Tehranın Güney Azərbaycanda yürütdüyü dil siyasəti, eləcə də ətraf mühit və təbii sərvətlər ilə bağlı addımları müstəmləkəçilik siyasətinin nümunələridir.
Güney Azərbaycanlı fəal Türkan Bozqurd belə düşünür.
Türkan xanımın sözlərinə görə, XVI əsrdən bəri assimilyasiya siyasəti müstəmləkəçi qüvvələrin yerli əhaliyə nəzarət etmək yönündə istifadə etdikləri ən önəmli vasitələrdən biri olub:
"Bir millətin dili əlindən alındığı zaman, onların mədəniyyəti də, tarixi də, ata-babalarının dedikləri, hər şeyi əlidən alınır. Buna görə, müstəmləkəçilik assimilyasiyanı özünə ən yaxşı dost kimi görür”.
O, həmin siyasətin nəticələrinin İranda digər bölgələrdə müşahidə edildiyini vurğylayıb: "İran kontekstində də çox rahat gördüyümüz şeylərdən biri budur ki, məsələn, bir çox azlıqların dilini və onlardan onlardan qoparmaqla kifayətlənmirlər, bir də onlarda özgələşmə və aşağılıq kompleksi yaradırlar. O millətin insanları özlərini o dominant mədəniyyətdən daha aşağı və daha az inkişaf etmiş görürlər. Öz dillərindən, öz mədəniyyətlərindən utanırlar. Dominant mədəniyyətin bir parçası olmaq istəyirlər. Türklər arasında da öz mədəniyyətindən utanma və özgələşmə var. Farsca danışmaq niyə dəb olur? Çünki fars mədəniyyətinin səndən daha yuxarı və daha yaxşı olduğunu aşılayırlar”.
Türkan Bozqurt hesab edir ki, ətraf mühit və təbii sərvərlər ilə bağlı siyasətlərdə də müstəmləçilik siyasətlərinin nümunələri görünür: "Müstəmləkəçilərdən alınan metodlardan biri də yerlilərin yaşadığı çevrəni bilərək məhv edib və onları köçməyə məcbur etməkdir. Biz bunu Güney Azərbaycanda çox yaxşı görürük. Azərbaycanda olan yeraltı və yerüstü mədənləri azərbaycanlılar üçün deyil, aparıb farsların yaşadığı bölgələrdə istifadə edirlər. O bölgənin sahiblərini yoxsul və gücsüz buraxılır ki, savaşmaq gücü olmasın".
Onun sözlərinə görə, dominant mədəniyyətin digər mədəniyyətlərə görə daha üstün mövqedə göstərilməsi müxalif siyasi qüvvələr arasındakı münasibətlərə də təsir edir: "Bizim liderlərimiz, fəallarımız, bizim insanlarımız illərdir deyirlər ki, irqçilik var, ayrı-seçkilik var, gəlin insan haqları üçün İran hakimiyyətinə qarşı duraq. Bizim insanlar bunu deyəndə, biz haqsız oluruq. Amma nə zaman ki, o dominant qrup özünü hazır görür ki, gəlsin meydana savaşsın, o zaman deyir ki, mən hazıram, siz də hazır olmalısınız. İstəyir ki, onun doğru gördüyünü bizə doğru görək. Çünki yuxarıdan baxır, öz kültürünü, öz xalqını və öz liderlərini daha yuxarıda görür".