• 27 Yanvar 2023
logo
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı əsas prioritetlərdəndir

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı əsas prioritetlərdəndir

Hər bir dövlətin, cəmiyyətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Son illər bu diqqət və qayğı daha da artıb. Yeni məktəblərin tikintisi və təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və olimpiya komplekslərinin inşası və s. buna sübutdur. Ölkəmizdə yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri xüsusilə diqqət mərkəzindədir. Həyat üçün ən vacib şərtlərdən biri olan fiziki tərbiyə, başqa sözlə desək, bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır.
YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov “Xalq Cəbhəsi”nə deyib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin son 19 ildə hər bir sahənin inkişafına yönələn addımları Azərbaycanın təkmil inkişaf modelinin beynəlxalq miqyasda dəstəklənməsində özünün aydın ifadəsini tapır. Ölkəmizin iqtisadi inkişafı hər bir sahədə, o cümlədən idman sahəsində mühüm addımların atılmasıa geniş imkanlar yaradır. Son illərdə idmanın inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Bu uğurların təməlində ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət dayanır. Ümummilli Lider bildirmişdir: “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.” 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirən ulu öndər Heydər Əliyev fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsini vacib amil kimi önə çəkdi. Dahi şəxsiyyətin bu istiqamətdə atdığı biri-birindən əhəmiyyətli addımların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır. Bu sahədə uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, paytaxt və bölgələrdə yaradılmış müasir idman infrastrukturu da bu göstəriciləri tamamlayır. Buna ölkəmizdə keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman sürətlə inkişaf edir:
“Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev bu fikri böyük inamla qeyd etdi ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar: “Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir.”
Bu statistik rəqəm də açıqlandı ki, idmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar. Onlardan 300-ə yaxını qızıl medaldır. “Doğrudan da böyük nailiyyətdir” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil”.
M.Babalabəyov qeyd edib ki, ölkəmizdə idmanın inkişafının prioritetliyi atılan davamlı addımlarda özünü təsdiqləyir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.
Azərbaycan mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. 2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması- ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də deyilənlərin təsdiqidir. Günümüzün qürurverici hadisələrindən biri budur ki, artıq işğaldan azad edilmiş torpaqlarımız beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilir. Dövlət başçısı İlham Əliyev sözügedən mərasimdə ötən il bu torpaqlarda keçirilən beynəlxalq yarışlardan qürurla bəhs edərək bu hədəfi də xüsusi qeyd etdi ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq.
YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyevin sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə bütün sahələrlə yanaşı idmanın da inkişafına xüsusi diqqət göstərilmişdir. Xüsusilə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz bu siyasətin məntiqi nəticəsi idi ki, qısa vaxt ərzində ölkəmiz idman ölkəsi kimi beynəlxalq aləmdə tanınındı və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində mühüm işlər həyata keçirildi: “Ulu Öndər Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, “idmançılar hər zaman dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir”.
Sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər və idman siyasəti bu gün Ümummilli Liderimizin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar bütün sahələrlə yanaşı idman sahəsinin inkişafına da mühüm töhfə verməkdədir. Əminliklə deyə bilərik ki, Azərbaycanda idmana olan diqqət və qayğı bu gün bir sıra ölkələr üçün nümunə təşkil etməkdədir. Respublikamızın paytaxtında və bütün bölgələrində müasir tələblərə cavab verən Olimpiya İdman kompleksləri, stadionlar və idman zalları tikilərək idmançılarımızın istifadəsinə verilməsi, eyni zamanda idmançılara göstərilən qayğı bunun bariz sübutudur. Bununla yanaşı ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq səviyyəli mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb. Sevindirici və qürurverici haldır ki, artıq Azərbaycan beynəlxalq səviyyəli idman tədbirlərinin uğurla keçirildiyi bir ölkəyə çevrilmişdir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir”.
S.Baxşiyev qeyd edib ki, Cənab Prezidentin vaxtaşırı olaraq idman sahəsində uğurları olan idmançılarımızla görüşləri, onların problemlərinin həlli istiqamətində atılan addımlar artıq ənənə halını almaqdadır. Xüsusilə hər ilin sonunda ölkə başçısının idman sahəsində ilin yekunlarına həsr edilmiş tədbirlərdə idmançılarımızla bir araya gəlməsi və uğur qazanan idmançılarımızın mükafatlandırılması gələcək zəfərlər üçün əsas stimul yaradır. Yanvar ayının 9-da 2022-ci ilin idman yekunlarına həsr edilmiş tədbirdə də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev cənablarının iştirakı, idmançılarımız qarşısında geniş nitqlə çıxış etməsi və sonda idmançılarımızı mükafatlandırması ölkəmizdə idmana və idmançılarımıza göstərilən diqqət və qayğının bariz sübutu idi. Cənab Prezident öz çıxışında ölkəmizin idman sahəsində əldə etdiyi böyük uğurlardan, həmçinin qarşıda duran vəzifələrdən geniş bəhs etdi. Ölkə başçımız son illərdə gənclərimizin idmana kütləvi axınını təqdirəlayiq hal kimi qiymətləndirərək qeyd etdi ki, “Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar. Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.
Bu gün qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan beynəlxalq idman ailəsində layiqli yerini tutmaqdadır. Artıq idmançılarımız beynəlxalq səviyyəli yarışlarda ölkəmizi qalib gəlmiş müzəffər xalqın nümayəndəsi kimi təmsil edir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının idmanın inkişafına olan diqqət və qayğısı onu göstərir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız böyük uğurlar qazanacaqdır.

Cavid