• 30 Aprel 2024
logo
Azərbaycan beynəlxalq aləmdə malik olduğu zəngin mədəni irsi ilə tanınır

Azərbaycan beynəlxalq aləmdə malik olduğu zəngin mədəni irsi ilə tanınır

Hər bir xalq öz mədəni dəyərlərinə, mədəni irsinə sahib çıxmalı, onu təbliğ və inkişaf etdirməlidir

Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. Bu gün beynəlxalq hüquq təcrübəsində Rerix paktı kimi də tanınır. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel - Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.
2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb.
Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.
Beynəlxalq mədəniyyət günü hər il aprelin 15-də dünyanın bir sıra ölkələrində, eləcə də Azərbaycanda qeyd olunur. Respublikamızda beynəlxalq səviyyəli mədəni tədbirlər isə yalnız ilin bu günü deyil, müxtəlif vaxtlarda düzənlənir.
Qədim zamanlardan zəngin mədəniyyəti ilə tanınan Azərbaycan bəşəriyyətin mədəni inkişafına hər zaman öz töhfələrini verib. Xalqımız tarix boyu mədəni özünəməxsusluğunu qoruyaraq onu yeni nəsillərə ötürə bilib.
Hər bir xalq öz mədəni dəyərlərinə, mədəni irsinə sahib çıxmalı, onu təbliğ və inkişaf etdirməlidir. Əks halda özünəməxsusluğunu qoruya, yaşada bilməz. Sevindirici haldır ki, Azərbaycan beynəlxalq aləmdə malik olduğu zəngin mədəni irsi ilə tanınır. Ölkəmiz dünyanın nüfuzlu qurumları, o cümlədən ən böyük mədəniyyət təşkilatı olan UNESKO ilə sıx əməkdaşlıq edir. Bir sıra maddi və qeyri-maddi mədəni irs nümunəmiz bu təşkilatın müvafiq siyahılarında öz yerini alıb.
Çoxəsrlik zəngin mədəni irsə sahib olan Azərbaycanda da mədəniyyətin inkişafı hər zaman dövlət tərəfindən diqqət mərkəzində saxlanılmaqdadır. Müstəqil Azərbaycanın mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər, mədəniyyətin inkişafının dövlət səviyyəsində təmin edilməsi Heydər Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlərin, islahatların uğurlu nəticəsidir. Onun mədəniyyət işçilərinə xüsusi həssaslıqla yanaşması, sənət adamlarının həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri sənət adamları bu gün də böyük həvəslə xatırlayırlar.
Sevindirici haldır ki, Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən də mədəniyyət sahəsinin inkişafı hər zaman diqqət mərkəzində saxlanılır. Dövlət başçısının müxtəlif vaxtlarda sənət adamları ilə görüşü, mədəniyyət işçilərinə fəxri adların, dövlət mükafatlarının verilməsi deyilənlərin əyani nümunələrindəndir.
Azərbaycan mədəniyyətinin inkişafı barədə söz açarkən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri mütləq vurğulanmalıdır. Onu hansısa bir mübaliğəyə yol vermədən mədəniyyətimizin səmimi dostu adlandıra bilərik. Milli mədəniyyətimiz, tarixin yaddaşı olan ənənələrimiz, mədəni-dini abidələrimiz onun simasında əsl qayğıkeşini, hamisini, təəssübkeşini tapıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət göstərir, eləcə də Azərbaycanın zəngin tarixi və mədəni irsi dünyada layiqli şəkildə təbliğ olunur.
Onu da qeyd edək ki, Azərbaycan qədim zamanlardan dünya mədəniyyətinin zəngin bir parçası kimi tanınıb və bəşəriyyətin mədəni inkişafına öz töhfələrini verib. Azərbaycan xalqı tarixən öz mədəni özünəməxsusluğunu qoruyaraq, gələcək nəsillərə ərməğan edib. Ölkəmizdəki bu özünəməxsusluq həm də çoxmədəniyyətliliklə bağlıdır. Azərbaycan 1991-ci ildən İCESCO-nun, 1993-cü ildən UNESCO-nun üzvdür. 2000-ci ildən UNESCO-nun müvafiq siyahılarında çox sayda maddi və qeyri-maddi mədəni irs nümunəmiz yer alır. Bu, eyni zamanda, özünü hər il ölkəmizdə təşkil edilən beynəlxalq festivallarda, rəngarəng mədəni layihələrdə daha aydın göstərir. Dünyaca məşhur incəsənət xadimləri ölkəmizə gələrək, həm öz mədəniyyətlərini nümayiş etdirirlər, həm də Azərbaycandakı mədəni çeşidliliklə tanış olurlar. Bütün bunlar onu deməyə əsas verir ki, biz dünya mədəniyyəti ilə sıx bağlıyıq və mədəni əlaqələrimiz sərhədlərə sığmır. Azərbaycan mütərəqqi mədəni ideyalara, beynəlxalq konvensiyalara qoşulmaqla qalmır, eyni zamanda, onların gerçəkləşməsinə real dəstək verir.
Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən mədəniyyətimizin inkişafı, onun dünyada təbliği istiqamətində işlər görüb. İndiyədək Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olunub, bununla yanaşı, bölgələrdə yeni teatr binaları tikilib və ən son texnologiyalarla təchiz olunub.
Həmçinin Tarix Muzeyi, Nizami adına Muzey, Muzey Mərkəzi təmir edilib, İncəsənət Muzeyinin iki binası, Xalça Muzeyi və regionlarda Tarix-Diyarşünaslıq muzeyləri tikilib. Birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşlərinin birində deyib: "Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz. Mən düz bir ay bundan əvvəl gənclərlə görüşdə dedim ki, bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür".
Millət vəkili, professor Nizami Cəfərov hesab edib ki, Azərbaycan mədəniyyəti təbiət etibarilə dünya mədəniyyətinə açıq olub. Bu, bir tərəfdən Şərq mədəniyyəti ilə çox bağlıdır, digər tərəfdən isə Qərb mədəni dəyərlərini özündə ehtiva edir: “Ona görə də Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyasında kifayət qədər güclü tarixi təcrübəsi var. Amma respublikamız müstəqillik qazandıqdan sonra bu məsələlər həm elmi-nəzəri baxımdan təhlil olunur, həm də bizim dövlətin siyasətində xüsusi bir yer tutur. Bu, mədəniyyətlə bağlı qanunlarda da öz əksini tapır. Biz dövlət olaraq milli mədəniyyətimizin dünya mədəniyyəti ilə sıx əlaqəsinin olduğunu etiraf edirik. Bu, sadəcə, deklarativ bir müddəa deyil, biz bunu beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində, həyata keçirdiyimiz, ev sahibliyi etdiyimiz beynəlxalq layihələr, tədbirlərlə sübut edirik. Ölkəmiz eyni zamanda həm Qərb, həm də Şərq dünyasının mədəniyyət məsələlərinin aparıcı rol oynadığı beynəlxalq qurumlarda fəal iştirak edir. Bu sahədə demək olar ki, hər il hər hansı beynəlxalq konvensiyaya, sənədə, təşəbbüsə qoşulur, onun icrasına dəstək veririk. Bir məsələni də xüsusi vurğulamaq istərdim ki, biz daxil olduğumuz beynəlxalq mədəniyyət qurumlarında təkcə öz mədəniyyətimizi təbliğ etməklə, yaxud dünya mədəniyyətinin Azərbaycanda təbliği ilə məşğul olmuruq. Eyni zamanda biz dünya mədəniyyətinin yaranmasında və inkişafında yaxından iştirak edirik”.
QHT sədri Füzuli Kərimovun fikrincə, vətənini sevən hər bir azərbaycanlı mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə böyük hörmət və məhəbbət duyğuları ilə yanaşmalıdır. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durmuş, tariximizin, mədəniyyətimizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində böyük işlər görüb.
Bu gün Azərbaycanın bir çox mühüm təşkilatların tədbirlərinə, festivallara evsahibliyi etməsi ölkəmizin bu sahədə lider rolunda çıxış etməsinin təzahürləridir. Tədbirlərin açılışı zamanı milli musiqi və rəqslərimizin nümayiş etdirilməsi, milli musiqi alətlərində ifa edilən, insanın ruhunu dincəldən musiqilər dünya ictimaiyyətində mədəniyyətimiz haqqında müsbət rəy formalaşdırır. Mədəniyyətimizin qızıl tacı muğam isə necə deyərlər, Tanrı vergisi, bir möcüzədir. Gənclərimiz muğam sənətinin gözəlliyini dünyaya nümayiş etdirir və öz məlahətli səsləri ilə hər kəsi valeh edirlər.
Bu gün işğaldan azad edilən ərazilərimizdə mədəniyyət və incəsənət sahəsində atılan addımlar, keçirilən festivallar dünya ictimaiyyətinin gündəmindədir. "Xarıbülbül", "Könlüm keçir Qarabağdan" kimi festivallar mədəniyyətimizə marağı daha da artırır. Beynəlxalq "Xarıbülbül" festivalı çərçivəsində iştirakçılara ərazi bütövlüyümüzün bərpa olunmasını əks etdirən videoçarx təqdim edilib. Ən çox maraq cəlb edən məqam isə Cıdır düzündə hamının birlikdə "Qarabağ Azərbaycandır!" söyləməsi olub. Mədəniyyətimizin beşiyi olan doğma Şuşamızda hələ çox tədbirlər keçiriləcək, bundan sonra da Azərbaycan dünya mədəniyyətinə daha böyük töhfələr verəcəkdir.

Cavid