• 27 Aprel 2024
logo
Rusiya hələ şokdan ayılmayıb

Rusiya hələ şokdan ayılmayıb

Putin cinayətin bütün günahkarları, təşkilatçıları və sifarişçilərini cəzalandıracaq

Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Krokus Siti Holl"da 22 martda baş verən terror aktı Rusiyanı silkələməklə yanaşı, Avropanı da qorxuya saldı. Avstriya və İspaniyanın hüquq-mühafizə orqanları terror təhlükəsinin səviyyəsini yüksək qiymətləndirdi, İtaliya polisi həssas ərazilərdə mümkün təhlükələri nəzərə alaraq, təhlükəsizlik tədbirlərini gücləndirdi, Fransada Moskvada baş verən terror aktından sonra terror təhlükəsi ən yüksək həddə yüksəldildi.
Xatırladaq ki, həmin gün “Piknik" qrupunun palanlaşdırılan konsertindən əvvəl atışma və yanğın baş verib. Bir neçə kamuflyajlı və maskasız şəxs zala daxil olub, onlar insanları güllələyiblər. Rusiya İstintaq Komitəsinin son məlumatına görə, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 139 nəfər ölüb, 152 nəfər xəsarət alıb.
Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, terror aktını törədən 4 nəfərin hamısı tapılaraq saxlanılıb – onlar qaçmağa cəhd ediblər. Rusiya Daxili İşlər Nazirliyi saxlanılanların əcnəbilər olduğunu bildirib. Prezident qeyd edib ki, ümumilikdə 11 nəfər saxlanılıb, təhlükəsizlik qüvvələri terrorçuların bütün bazasının üzə çıxarılması üzərində işləyir.
Rusiya prezidenti Vladimir Putin terrorçuların Ukrayna istiqamətinə qaçmağa çalışdıqlarını iddia edib. O, hətta "Kiyev rejiminin Rusiyaya hücumların bir hissəsi” olduğunu deyib. Bu iddia Ukrayna lideri Vladimir Zelenskini hiddətləndirib. O, Putini iftira atmaqda suçlayıb.
Terrorun hansı qüvvələr, kimlər tərəfindən planlaşdırıldığı ilə bağlı müxtəlif versiyalar irəli sürüldü. Hətta İŞİD məsuliyyəti öz üzərinə götürdü.
O da vurğulandı ki, “Krokus Siti Holl”da terror aktının təşkilatçıları eyni vaxtda Mərkəzi Asiya ölkələrindən birində də terror aktı hazırlayıb. “İzvestiya” yazıb ki, terakt “Krokus”la eyni vaxtda baş verməli imiş, ancaq qarşısı alınıb.
Mənbənin sözlərinə görə, cinayətkarlar konsert zalını adi benzinlə yandırıblar.
Rusiya FHN yanğının ən azı 12 min kv.m sahəni əhatə etdiyini bildirib. Rusiya mediası isə son məlumata görə, yanğın sahəsinin 13 min kv.m sahəni məhv etdiyini yazıb.
Kompleksin sahibi Araz Ağalarov ziyanın qiymətləndirilməsinin hələ başa çatmadığını qeyd edib. “Vedomosti”yə açıqlamasında azərbaycanlı milyarder deyib ki, ilk növbədə kompleksə hansı ziyan dəydiyi qiymətləndiriləcək və bərpanın necə aparılacağı təhlil ediləcək.
Rusiya, Belarus və Qazaxıstanın Ticarət Mərkəzləri İttifaqının rəhbəri Bulat Şakirovun sözlərinə görə, bərpa üçün bütün konstruksiyaları sökmək və sonra onu sıfırdan qurmaq lazımdır. Onun fikrincə, bu proses bir ildən az vaxt aparmayacaq.
“Optima Development” şirkətinin rəhbəri Dmitri Qolevin sözlərinə görə, “Krokus Siti Holl”un tam bərpası üçün 4-5 il vaxt lazımdır.
“Alto” Əmlak Fondunun rəhbəri Natalya Tişendorf isə yeni avadanlıqların alınması zərurətini nəzərə alaraq, konsert zalının bərpasına 9 milyard rubl (təxminən 98 milyon ABŞ dolları) vəsait lazım olacağını düşünür.
“Commonwealth Partnership” şirkətinin direktorlarından biri Alan Baloyevin fikrincə isə kompleksin bərpasına 12-15 milyard rubl (130-160 milyon dollar) lazımdır.
Almaniyanın daxili işlər naziri Nensi Fezer deyib ki, “Krokus Siti Holl”da törədilən terror aktına görə məsuliyyəti İŞİD ekstremist təşkilatının qolu olan Xorasandakı “İslam Dövləti” daşıyır.
