq-inkar özündə hadisədir Yeganə...” Bu cümlələr «Dünya iradə və təsəvvür kimi» adlı poemada iradənin Şopenhauersayağı ifadəsini təşkil etsə də, əsərin ictimai süjet xətti saf sevgi və sevginin asılılıq dərəcələrinin aydın fəlsəfəsidir. Şairin Leyli sevgisindən və ondan daha uca məhəbbətlərin sirrindən xəbərdar olmasının əsasını dərk olunmuş məhəbbət ideyasının ötürülmə qammaları təşki edir. O, yaxşı bilir ki, «istənilən sahədə istedadlı adamlar böyük layihələrə imza ata bilərlər, lakin insanın fikrini, düşüncəsini əvəz etmək, onun baxışını varlığın mahiyyətinə yönəltmək, bir sözlə, onu yenidən yaratmaq bacarığı dahilərə məxsusdur».
«Post insan» onun povestlərindən birinin adını daşıyır və bu əsərdə post insana münasibət
F. Nitşenin «Zərdüşt belə demişdir» əsərindəki «ən murdar insanın zamanəsi gəlir, bu insan artıq özünə nifrət edə bilməyəcək» fikrilə uyğunluq təşkil edir, yəni müəllif post insan deyərkən yüksək texnikanın sayəsində robotlaşan, mənəviyyatını rəqəmsallıq dolduran adamı nəzərdə tutur.
Göyərçinin ideyalar vadisi boyu addımlayan obrazları fantaziyaya dayanıqlı olsalar da, lazım olan məqamlarda immanent qavrayışdan transendent qavrayışa keçid etməyi bacaran canlı aşiqlərdir. Yaradıcılığına nüfuz etdikcə hiss edirik ki, o, hissə tez qapılır, lakin burulğanda çox qalmır, bəlkə heç ora düşməmişdi də, çünki ruhunu qeyri-məlum səmtlərə aparan sarsıntılardan yaxa qurtarmağın fəlsəfəsini bilir; hansı yolla getdiyinin fərqindədir.
«Zina elə zinadır, qadın olsun, ya kişi...», «Cəhalət dünyasında çətindir qadın olmaq...», yəni həyati gerçəklərin ağrılı şəkildə qələmə alınması qeyri-bərabər yanaşma tərzinin qadın şüurunda boş buraxılan sətirləridir ki, müəllif doldurulmasını arzulayır.
Bizim düşüncə və xəyal dünyamızda qadın xilqət hadisəsinin ən mühüm çaları, bəşəriyyət aləminin ən bərəkətli və sehirli rük¬nü, evimizdə Cənnət gözəlliyinin qüsursuz timsalı, varlıq və sonsuzluğumuzun yeganə təminatıdır: O, yaradılmamış¬dan əvvəl Adəm Peyğəmbər yalqız, ekoloji sistem ruhsuz, bəşəriyyət müsibətlərə təslim, ailə bir ağacın koğuşu, insan öz ömür lampasının məhbusu idi. Fəqət cəhalətin hökm sürdüyü əhatədə bəşər övladının batinlə batili doğru-dürüst qavraya bilməməsi səbəbindən qadın doğulduğuna görə taleyindən narazı qalan o qədər qəlb sahibi var ki... Bütün bunlara baxmayaraq, nə yaxşı ki, dünyaya QADIN gəldi... Nə yaxşı ki, Göyərçin Kərimi dərk olunmuş poeziyanın ötürülmə müstəvisinə varid olmağı bacardı...
«Dənizdən insan doğur» kitabında müəllif, sadəcə, poetik hisslərin deyil, epik mükalimələrin də dolğun ifadəsinə nail olub. Bu kitabın boxçasında – «Kimdən ötrü ölmək olar?», «Sükutun məhəbbəti», «Ondan ötrü yalvarırdı», «Sevgi nədir?», «Günəbaxmayan» və s. başlıqlı yazılarda publisistik tərzin cilalanmış nümunələrini görürük.
Gəlin, ideyaya gedən yolun Göyərçin poeziyasından keçən nümunələrilə tanış olaq:

Qürur da insanın bir düşmənidir,
Həyat baş əyənləri sevir.

***
Milyon dəniz yerləşər insan təxəyyülünə,
amma özünə yükdür,
Hansı daha böyükdür?

***
Sənə bənzəyirdi yolun kənarındakı
tənha küknar ağacı.
Səhər yağışından sonrakı
iynə yarpaqlarının ucu
İnci kimi bərq vururdu...

***
Ya düşmən əlində, ya dost əlində
Güllə hardan bilsin kimə açılır?

***
... Sönən ömür üfürməklə közərən deyil,
Həqiqətin varlıq adlı məkanı yoxdur.

Çoxumuza bəllidir ki, bütün gerçək hadisələr zaman-məkan çərçivəsi daxilində baş verir, həmçinin mahiyyətinə vardığımız, yaxud vara bilmədiyimiz proseslərin ölçü vahidi fərdin idrak sferasına daxil olan zaman-məkan anlayışlarıdır ki, ideyalar bu anlayışların hökmündən azaddır və bu baxımdan istedadlı qələm sahibi Göyərçin Kəriminin ifadə etməyə çalışdığı təsvirlər zaman-məkan amplitudasına sığışmır.
Göründüyü kimi, onun şeirlərindəki mini-traktat təmayüllü qavrayışlar özünüaldatma cəhdinin əmələ gətirdiyi lakonik fikri-ifadələrdən uzaqdır. Müəllifin mahiyyəti ifadə edən bütün fikirləri sadə-mürəkkəb vizuallıqla çırpınan uyğun dərketmənin inikasıdır və bizə elə gəlir ki, bu ardıcıllıq qaranlıqdan başlayıb işığa doğru hərəkət edir və son etibarilə yenə də qaranlığa varid olur, lakin, əksinə, Göyərçinin ədəbi yekun həddi həmişə nikbin əhval-ruhiyyədə təzahür edir və oxucu o qənaətə gəlir ki, «... Həqiqətin varlıq adlı məkanı yoxdur; Zaman qərəzsiz hakim, təbii güzgüdür; Milyon dəniz yerləşər insan təxəyyülünə...» Həmişə xoş ovqatla oxucu qəlbini poetik sığallamağa çalışan müəllif öz dünyası ilə həm idraki, həm də intiutiv yolla əlaqə qurmağı bacarır.
Hər fikir yaradılışı etibarilə məqsəddən başlayır və hər qələm adamı bu ənənəyə xüsusi diqqət yetirməlidirsə, onda Göyərçin xanım sözügedən mövzuda çoxlarını qabaqlayıb. Onun zamana mütabiq əks olunan və daha çox gerçəkliyə söykənən fikir və ifadələrində həyat boyalı şəkildə deyil, olduğu kimi təqdim olunur, əlbəttə, anlayışlı oxucu üçün. Yaşanılmış bütöv ömrü ictimai örnək kimi göstərməyə çalışan müəllif həyatın təbəllüdatlarını özünəməxsus suallarla insanın – fərdin özünə ünvanlayır:

Üz tutub baş aşağı hara gedirsən, insan?
Ətrafına baxmağa macalın yoxmu sənin?
Yuxarı qalxmaqdansa, aşağı enmək asan,
İnsan qovan rüzgara sualın yoxmu sənin?

***
Səadət qara bənzəyir...
Üstünə şəfəq düşsə, bərq vurur,
Gün vursa, əriyir.
Yerində ağrı cücərir.
Ömrü qısa olur anlar... dəqiqələr qədər.
Elə anlar, elə dəqiqələr ki, ardınca sabahlar,
fəsillər, illər daşıya bilir kədər dolu...

***
Səmanın xətkeşi təyyarələrdir,
Eninə, boyuna ölçərlər hər gün.
Könlümdən təyyarə olmaq keçərdi,
Həyatın fövqünə yüksəlmək üçün...

Şair yuxarıdakı misralarda anlayışların mücərrəd və şəffav ümumiliyindən onların birləşdirilməsi sayəsində konkret və fərdi olanı – əyani təsəvvürü çıxarır, çünki ideya yalnız əyani olaraq dərk olunur. Onun poeziyasının çox saylı epitetləri məhz bu məqsədə – anlayışların ümumiliyini daraltmaq yolu ilə əyani olana gətirib çıxarma üslubuna xidmət göstərir. Özlüyündə dərin ovqat və məna kəsb edən bu şeir parçalarında diqqətimizi cəlb edən ikinci cəhət ictimai-ədəbi situasiyaların sürreal-mistik təzahürüdür. «Üz tutub baş aşağı hara gedirsən, insan? Ətrafına baxmağa macalın yoxmu sənin?» ədəbi-fəlsəfi sualı «Səadət qara bənzəyir... Üstünə şəfəq düşsə, bərq vurur...» kimi misralarla yekun nəticəyə gəlir. «Könlümdən təyyarə olmaq keçərdi, Həyatın fövqünə yüksəlmək üçün...» ifadəsi, sadəcə, arzu deyil, dünyanı dərk etmək yolunun vaciblik təntənəsidir ki, bəşəriyyətin xilasına yönəlib.
Göyərçinin lirik “Mən”i öz hisslərinin, duyğularının fövqündə qərar tutub, lakin xanımın bir sıra şeirlərinin süjet xəttində ictimai gerçəklik və çoxumuza məlum tarix, zaman kəsiyi, mövcudluğun təsnifatı və s. üstünlük təşkil edir. Ümumiyyətlə, müasir şeirin klassik şeirlə sintezini yaratmaq baxımından mümkün səy və qabiliyyətini əsirgəməyən şair obrazlara bədiilik səciyyəsinə görə yeni baxış gətirmişdir: onun qəhrəmanları gerçəküstü dünyanı məhz gerçək dünyadan imtina etməklə qazanır.
Müəllifin idrak proseslərinə hesablanan əksər fikrində, eynən upanişadalarda olduğu kimi, insan azadlığa – son sevincə elə bu dünyada qovuşur; sanki cənnəti öz ayağına –Yerə, fərdiliyini yox etmiş subyekti isə göylərə yüksəldir və fəlsəfi dünya görüşün əsası sayılan o düşüncə tərzinə zəmin yaratmış olur ki, insan öz «Mən»inə kənardan baxmaq imkanı qazanır. Heyrət və vahimə ilə müşaiyət olunan öz-görüş müstəvisi hamı üçün əl çatan olmasa da, bu müstəviyə doğru can atmaqda olan hər kəs qeyri-şərtsiz ideyanın idrakına keçid etmənin üsulları ilə tanış olur. Məhz bu kimi üsülların təqdim olunma prosesinə – Göyərçin Kəriminin yaradıcılıq fantaziyasının zənginliyinə heyrətlənməyə bilmirik.
«Post insan» hissi qavrayışların, ədəbi keçidlərin bol olduğu məqalələr, esselər, tərcümələr, povest və hekayələr toplusundan ibarətdir. Müəllif bu kitabda sanki düşüncənin üst qatlarına çıxır, dahiliyin sərhədlərini özünəməxsus qayda ilə təyin etməyə, obrazlar aləmini Pikasso, Kiarustami, Dostoyevski kimi korifeylərin timsalında səciyyələndirməyə çalışır. Onun süjet xətti həyat və cəmiyyət üçün real ekoloji, texnoloji və mədəni təhlükələri, miqyassız fəlakətləri görmək gücündə olan adamlarla yanaşı zamanın nəbzini tutmayan, zehni qabiliyyətinə görə heyvandan seçilməyən post insanlarla doludur; təkcə elə adı çəkilən əsərdə maddi maraqgüdmə, məsləksiz adamların virtual, yaxud qeyri-virtual zorakılıqları əxlaqi tənəzzül təhlükəsinin uyğun dərəcələrinə mütabiqdir. Kitabın məqsədi nəcib duyğuların qəhətliyi üzündən narkomanizmin, neofaşizmin, sadizmin yaranma meyllərinin çoxalmasına müvafiq şərait yaradan nəzarətsizlik intervallarının tənqididir.
«Korlar haqqında pritça», «Drama na more» povestlərində də eyni mənzərənin şahidi oluruq:
“işğalçılıq, kolonializm tərəfdarlarına nə cəhənnəm, nə cənnət... yəqin ki, arzular tükənsəydi, insanilik tükənməyəcəkdi...”
Göyərçin Kərimi «Dünya iradə və təsəvvür kimi» poemasında yazır: «Nəzəriyyəsi kimi etikası da yenə, Dünyəvi şəkli idi öz şəxsi məzhəbinin, Zahirən dinə oxşar, amma ondan aralı». Şopenhauerə istinadən söylənən bu, yaxud digər fikirlərdən belə nəticə hasil olur ki, bəşəriyyətin xilası insanlara mərhəmət, faydalılıq naminə iradədən imtinanın bədbəxtlik yox, sakitlik gətirəcəyinə inam hissinin aşılanması ilə mümkündür.
