Güney Azərbaycanda bəzi ictimai fəallar və yerli siyasətçilər bölgənin inzibati ərazi quruluşunda dəyişikliklərin həyata keçirilməsindən narahat olduqlarını ifadə edirlər.
“İran” adlanan ölkənin “Qərbi Azərbaycan” vilayətində yaşayan türk fəal və araşdırmaçı Musa Aşüftənin qənətinə görə, İrandakı hökümətlər son yüzildə "türklərin özlərini müştərək bir siyasi və coğrafi kimlik içərisində təqdim etmələrini əngəlləmək üçün Azərbaycanı fərqli vilayətlərə parçalayıblar: "Son iki ildə Qərbi Azərbaycanın güney bölümündə bir neçə bölgədə əcaib, ağla-məntiqə sığmayan və İran dövlətinin öz qayda və ənənələrinə də uyğun olmayan bir şəkildə yeni şəhristanlar yaranır. Rəsmi və qeyri-rəsmi məlumatlara baxanda bu dəyişikliklərin böyük bir planın parçası olduğunu və burada yeni bir ostan (vilayət) yaradılıb və onun Azərbaycan tərkibindən çıxarılmasının planlaşdırıldığını görürük. Həm Pəhləvilər, həm də İslam Respublikası dönəmində İran Azərbaycanının bir çox şəhəri, o cümlədən Qəzvin, Həmədan, Zəncan və Ərdəbilə ətraf bölgələri ilə birlikdə ostan/vilayət statusu verilib. Vilayət olduqdan sonra "Azərbaycan" adı bunların üzərindən götürülüb. Biz İranda Azərbaycandan söhbət edəndə, iki Azərbaycandan danışa bilərik: biri, tarixi Azərbaycan, yəni 100 il öncəyə doğru. Biri də, günümüzdəki hüquqi və rəsmi Azərbaycan. Son yüzilin siyasətləri və planlı inzibati bölgü dəyişiklikləri nəticəsində böyük və tarixi Azərbaycanda indi sadəcə iki ostan “Azərbaycan” adını daşıyır: Qərbi və Şərqi Azərbaycan. Son bir neçə onillikdə bu planın Qərbi Azərbaycanda da həyata keçirilmək istənildiyini görə bilirik".
Araşdırmaçı hesab edir ki, İran dövlət anlayışında "türklərin özlərini müştərək bir siyasi və coğrafi kimlik içərisində təqdim etməsi" əngəlləmək istənilir.
Onun sözlərinə görə, "son yüzildə modern İran millət-dövləti qurulduqdan bəri, İran dövləti türklərin özlərini müştərək bir siyasi, coğrafi və idari kimlik içərisində təqdim etmələrini istəmir. Azərbaycan coğrafiyasında və hətta Azərbaycan coğrafiyasından daha böyük bir coğrafiyada yaşayan türkləri fərqli metodlar ilə bölməyə çalışırlar. Bu şəkildə elə Azərbaycandan 6-7 ostan və bir çox şəhər ayrılıb. Bunların bir qismi qonşuluqda olan fərqli kimliklərdə olan vilayətlərə verilib."
Aşüftə keçmiş illərdə də “Qərbi Azərbaycan” vilayətində yeni bir vilayətin yaradılmasına dair layihələrin gündəmə gəldiyini, lakin təpkilər nəticəsində gündəmdən çıxarıldığını ifadə edib: "İllərdir ki, dövlətin özəlliklə “Qərbi Azərbaycan” vilayətində bu niyyətini görürük. Dövlət Qərbi Azərbaycanın bir parçasını ayırıb ayrı bir ostan etmək və onu türk kimliyi çərçivəsindən, Azərbaycan çərçivəsindən çıxarmaq istəyir. Türk ictimaiyyətinin Təbrizdə, Urmiyədə, Ərdəbildə, Zəncanda, hər yerdə buna ciddi təpkisi və etirazı var. Bunlar hər zaman bu planı həyata keçirmək isəyiblər. İnsanlar da buna qarşı çıxıb. Bəzən millət vəkilləri belə səssizliklərini pozmağa məcbur olublar. Nəticədə dövlət bu plandan bir qədər geri oturub, fəqət bir başqa mərhələdə fərqli-fərqli əsaslandırmalar ilə yenidən bu plana yanaşıblar" - deyə, Musa Aşüftə əlavə edib.