“İndiyə qədər məlum olan hər şeyə əsaslanaraq, ehtimal etmək olar ki, Xorasandakı “İslam Dövləti” Moskva yaxınlığındakı ölümcül terror aktına görə məsuliyyət daşıyır”, - o bildirib.
O vurğulayıb ki, bu hücum İranın Kirman şəhərində baş verən son partlayış kimi, islamçı terrorun yaratdığı qlobal təhlükənin nə qədər ciddi qəbul edilməli olduğunu göstərir.
Londonda yaşayan tanınmış rusiyalı jurnalist Oleq Kaşin isə Moskvada, “Krokus Siti Holl”da baş verən dəhşətli terror aktını erməni silahlıların törədə biləcəyini istisna etməyib.
Bu barədə o, Yutub kanalına açıqlamasında deyib.
Kaşin bildirib ki, hər kəs ermənilərin 70-ci illərin sonunda Moskvada metroda reallaşdırdıqları terror aktını xatırlayır. Eyni zamanda, o, “Krokus Siti Holl”un azərbaycanlıya məxsus olduğunu və buna görə də ermənilərin hücum edə bilmək ehtimalını irəli sürüb.
Belə ki, icraçının kim olmasından asılı olmayaraq, əsas diqqət hazırda sifarişçinin üzərindədir.
Beynəlxalq münasibətlər üzrə ekspert Emin Əliyev "Xalq Cəbhəsi"nə deyib ki, Moskvada baş vermiş məlum terror hadisəsi Avrasiyanın 9/11-i sayıla bilər. Bölgənin nüfuz dairəsinə bölünmə prosesi daha da sürətlənəcək. Hadisədən iki həftə öncə ABŞ və Birləşmiş Krallığın xüsusi xidmət orqanlarının məlumatlı olması və bu barədə Moskvanı məlumatlandırması fonunda FSB-nin bunu qulaqardı etməsi ağılabatan deyil. Yəqin ki müvafiq “tədbirlər” görülüb: "Terror hadisəsinin özünün xronikası da bu əməliyyatın terrorçuların təkbaşına həyata keçirdiyi əməliyyata uyğun olmadığını göstərir. Terrorçular həm kütləvi qırğın törətdilər, həm binanı yandırdılar, həm də bir nəfər də ələ keçmədən qaçıb getdilər.
Hadisənin günahkarı kimi Ukraynanın təqdim edilməsi Rusiyaya heç nə verməyəcək. Çünki Rusiya Ukraynadan almaq istədiyini mövcud əməliyyatlarla da ala biləcək. İŞİD-in də özünü “ortaya atması” və mən də varam demək arzusu qəribə görünür. Rusiyada İŞİD-in dini motivli terror etməsinin ciddi dayaqları və əsasları yoxdur. İslama və müsəlmanlara qarşı kifayət qədər loyal və xoş siyasətə aparılır. Hətta Qurani-Kərimə istənilən formada xoş olmayan münasibətlər barədə Federal qanunla tədbir görülür, cəza tətbiq edilir. Ona görə də İŞİD məsələsi ciddi bir fikir kimi qəbul edilməyəcək".
Ekspertin sözlərinə görə, amma təəssüflə deyə bilərik ki, bu məsələdə İŞİD hansısa güclərin maşası kimi istifadə edilə bilər. Amma bu Rusiyanın görəcəyi tədbirlərə və hədəflərlə bağlı planlara mane olmayacaq. Rusiya bu hadisənin miqyasının böyüklüyündən istifadə edib “böyük oynayacaq”. O, Avropanı silkələyə bilər. Rusiyanın buna gücü və tarixi təcrübəsi imkan verəcək. Avropanın və Avropada “atamanlıq” etmək istəyən Fransanın da “qulağının çəkilməsi” bu fonda baş verə bilər. Moldova, Ermənistan Fransanın tərəfdaşlıq etdiyi ölkələr kimi cəzalana bilər: "Nəticədə Fransa Afrikadan sonra Avrasiyada da sıxışdırılacaq. Fransanın zədələnməsi ABŞ və Birləşmiş Krallığın da maraqları ilə üst-üstə düşür. Fransa və BK dünyada bir-biriləri ilə ən çox və uzunmüddətli müharibə aparan dövlətlərdir və bu rəqabət indi də müxtəlif formalarda davam edir. ABŞ isə Fransanı ona görə yerinə oturtmaq istəyir ki, Fransa “ABŞ-siz Avropa” və “Avropa NATO-su” layihələrinin ideya müəllifi və aparıcı oyunçusudur. Bu məqamda Rusiyanın güc və “hard power”li nüfuz qazanması onu Çindən daha aktiv dövlətə çevirəcəkdir.
Nə isə ki, dünyanı maraqlı bir yenidən dizayn olunma dövrü gözləyir.