Konfutsi: «Biliyə üç yol aparır: ən asanı təqlid, ən çətini təcrübə, ən şərəflisi düşüncədir», – söyləyir, Göyərçin adı çəkilən poemada: – Düşün, düşünməkdədir bu sualın cavabı, – deməklə, onun fikrini sanki bir növ təsdiqləyir. O, «Post insan» kitabında obrazın sərhəd, ölçü tanımayan sevgi hisslərini ilıq payız üşüntüsü qədər sərin fəlsəfi ruhla cilalayır.
«İdraki vəcd nədir?» o kitabdır ki, « ideyanı dərk etdiyi üçün insanı xoşbəxt edən hissin fərdilik anlarında onu bədbəxt edən hisslə eyniliyindən», «Həllac zirvəsinə yüksəlməyən, Şəhriyarın şeirlərindəki bəşəriliyi anlamayan, Şopenhauer fəlsəfəsində iradəni ideyadan, ideyanı təzahürdən fərqləndirməyən kəslər üçün ariflik məqamının dərk olunmazlığından» bəhs edir.
Vətən – Qarabağ mövzusu şairin həm şeirlərinin, həm dramaturgiyasının, həm də hekayə və povestlərinin ana xəttini, o cümlədən, «Körpəsiz beşiklər» pyesi işğal olunmuş rayonlarımızla həmsərhəd olan rayonlarımızın mövcud şərait baxımından xarakterizəsini təşkil edir.
«Qar gecəsi» kitabında da yaddaşa nüfuzetmə məqamları fərqli mündəricə ilə zahirə çıxır. Müəllif gerçəkliyə varid olmağın yolunu «sözdən pilləkən qurmaqla məqsədə qovuşmanın» fəlsəfi mahiyyətilə eyniləşdirir; «sükutunu kağıza köçürür ki, anlayan oxucu ilə paylaşsın».
«Görünür anadangəlmə sevgilərin intiharı baş verəndə sonradan qazanılanlar suda boğulan adam üçün saman çöpü rolunu oynayırmış», yaxud «təbiətə zidd çıxanların təbiət tərəfindən cəzalandırılması hüququ cəzanı həmişə kölgədə qoyur» cümlələrinin vətəni «Post insan»dır. Şairin ifadəsində anadangəlmə sevgilər ana-bacı məhəbbətini, sonradan qazanılanlar erotik sevgiləri nəzərdə tutur ki, ikincilər heç vəchlə birincilərin yerini tutmaq iddiasında olmamalıdır.
«Dənizdən insan doğur» kitabında da dinamik vəziyyət ruh ucalığına qədər genişlənir. Xoş haldır ki, bu ideoqrafik zəmin oxucunu həyati düşüncələrdən təcrid etmir, əksinə, onu hissi olaraq ikiləşmək qorxusundan azad edir. Daha dəqiqi, kitabda dünya-həyat və tale xətti sadədən mürəkkəbə keçir. Hansı ki, sadə vəziyyətdə insana inandırıcı görünməyən qavrayışlar mistik fəhmə yüksəlmədə sürreal nəticələr hesabına gerçəkləşir.
Göyərçin xanımın vizual əhatə yaratmaq gücündə olan kitablarının hamısında hissi zəminlər ekstremal vəziyyətə işarə vurur, şair öz eyhamını ictimai ovqatla tamamlayır və ikinin birə nisbətini ədəbi hədlə müəyyənləşdirir; çoxluğun azlıq üzərindəki qələbəsini ədəbi-ictimai düsturlar vasitəsilə təşviqə cəlb edir. Bu kimi ədəbi yanaşmalarda müəllif subyektiv varlığın fiziki deformasiyasını deyil, onun xüsusiyyət etibarıyla dəyişikliyə uğramasını təcəssüm etdirir.
«Yanvar qərənfil rəngdədir», «Kəhrəba idim», «Məni məhəbbət çağırır», «Dənizdən insan doğur...», «Düşüncənin torpağına yağış yağır», «Qar gecəsi...» kitablarında zamana sığmamaq,
məkansızlaşmaq məfhumları kimi çərçivəsizlikdə pərvaz edən ruh sahibi – Göyərçin
Şihabəddin Sührəvərdinin «həzzin qədəri kamillik dərəcəsi ilə ekvivalentdir» kəlamının üfüqlərini eninə-boyuna yaşayır. Onun əksər kitablarının xarakterik cəhəti ikiləşmənin – zəkaüstü dünyaya varid olmanın özəlliyi, insan obrazlarının tələb olunan təqdimə uyğunluğu, «əsl insanın xislətində iki əks qütb birləşmir» qənaətinin möhkəmliyidir.
Göyərçin xanıma görə, eşqdə ağrı-acıya mübtəla olmaq ona nüfuz etmək təqdisidir; şair seyr edilənə qarışıb yox olma məqamını öz-özü ilə tanış olmanın başlanğıcı kimi işarələyir. Onun «Dünya iradə və təsəvvür kimi», «İdraki vəcd nədir?» kitablarında insanı dəyişdirməyin elm yolu ilə mümkünlüyü inkar edilir, amma dünyanın dəyişdirilməsi insanın dəyişməsilə eyni səsləndirilir ki, bu cəhd oxucunun seyretməyə diqqətini artırır:

Iradə dəyişilmir, idrakın əməllərə
Təsiri sayəsində insan inkişaf edir.
Həyatın hər yaş dövrü fərqlidir buna görə,
Yaxşı, ya pis təzahür dəyişən fikirdədir.

Yaxud: «Yerdə əldə olunan bütün yüksəkliklər idraki kəşflərdir».

