• 28 Mart 2024
logo
Paytaxtına qayıdan MƏDƏNİYYƏT

Paytaxtına qayıdan MƏDƏNİYYƏT

Prezident, Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfərini hər kəs kimi mən də səbirsizliklə gözləyirdim. Və hər dəfə Prezidentin azad olunmuş torpaqlarımıza növbəti səfəri barədə ehtimallar irəli sürüləndə, “Şuşaya gedəcək” deyirdim. Amma O, Şuşaya bu tarixi şəhərimizi Azərbaycanın mədəniyyət paytaxtı elan etdikdən sonra getdi və özü ilə bərabər Milli Mədəniyyətimizin simvol-şəhərinə Azərbaycan Mədəniyyətinin rəmzlərini də qaytardı. Şuşa Azərbaycana qayıtdığı kimi milli mədəniyyətimiz də Şuşaya qayıtdı...
...Hər dəfə İncəsənət Muzeyinin yanından keçəndə
Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün güllələnmiş büstlərinə baxıb köks ötürürdüm. Mənim üçün bu büstlər erməni gülləsinə tuş gəlmiz milli mədəniyyətimizin, identikliyimizin, kimliyimizin nümunələri idi... Nə zamansa bu büstlərin Şuşaya “dönəcəyinə” ümid bəsləsəm də, indi mənə nağıl kimi görünən bu anları yaşaya biləcəyimi ağlımdan belə keçirmirdim. Dövlətimə yox, məğlubiyyətin 30 illik acısını daşımağa çətinlik çəkən ürəyimə etibar etmirdim. Bu səbəbdən də şeirlərimin birində

“Elə yandı için-için

Külünü görən olmadı…

Bu yeriyən, bu danışan

Ölünü görən olmadı…

Ruhundakı Qara Bağın

Gülünü görən olmadı -

Şuşada öldü bu adam,

Laçında öldü bu adam”, - yazmışdım.

Bu illər ərzində işğal altında olan Şuşadan çəkilmiş foto və video görüntülərə baxa bilmirdim. Hər dəfə baxanda o büstlərə açılan güllələr dəlib keçirdi bəbəklərimi, gözümdən ürəyimə qanlı yollar çəkirdi...

Şuşa mənim yuxularımın şəhəri idi – hər dəfə saysız-hesabsız güllələrin dəlik açdığı məzar daşlarından süzülən Günəş şüalarına keşik çəkən sahibsiz itlər qarşılayırdı məni yuxularımda...

Şuşa mənim arzularımın şəhəri idi – xəyallarımın dolanbaclarında azıb qalırdım, mənzilə vara bilmirdim. İndi “daha nə istəyirsən” sualını verirəm özümə... Mənim kimi bu günlərin xiffətini çəkən nə qədər insan arzularıyla birlikdə dəfn olunub? Amma mən yaşayıram, Şuşaya, Qarabağımıza əsl övlad kimi necə sahibləndiyimizə şahidlik edirəm! Allaha şükürlər oldun!
...Hər dəfə İncəsənət muzeyinin yanından keçəndə güllələnmiş büstlərə gözünün ucuyla da olsun nəzər salmadan keçən gəncləri görəndə təəssüflənirdim, ani bir inamsızlıq sarırdı düşüncələrimi... Amma güvənmədən yaşamağın mümkünsüzlüyünü yaxşı anladığımdan səbrli olmağa, yola davam etməyə çalışırdım. İndisə bizim bacarmadığımızı bacaran, Qarabağın işğalına canıyla, qanıyla son qoyan, Şuşanın, Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin və neçə-neçə yaşayış məskənimizin azad olunmasında bəşər tarixinə yazılacaq misilsiz qəhrəmanlıqlar göstərən, təəccüblənməyi çoxdan yadırğamış dünyanı heyrətə gətirən gəncliyimizi görəndə ani inamsızlığıma görə özümü min yol qınayıram. Amma yox... Bu gənclik gözümün önündə yetişib. İlham Əliyev ilk dəfə prezident seçiləndə 10-15 yaşı olanların bu gün 27-32 yaşı var. Onlar ulu öndərin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyimindən sıyrılıb çıxıblar, azərbaycanlı olmağın qürurunu yaşayaraq böyüyüblər və Azərbaycanın qürurunu qaytarıblar. Bu gənclər dünyanın müxtəlif ölkələrində Azərbaycan bayrağını dalğalandırmağı, himnini səsləndirməyi onların həyatlarının ən böyük mənasına çevirən İlham Əliyevin idarəçiliyinin yetirmələridir. Onlar Böyük Qələbəyə inamını itirməyən, övladlarını Vətən, Vətəni övladları kimi böyüdən zəhmətsevər, fədakar, sədaqətıi, dözümlü, mərd valideynlərin Azərbaycana bəxş etdikləri Bayraq İgidlərdir!

Gələcək gənclərindir! Müstəqil Azərbaycanda, üçrəngli müqəddəs bayrağımızın kölgəsində böyüyən, tərbiyə görən,

“Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!”, deyərək ölümə meydan oxuyan cəngavərlərindir!

Keçilməz yollardan varıb keçdilər

Bu qaya igidlər, bu dağ igidlər.

Üçrəngli bayrağa könül bağlayan,

Bayraqla ucalan Bayraq İgidlər!

Elçin Mirzəbəyli