Hər bir halda günahsız insanların həlak olması təəssüfverici haldır. Amma Stalin demiş, bir nəfərin ölməsi faciə, yüz nəfərin ölməsi statistikadır. Rusiya bu “statistika fürsəti”ni əldən buraxmayacaq".
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov isə deyib ki, sabitlik hər bir dövlət üçün çox mühüm amildir. Terror isə birbaşa sabitliyə zərbə vurur, insan itkilərinə yol açır. Sifarişçilərin və təşkilatçıların kimliyindən, icraçıların milli mənsubiyyətindən, eləcə də teraktın motivinin nə olmasından asılı olmayaraq hər yerdə günahsız, dinc insanların tələfatı ağır faciədir. Odur ki, terrorun motivi, hədəfi nə olursa-olsun, qəbuledilməzdir: "Biz terrorun amansız, acımasız üzünü yaxşı bilirik. Azərbaycan zaman-zaman Ermənistan dövlətinin və erməni terror təşkilatlarının xain hücumlarına, qanlı teraktlarına məruz qalmış ölkədir. Erməni terrorizmi bu gün də Cənubi Qafqazda və dünyanın ayrı-ayrı guşələrində sabitliyi, təhlükəsizliyi təhdid edir. Sabah Moskvadakı teraktın da altından erməni “iz”i ortaya çıxarsa, biz buna da əsla təəccüblənmərik. Heç bir ölkə terrordan, bu və ya digər təxribatlardan sığortalanmayıb. Moskvada baş verən dəhşətli terakt da bu acı həqiqəti təsdiqləyir. Biz Rusiya xalqına və terakt zamanı həyatını itirənlərin ailələrinə, yaxınlarına başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik. Allah dünyamızı insanlıqdan, mərhəmətdən məhrum terror quzğunlarından qorusun".
Rusiyalı politoloq İqor Korotçenkonun fikrincə, hələlik əsas versiyalardan biri kimi “Krokus Siti Holl”da baş verən terror aktının saxta bayraq altında həyata keçirildiyi hesab edilir. Özlərini İŞİD təşkilatı ilə əlaqəli kimi təqdim edən terror aktının icraçıları əslində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini təmsil edə bilərdilər. Bir sıra hallar bunun yalançı bayraq altında terror hücumu olduğunu göstərir.
"Birincisi, terror aktını törədənlər hadisədən sonra Ukrayna ilə sərhəddə onlara söz verildiyi "pəncərəyə" doğru gedib, lakin yolda ələ keçirilib və saxlanılıblar. İkincisi, bu gün Rusiyaya qarşı terror aktları həyata keçirən Ukraynadır. Zaxar Prilepinə, İlya Kivaya və bir sıra digər şəxslərə qarşı əvvəllər törədilmiş terror aktlarını hamımız xatırlayırıq. Təəssüf ki, bura xüsusi hərbi əməliyyatın tərəfdarı olan vətənpərvər ictimaiyyətin bir sıra görkəmli nümayəndələrinin "uğurlu" qətlləri də daxil idi. Odur ki, “Krokus Siti Holl”da baş verən terror aktından əsas faydalanan hər halda Kiyev rejimidir. Bu baxımdan, ABŞ-ın rəhbərlik etdiyi aparıcı Qərb dövlətlərinin bu terror aktının Ukrayna tərəfindən həyata keçirilməsi ehtimalını inkar edən və "İslam Dövləti"nin qollarından birini təşkilatçı kimi tanıyan çevik, əlaqələndirilmiş mövqeyi də diqqətəlayiqdir. Bu da müəyyən fikirlərə yol açır. Dünənki matəm hadisələri fonunda, eləcə də əvvəlki dövrdə və "Krokus Siti Holl"da terror aktı baş verən gün Ukrayna Rusiyanın mühüm infrastrukturuna qarşı kütləvi terror aktları həyata keçirib, Rusiya şəhərlərini, xüsusən də Belqorodu vurub.
Bu, beynəlxalq terrorizmdir, lakin Qərb Kiyevin bu cür hərəkətlərini pisləməyi lazım bilmir. Buna görə də bu gün əsas versiya təşkilatçısı Ukraynanın hərbi kəşfiyyatı olan "yalançı bayraq altında" terror hücumu hesab olunur", - o bildirib.
Putin teraktla bağlı xalqa müraciətində bildirib ki, “Krokus Siti Holl”dakı cinayətin bütün günahkarları, təşkilatçıları və sifarişçiləri ədalətli cəzalarını alacaqlar.
"Bu cinayətin bütün günahkarları, təşkilatçıları və sifarişçiləri ədalətli və qaçılmaz cəzalarını alacaqlar. Yenə deyirəm, biz terrorçuların arxasında duran, bu vəhşiliyi hazırlayan hər kəsi müəyyənləşdirib cəzalandıracağıq. Bu, Rusiyaya, xalqımıza zərbədir", - Putin qeyd edib.

Cavid