Göyərçin xanımın tələbəlik illərində dövrü mətbuatda işıq üzü görmüş «Gözlə məni», «Yurdumun səsiyəm», «Şeirin inteqralı», «Ana» şeirləri də «Qar gecəsi» adlı kitabının poeziya bölməsinə əlavə olunub. Şeirin inteqralından bəhs edən müəllif, əslində, inteqralın şeiriyyətini tərənnüm edir; riyaziyyatın poeziyanın taleyindəki rolunu işıqlandırmağa çalışır.
«Qar gecəsi»ndə olduğu kimi «Məni məhəbbət çağırır» kitabında da müəllif fərqli bir qənaət nümayiş etdirərək, insanın öz «mən»i ilə ikili həyatının təkcə daxili gözəllik hesabına deyil, həm də qarşılıqlı anlaşma, ruhi kamillik və təmiz əxlaqi keyfiyyətlərlə tamamlandığını vurğulayır. Bu kitablarda həm də təzad dolu bir yaşantı var; məhz bunun üçün onun adi fikirləri belə tam bəsirət və arxayınlıqla oxucu yaddaşında təcəlla edir və adı çəkilən kitablarda dua kimi səslənən bu sayaq fikirlər cəmiyyət üçün aktuallıq təşkil edən bütün məsələlərdə öz spesifik cəhətlərilə nümayiş olunur. Buna görə də, xanım şairin əksər şeirlərində hiss və düşüncənin “həcm” payı əllinin əlliyə nisbəti kimidir.

Hər tərəf yanırdı,
Kainat yanırdı...
... Məgər od içindən
dünyanı başqa rəngdə görmək olar?

***
Gölməçələr adamlar kimi bəzəyir
Yağışlı payız küçəsini...
Sükutda boğulur qədim şəhər...

***
Qara dəniz!
Çınqıllarla öpüşməkdən
dodaqları yara dəniz.
Xəyalın göyə çəkilib,
Yuxuların dara, dəniz...

Yuxarıdakı nümunələrin ən diqqətçəkən məqamı təsəvvürün vizuallıqdan çıxması, adi idrakdan ideyanın idrakına keçid mərhələsinin baş verməsidir. Misralara nəzər saldıqca göz önündə canlı həyat tablolarının nümayiş olunması insanı düşünməyə vadar etməklə, zaman-məkan ölçüsündən uzaqlaşdırır.
Həyata ülvilik bəxş edən eşqin meyar olaraq bütün dövrlərdə geniş təsbitə uğradığının fərqindəyik və bəzi fəlsəfi cərəyanlar ona ikinci dərəcəli faktor kimi nəzər yetiriblər, lakin həyat ideologiyasını vahid çevrədə sistemləşdirən və tədqiq edən şairlər, eləcə də, Göyərçin məhəbbəti
varolmanın nüvəsi hesab edir, yəni iradəsilə ziddiyyət təşkil edən bəzi məqamlar düşüncəsiz itaət təsiri bağışlamır, əksinə, sərt münasibətlərə həlimlik gətirmək üçündür.
Sözsüz, Göyərçin Kərimi nisbilik prinsipinə uyğunlaşdığı üçün özünə qayıtmağı da bacarır və biz onun «Dünya iradə və təsəvvür kimi», «İdraki vəcd nədir?» kitablarında «insan ideyasının oxunduğu» sahilləri dəqiq müşahidə edə bilirik.
Hadisələrə dini-mifoloji aspektdən yanaşanda bizə belə gəlir ki, həyat işığı yananda dövrəsində tale pərvanələri bərq vurmalıdır. İnsanın fitrətində təbii döyüntü yaradan çılğınlıq həyat işığı qədər parıltılı olanda, beynin şüura keçən hüdudlarında da qəribə çırpıntılar yaşanır. Bəzən duyğusal kövrəklik özünü bu ana təslim edir, yəni səcdədə olur. Hissi-xarizmatik yaradıcılığı ilə seçilən Göyərçin xanıma münasiətimiz hörmət və ehtiram çərçivəsi daxilində elə «səcdə» kimi təqdim olunmalıdır. Çünki o, uzun zamandır ədəbiyyat üfüqlərindədir, ancaq özünə çəkilib, ətrafı müqəddəslik hasarı ilə dövrələnib və bu əhatədə boyasız, ütüsüz, lakin ağır yerişli bir QADIN obrazını canlandırmaqdadır.
Göyərçin xanımın yaradıcılığı təkcə poetik məzmun və bədii hissdən ibarət deyil, xüsusən də, poeziyasında bədii dil məsələsi ədəbi baxış və ümumictimai yanaşma tərzləri ilə tam səsləşir. Konkret olaraq o, ədəbi-ictimai müstəviyə təkcə sənətkarlığını və bunun digər mühüm proseslərini çıxarmır, zaman əhatəsində, zamandan kənar sənət manevrlərilə həm də onu zənginləşdirir. Əbəs yerə deyil ki, müəllifin qələm məhsulları müasir filoloji düşüncə və ictimai-fəlsəfi zəminlərə görə zaman intervalını aşmağı bacarır.

İçimdəki boşluğa yıxılmaqdan qorxuram,
Önümdə ilğım kimi titrəyir əndişəsi...

***
Mən keçmişə baxıram,
Fəqət sevginin yolu işıqlı sabahadır.
Qadınlar bayramına açılan bu yaz günü
Xəlvəti otağıma çəkilib darıxıram...

Sənətkar ruhunun vasitəçiliyi sayəsində təzahür edən bu misralar həzin duyğuların kövrək melodiyasıdır. Məsələn, «daxili dünyanın boşluğuna yıxılmaq» – düşüncə selində çabalamaq bir cür dərddirsə, «... qadınlar günündə xəlvəti otağa çəkilib darıxmaq», yaxud «bir yeni səhər üçün bir gecənin geri dönməsi», «bir kəlmə sözün, bir jetonun bahalığı ilə tutuşdurulması» ayrı cür dərddir. Oxuduğumuz kitablarından, ruhumuzu rənglər çalarıyla bəzəyən munis şeirlərindən aydın görünür ki, şairin bütün obrazları birsifətlidir, çünki özü də «gözə girmək», «mən də varam» xislətindən uzaqdır. Sanki hərdən unudulmaq qorxusu da yaşayır, lakin bütün diqqətini fəlsəfi-yaradıcı zəminlərə kökləyir: bəlkə də həyatdan küsgündür, ancaq ifrata varmır. «Bir kəlmə söz»dənsə, bir Şəxsiyyət adını üstün tutur; daxili dünyası, əməli işi və zahiri fəaliyyətilə bu statusa sahib çıxmağı bacarır. O, yaxşı bilir ki, yaradıcı adam üçün ideyanın ötürülməsi uçurumdan adlamaq qədər məsuliyyətlidir və onu da bilir ki, məqsəd pillə qalxmaq yox, hər keçiddə ortaya məhsul qoymaq məsələsidir. Şeirlərindəki doğmalıq, səmimiyyət, həyata bağlılıq əzmi, yurda məhəbbət tendensiyası «fəlsəfi mənada dünya ilə eyni olmaq» gücündən qaynaqlanır və o, qələmə aldığı hadisəni konkret süjet əsasında cəmləşdirə bilir ki, şair üçün, düşünürəm, bundan vacib heç nə yoxdur.
Əslində, Göyərçin xanımın poeziyası irad, giley, narahatçılıq dolu ifadələrdən xali deyil, lakin həssaslığın təntənəsinə təslim olmamaq üçün nəcib mübarizəni ilhamlandırmaq naminə o, könül aynasını oxucu sevgisinə tərəf rahat şəkildə çevirə bilir...
Bu gün ölkəmizdə qadına böyük yer və dəyər verilməsi müəllifin məmnunluq hissini, dövlətçilik məsuliyyətini bir qədər də artırıb; onun cəmiyyətlə şifahi-yazılı təması oxucuya dövlətə sədaqət hissləri aşılayır və cəmiyyətdə əhəmiyyətli rolu olan bir qadın kimi o, zaman-zaman öz mövqeyini dəyişməyib.
Maraqlıdır ki, Göyərçin Kəriminin şeirlərində zaman gerçəkliyi fiziki dəyişilmə kimi təqdim olunur, lakin zamanın mahiyyət dəyişikliyini onun intuitiv qavrayışlarını vahid anlayışda birləşdirən fəlsəfi zamansızlıq anları təşkil edir. Müəllifin nəcib və mehriban hisslər bağışlayan nikbin poeziyası, əslində, izahedici heroqlif təbiəti, bəşəri fikirlərilə şərtlənir.
Ağ dünyanın qaralma ehtimalının çoxluğu üzündən şair, həyatı qaralığa doğru çəkən meyllərə həmişə ağ tərəfdən boylanır.
Seyretmə sadə ehtimalla nəyəsə baxmaq anlamı kəsb edir, lakin nüfuzetmə varlığın iç dünyasına varid olmanın təminatıdır və biri digərinin davamı olan bu iki proses hadisələrə fəlsəfi baxış nöqteyi-nəzərindən birləşir. Seyretmə nüfuzetmə mərhələsinə qovuşmağı məqsəd kimi nəzərdə tuta da bilər, tutmaya da və bu mənada səmimi deyək ki, Göyərçin Kərimi hər iki vəziyyətin ayrı-ayrılıqda əhəmiyyətlilik dərəcəsinə, birincidən başlayıb ikincidə qurtaran yolçuluğun nəhayətsizlik həddinə, yaxud «təzahürlər dünyasına göz yummadan görünməyən» dünyanın sərhədlərinə yaxşı bələddir. Məsələn:

Şüur bilə bilər həmişə, sözsüz,
Dərrakəyə ancaq seyr etmək qalır.
Idrak təbiətdə qoymasa da iz,
Özü təbiətdən gücünü alır.

Ruhsallıq insani hisslərin idrakla birləşdiyi sahələrdir. Yaradanın böyük ilham və müqəddəs ruh bağışladığı Göyərçinin könül dünyasında da təcəlla edən məhz bu kimi cizgilərdir... Poeziya gerçəkləri səmimiyyət aynasında dolğunluqla əks olunan bu istiqanlı, vətənsevər şairin sədəf damcılarını xatırladan ürək çırpıntılarının əhatə dairəsi çox genişdir. Onun Bakı, 2017, «Elm və Təhsil» nəşriyyatında işıq üzü görmüş «Kəhrəba idim» kitabında «özü ilə zaman yağışı arasında rəngli çətirlər dayanan», başqa sözlə, «... zaman var, zaman yoxdur... » anlayışlarının poetik təsvirini görürük. Açığı, yaddaşında illərin ağrı-acısını daşıyan Göyərçin xanımın, hörmət mücəssəməsi kimi böyük rəğbət mərtəbəsinə qalxmış filiosof-şair Göyərçin Kəriminin bu kitabını köksünə sıxıb, sadəcə, düşünmək istəyirsən: müasirlərin bəyənməsi hesabına əldə olunan fəlsəfi dəyərləndirmə gələcək nəsil tərəfindən bəyənilmənin təminatıdır. Bu baxımdan «Məslək kimi sarıldığım yaşıl-yaşıl xülyaların əflatun bir axşamında qanamışdı ürəyim» misralarındakı şeiriyyət, bədii təsvir metomorfoz hadisəsinin giriş notlarını ifadə edir...
Kitabdan bəzi nümunələrə diqqət yetirək:

Məslək kimi sarıldığım yaşıl-yaşıl xülyaların
əflatun bir axşamında qanamışdı ürəyim.
Sovrulmuşluğun keçmişindəki may böcəklərinin
vida öpüşündə donub qalmışdım...
...Dərinliklərin qətran havasında dəryaların
qulaqbatıran uğultusunu dinləyərkən,
günahkar adamlarıyla rahatlığımı pozmuşdu həyat...

***
... Zaman sayır yerində, hikmətin göylərinə
açdığım əl uzanır,
Zaman var, zaman yoxdur... nə fərqi?
Yol uzanır...

***
Mərmi yarasından ölmürlər, dostum,
dünyanı dəyişirlər, adamlar
yeriyə-yeriyə, gülə-gülə,
sevə-sevə ölürlər...

Bu parçalarda şair nəzmə çəkmək istədiyi lirik obrazları rəmzlərlə ifadə etməyə çalışır. Məsələn, o, cismani ölümlə ölümsüzlüyün, mənəvi ölümlə həyatın qarşılıqlı təzadını yaratmaqla bərabər, «yeriyə-yeriyə, gülə-gülə, sevə-sevə ölürlər... » sözlər ardıcıllığını bədii zəmində hər iki mənada işıqlandırır və biz bu fikri poetik dərkdən üst mərtəbəyə qalxmaqla təhlilə çəksək, sürreal çək-çevirin hansı real sistemlərdən qaynaq götürdüyünün fərqində olarıq. Digər tərəfdən müəllifin tərənnüm etdiyi sanki dastanlaşmış - tarixləşmiş, yaxşı mənada heykələ dönmüş, əbədiyyət əfsanəsinə çevrilmiş obrazlardır... «Kəhrəba idim» kitabındakı metafizik şeirlərin əksəriyyətində qabardılan təsvir insan problemi, «ədalətin pozulmayan ikiüzlü sükutu», «gözlərdən yuxuların oğurlandığı gecələr», «könül işıqlatmağa Ayın qəlbinin dayazlığı», «bataqlıqda yaşayan adamın boğulmaq hissinə etirazı», «yuvasından çıxmaq istəyən tumurcuğun baharı içmək» nəşəsidir.
Bu şeirlərin səciyyəvi xücusiyyəti ondan ibarətdir ki, ötürülən ideyanı gözlə görünən cizgilərlə çözmək olmur, onun materiya formasını ancaq düşüncənin köməyi ilə təsəvvürə gətirmək mümkündür. «Fikrində Cıdır düzü, Torpaq meydan alınar...», «Dəniz əbədi olmur, əbədi nəğməsi var...», «Bayram edəcək deyə ayrılıqlar nəqqaşı gecə-gündüz vaxt yonur...» poetik-ictimai misralarda bir-birindən fərqli əhatədə, amma eyni mənşəli fikirlər cərəyan etməkdədir. «...Dərinliklərin qətran havasında dəryaların qulaqbatıran uğultusunu dinləyərkən, günahkar adamlarıyla rahatlığımı pozmuşdu həyat...» şeir parçasındakı bəşəriyyət ideyasının açılması mənalı stiuasiyaların hesabına əldə olunmuşdur. Bu kimi poeziya incilərinə ədəbi-ictimai ampluadan yanaşanda, hiss edirik ki, sanki zamanın üst qatında ondan asılı olmayan hansısa sehirli kölgələr çırpınır; lakin tam yəqinliklə onların şairəmi, müəllifin vəcd məqamınamı, giley-güzarın əhatə dairəsinəmi aid olduğunu ayırd edə bilmirik, lakin özümüzü həmin əhatədə görür, təlatümlərdən vəcdə gəlirik:

Amma mən kölgənin qəlbindən vədəsi tamamlanmış
tumurcuq kimi çıxmışam
Və görəndə ki, üstümə bahar damıb,
Dodaqlarımı həyatın dodaqlarına sıxmışam,
Qadın təbiətli olduğu üçün oda gözlərini yumub.

Şərhə ehtiyac yoxdur, taledən şikayətin bədii metafizikası... poetik ədalətin şeiriyyət stixiyası...
«Kəhrəba idim» kitabının ən başlıca səciyyəsi insan-dünya qarşılığının dərk olunmasıdır. Kitabın adı ilə eyni adı paylaşan şeirdə kəhrəbanın yaranma prosesinə toxunulur və bu proses fərdiliyini yox edən insanın uyğun əməlilə tutuşdurulur:

...İki əlim min-min əsrlik okeanların üzümə tutduğu
mavi yalnızlığın yaxasında,
Gözə görünməzliyin sehirli çuxasında
var oluşunu gizlətmişdi başlanğıcım...
...Vətən-vətən köç edirkən
gözlərimdə sünbül yetişirdi boyat...
və mən unudulmuşluğun qızılı yataqlarında
artıq kiçicik bir kəhrəba idim...

Adı çəkilən şeirin sonuncu misrasında şair deyir: «Dodaqlarını aldığım son nəfəsin hüzzam buludlarına dayayıb çiçəklərim quruyurdu... » İndiyə qədər, bəlkə də, heç yerdə oxşarı, analoqu olmayan bu təsvirin xammalını iradənin uyğun pilləsində dərk olunmuş ideya təşkil edir ki,
«... mahiyyətini maddiləşdirməkdən çəkinən sevgilər könüldə qətrana yapışmış çiçək... kəpənək misalı uyuyur; çöhrəyə sarılıq versə də, kəhrəba şəffavlığını itirmir».
Şair-dramaturq Göyərçin Kəriminin «Körpəsiz beşiklər» başlıqlı beş pərdəli pyesinin mövzusu Qarabağ savaşından – işğal altında olan torpaqlarımız və bu torpaqlarla həmsərhəd rayonlarımızın düşdüyü ağır vəziyyətdən götürülüb. «Körpəsiz beşiklər» pyesinin süjet xəttini izləməklə bizə aydın olur ki, işğalçı qüvvələr və onların havadarları istisna olmaqla, əsərdə mənfi obraz yoxdur.
Volterin «Məhəmməd» əsərində ölüm ayağında olan Palmira son sözlərində Məhəmmədə belə xitab edir: «Dünya tiranlar üçün yaradılmışdır: yaşa!» «Bu yalanlar» şeirində «Məkrli dövlətlərin istismar arzusuyuq», «Uşaq ölümləri»ndə «Sevinclərini mərmi atəşləri, bayram fişənglərinin səsini güc dövlətləri batırıb» deyə səslənən Göyərçinin də hədəfi tiranlardır:

Mənə söz azadlığı, sülhdən söhbət açmayın!!!
Qəyyum nəyimə gərək öz Ana vətənimdə?!
Sizi tanımam üçün kömək bəhanəsilə
Sərvətini talayıb ac-susuz qoyduğunuz
basılmış ölkələrdə
uşaq ölümlərinin sayını deyin, yetər...

Ümumiyyətlə, «Kəhrəba idim» kitabının müəllifi bütün ədəbi keçidlərində həyat eşqini idrakın işığında çoxalan şiddətlə hiss etdirməkdədir və oxucu ruhunu çox uzaq səmtlərə – idrakın üst qatlarında zahir olan əlamətlərə, vəcd anında yaşanan səssiz hayqırtıya, hənirtisi günəşin istisi qədər yandıran munis dərinliklərə istiqamətləndirir.
Göyərçinin şeir əhatəsi Yerin alt və üst qatı, Göyün ənginliyi kimi genişdir; o, insanı neqativləşdirən bütün proses və hadisələrə qarşı üsyankar mövqedədir: nakomaniyanın, homoseksualizmin, meypərəstliyin cəmiyyətə vurduğu zərəri «İnsandan böyük ideya varmı? Bütün ideyalar varlığın problemini həll etməyi nəzərdə tutursa, bəs varlığın məhvindən keçən yol hara aparır?» – deyə ön plana çəkir.

...Günəşin arxasınca boylanıb deyinirdi:
– Mən sevdalı bir qızam,
Üzünü görməyəcək qədər güclü,
Yolunu gözləyəcək qədər acizəm.

***
Batumidə yay yağışı yağardı,
İslanardım dizəcən,
Amma üşüməzdim heç...

***
... “Gülü sulu dərməzlər”,
Nə qədər biz vətəni, vətən bizi sevməsə,
Haqqımızı verməzlər, verməzlər,
Sarı gəlin...

Nəzərdən keçirilən sonuncu bənddə xalq-hökümət, hökümət-xalq vəhdətinin vacibliyindən söz açan şair demək istəyir ki, dövlət-xalq biriliyi iflasa uğrayarsa, haqqımızı itirərik... Bax, bu tərz, yaxud buna bənzər şeirlərində Göyərçin xanımın ötkəm ruhu, işığına möhtac olduğu idrak günəşi daha aydın şəkildə özünü büruzə verir. O, öz obrazları ilə sanki dialoq qurur: “«Niyə islandığın halda üşümək yadına düşmür?», yaxud «hansı səbəbdən iki söz yandırıb şeir çəkəndə, qaranlıq işığın, gecə də gündüzün qəsdinə düşür» və ya «nəyə görə sən dodağında çiçək ətri, qulağında gülüş səsi, gözlərində sevgi şəkli gətirdiyin halda, qapını açmırlar?» Müəllif məhz bu kimi sualların cavabını oxucu təxəyyülünün ixtiyarına buraxır.
«Post insan» povestindən epiloqu xatırladan bəzi cümlələrə diqqət yetirək: «Sevilmək nədir, bilirsiniz? Rahatlığını itirməkdir. Çəkdiyin hər nəfəsi əzabla ötürməkdir. Azadlığını məşhər ayağına gətirmək, arzularını məzarlığa götürməkdir... Vay o gündən ki, kəlbətinləşmiş əlləri şair barmağı idarə edə...» Bu sətirlərdə izahı tələb olunan mətləb, əlbəttə ki, əsl sevgi yox, post insanlaşmış adamların yeni məhəbbət «konsepsiya»larıdır ki, heç hansı sevgi meyarına uyğun gəlmir və müəllif bu kimi fikirlərin səsləndirilməsinə rəğmən, sanki özünə bəraət qazandırmaq üçün obrazın dililə deyir: «İnanın, sadaladıqlarımla sevgi hissi arasında hər hansı əlaqənin mövcudluğuna inanacaq qədər duyğusuz deyiləm, amma məni başa salmağa çalışdılar ki, əsl məhəbbət... »
Göyərçin insan əməlləri nümunəsində o fikri inkişaf etdirir ki, bütün əsərin məzmununu həmin fikir təşkil edir və belə qənaət hasil olur ki, müəllifə görə ən yüksək rütbə insanilikdir. «Post insan» kitabında özünə sıra qazanan «Pikasso və mən» adlı məqalədə o, yazır: «Tamaşaçının ruhu rəssamın ruhu ilə o vaxt görüşür ki, dərkolunmuşun təkrar dərki [ iterum discernentes, G.K] baş verir», yəni istənilən tamaşaçı, yaxud oxucu, bu çox istisnayi hal olsa da, əsərin ideyasını tam qavrayanda yaradıcılıq səviyyəsinə yüksəlir.
Vətənpərvər şair «Əşrəfin qızı, xınalı quzu» povestində işğal altda olan bütün şəhərlərimizin timsalında «üzünü qarşı tərəfdə sıralanan dağlara tutub» sanki ağlayır: «... Şuşa! Müqəddəs torpağına ayaq basmaq mümkün olsaydı, canım bu qədər ağrımazdı, amma yox, can rahatlığını hər yerdə tapmaq olar, vətəni vətəndən başqa heç yerdə...»
Onun əksər bədii surətləri nə zamansa günün günorta çağında əllərinə çıraq alıb adam axtaran işıqlı obrazlar, kitabları isə «şərtsiz borc» barədə mülahizələrdən, mütləq zərurətlər haqqında nəsihətnamələrdən uzaq olan, amma eyni vaxtda da öz vəzifəsini yerinə yetirməyə qabil nəcib insanlardır, yəni insan bütün hallarda etalondur. Göyərçin öz məsləkini kölgə aid olduğu cismi izlədiyi kimi müşaiyət edir.
Müəllifin «İlahi ədalət» hekayəsini oxuyarkən mütəəssir olmaya bilmirik: sözün qurtardığı məqamda anidən yaşıl işıq, əlçatmaz xəyalların gerçəkləşməsi, günahsızlığın «yuyulması», heç bir vasitə ilə əngəllənmyən ilahi ədalətin qələbəsi!
«Dünya iradə və təsəvvür kimi» kitabında şair yazır: «Dinməzlik rəmzi kimi qızılgül əkib anam, İstəyir uşaq kimi hər sözünə inanam». Hannibal Karraççi də nəşələrin saman kimi tezliklə solub-saralacağının rəmzi ifadəsi kimi şəhvətə sarı paltar geyindirmişdi.
Göyərçin məğrur təbiətilə xanımlığını bir araya necə gətirir, bizə məlum deyil, lakin yaradıcılığının qızaran üfüqləri iradəni yalnız vasitəli, yəni dolayı – ideyalar vasitəsilə obyektləşdirərək öz günəşini doğur. Məsələn, «Kapitolidə onlara mükafat verilir» adlı məqaləsində «İnsanın müqəddəs ölmək hüququ var, amma müqəddəs öldürmək hüququ heç kimə verilməyib», yaxud dahi rejissor, sissenarist... Abbas Kiarustamidən bəhs edən «Yollar müəllifi» adlı məqaləsində «Unutmaq lazım deyil ki, yol ən etibarsız yoldaşdır» – deyə səslənən publisistin elə adı çəkilən məqalədə özünün də qeyd etdiyi kimi «yolçuluğu beynəlmiləl, hissləri bəşəridir».
«Düşüncənin torpağına yağış yağır» kitabında «Dodaqlar közərib sevirəm dedi, Ay Allah bu zülmün sonu nə gərək?» – deyə mərhəmətlə əzabın eyniləşdiyi zirvədə qərar tutan müəllif sualına «Post insan» adını daşıyan toplumun «Yadplanetlilər» essesində cavab tapır: “... – Bilməyinə bilirəm, – qadın söylədi: «Amma çox üşüyürəm, o üzdən soruşdum»”. Onun «Korlar haqqında pritça» əsərində «İki buludun qarşı-qarşıya gəlməsindən sonra şimşək çaxmaq əvəzinə araya sükut çökür»”, «İşığa qərq olmuş qaranlıq şəhər»ində «Nisbi olduğuna görə, həmişə, hamının xeyrinə müfəssəl qanun yaratmaq mümkün olmur», «Drama na more» povestində «... zaman öz balalarını yeyənə qədər onlara keçib gəldikləri yolu xatırlamaq və necə köhnəldiklərini seyr etmək imkanı verir».
Göyərçin Kərimi «Pikasso və mən» başlıqlı məqaləsində rəssamın «Rəqs» əsərini təhlil edərək yazır: “... Bu bir həyat oyunu, ölüm rəqsidir... Qəribədir, dahi Azərbaycan şairi M. Füzulinin «Leyli və Məcnun» əsərində bədbəxtliyə səbəb köləlikdirsə, «Rəqs»də azadlıqdır” və onu da qeyd etməyi özünə borc bilir ki, bəşəriyyət azadlıq yolunu seçməli olsa da, dərk olunmamış azadlıq köləlikdən daha çox fəsadlara yol açır.
Nəzərdən qaçırmaq olmaz ki, publisist şairin bütün kitablarında hökm sürən üstünlüklərdən biri də janr müxtəlifliyidir: Janrı fərqli müstəvidə ictimai çalara bükmək, eyni hadisənin müxtəlif zaman kəsiyindən asılılıq mexanizmini yaratmaq, ədəbi meyllərə fəlsəfi ovqat bəxş edən mənəvi kriteriyaları cəmiyyət reallığı ilə tutuşdurmaq və s. Zənnimizcə, onun bu proseslərə dürüst yanaşmaq tərzi janra hərtərəfli bələdçiliyi hesabına gerçəkləşir.
Göyərçin Kəriminin «Post insan» əsərində böyük bədbəxtliyin təsviri faciə üçün mühüm olan o kateqoriyaya aiddir ki, bədbəxtliyin yaranma səbəbi kimi xüsusiyyət, mümkün olan son həddə qədər qeyri-adi şəkildə gəlib yetişən yamanlıq, pislik nümayiş etdirilir. Faciənin məhz bu növündə amansız tale və dəhşətli kin bizə qorxunc, uzaqdan hədələyən təsiri bağışlasa da, bu qüvvələri onlara tərəf üz çevirmədən də sovuşdurmaq mümkündür.
«Oksigen sevgilər hər iki tərəfi razı salır, karbondan asılılar, yəni inkar olunmuşlar, təsir-əks təsir tarazlığı yaradıb, ruhi xəstələr istisnadır, tədricən ağrısız yoxa çıxırlar. Təəssüf ki, əsl sevgilər qara rəngin işığı udması kimidir: zahirən əks olunmurlar». Bu sətirlər Göyərçinin «Post insan» kitabındandır. «Kəhrəba» idim essesində məhəbbətin növlərindən söz açan müəllif onu oksigen, karbon və əsl sevgi kimi üç kateqoriyaya ayıraraq, özünəməxsus şəkildə təhlil edir.
Publisist-yazıçının fikrinə görə, «insanın dərketmə qabiliyyəti məhdudlaşmır, onun yolunu kəsən təbiətin tam şüursuz olaraq sirrini gizlətməsidir».
«... Varlığını hiss edib varlığımı xatırladığım üçün bir baxışa dərinliyi ölçüyə gəlməyən boşluq...» qazanır, «... sərin külək dumanlaşmış beynini çöküntülərdən təmizləyib, toranlaşmış gözünə işıq çiləyir və özünü rahat hiss etdiyindən kənarı çiçəkli yol ilə məqsədinə doğru irəliləyir...» Göyərçin...
Onun bir çox əsərlərində obrazların taleyi oxşardır; Əsmərin də, Zümrüdün də, Gültacın da təmsil olunduqları cəmiyyət eyni, xarakterik cəhətləri də eynidir.
Göyərçin xanım oxucuya vətəndaşlıq amalı təlqin etməklə, onun öz mənəvi əhatəsində cəmləşməsinə yardımçı olur və şairin bütün kitablarında söylənən fikirlər coğrafiya, tarix və etimologiya baxımından öz dünyasını əks etdirməklə yanaşı transendent qavrayışın əsas leytmotivini təşkil edən incəliklərlə doludur.
Mənsur Həllacdan fərqli olaraq, Göyərçin Kərimi üçün «... rədd edilmiş iradəsilə tərk etdiyi dünyaya qayıtmaq çətin» olmadı, yəni «... heçliyindəki varlığı ilə varlığındakı heçliyini doldura» bildi. Elə bu səbəbdən də Alp dağlarına qalxan səyahətçilərin fikir bildirmələri üçün nəzərdə tutulmuş kitabda Artur Şopenhauerin saxlanılan əl yazısının mətnini «Dünya iradə və təsəvvür kimi» poemanın müəllifinə tuşlamaq məqsədilə bir daha xatırlamaq istəyirik: – Kim qalxar və susar?!

Əsədulla Qurbanov

BDU-nun İslamşünaslıq Elmi – Tədqiqat Mərkəzinin
rəhbəri, fəlsəfə üzrə elmlər doktoru, professor,
Beynəlxalq sülh səfiri
Bakı, yanvar, 2019-cu il