• 26 Sentyabr 2022
logo
Bu gün Bilik Günüdür

Bu gün Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik günü kimi qeyd olunur.
Xatırladaq ki, 2004-cü ilə qədər Bilik günü sentyabrın 1-nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb.
Beləliklə, həmin gün Bilik günü kimi qeyd olunub.
Hər il olduğu kimi bu gün də məktəblərə şagird və valideyn axını başlayacaq. Bu da müəyyən problemlərin yaranmasına səbəb olacaq. Buna görə də Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib: “15 sentyabrda yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil ocaqları yaxınlığında şəxsi minik avtomobillərinin park edilməsi və dayanma-durma qaydalarının pozulması halları digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə maneə yaradır və yollarda sıxlığın yaranmasına səbəb olur. Məktəblər ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi, eyni zamanda təhsil müəssisələri istiqamətində hərəkət edənlərin ləngiməməsi üçün sürücülər Qanunun tələblərinə əməl etməlidirlər. Unutmayaq ki, yollarda hərəkət sıxlığı ictimai nəqliyyat vasitəsi ilə təhsil almağa gələn məktəblilər üçün də gecikmələrə səbəb olur. Buna görə avtomobilləri yolun ikinci zolağında saxlamamaq, dayanma-durma və parklanma qaydalarına düzgün əməl etmək vacib şərtlərdəndir. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bütün şagird və tələbələri yeni “Bilik günü” münasibəti ilə təbrik edir və sürücüləri yol hərəkəti qaydalarına riayət etməklə həm də məktəblilərə nümunə olmağa çağırır”.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyindən aldığımız məlumata görə, yeni tədris ilində ümumilikdə 1 616 214 şagird təhsil alacaq. Bunlardan 158 297-si birinci sinif, 147 029-u doqquzuncu sinif, 100 455-i isə on birinci sinifdə təhsil alacaq.
Onu da vurğulayaq ki, yeni tədris ilinin başlanması öncəsi hər ildə olduğu kimi bu ildə də bir çox məktəblər, sinif otaqları təmir edilib. Bir sözlə, yeni tədris ilinə tam hazırlıq görülüb.
Qeyd edək ki, təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, yeni əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir. Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir. Yeri gəlmişkən, 2022-2023-cü tədris ilində 70-ə yaxın məktəb binası tikiləcək və ya əsaslı təmir edilərək istifadəyə veriləcək. Bu məktəblərdən 30-u modul tiplidir.
Amma problemlərdən də yan keçmək olmur. Bu da məktəbli formaları, birinci sininf şagirdlərinin yerləşdirilməsi, şagird sıxlığı, hətta gül bazarında bahalaşmadır. Belə ki, yeni tədris ilinin başlamasına bir neçə gün qalmış valideynlərin məktəbli formaları tapmaq problemi ilə üzləşdilər. Biz hələ bu formanın qiyməti barədə bəhs etmirik. Belə ki, ötən gün Bakı Tikiş Evində izdiham yaranıb. Həm ibtidai sinif, həm də yuxarı sinif şagirdlərinin valideynləri yeni forma almağa tələsiblər. Lakin bütün siniflər forma ilə təmin oluna bilməyəcək. Valideynlərin çoxu istədikləri ölçüdə forma tapa bilmədiklərini qeyd edib.
Bakı Tikiş Evindən valideynlərin forma əldə edə bilməməsinə, yaşanan izdihama aydınlıq gətirilib.
Bildirilib ki, valideynlərin bütün ölçüləri tapması mümkün olmayacaq. Tikiş Evinin əsas vəzifəsi ibtidai sinif şagirdlərini forma ilə təmin etməkdir. Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev yeni məktəbli formalarının məcburi olmadığını bildirib.
Beləliklə, qarşıdan gələn tədris ilində ilkin mərhələdə ancaq ibtidai sinif şagirdləri yeni məktəbli formalarını əldə edə biləcəklər. Yuxarı sinif şagirdləri isə ancaq növbəti ildən etibarən yeni formada dərsə gedəcəklər.
Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, tək bir müəssisə bütün Bakı şəhərini forma ilə təmin edə bilməz: “Məktəbli formaları üçün heç bir qurum bizə müraciət etməyib. Biz dövlət müəssisəsi deyilik, özəl qurumuq. Biz bank krediti ilə işləyirik. Aşağı faizlə də bizə kredit verən yoxdur. Gərək əvvəldən bu işə razılaşmazdıq. İndi hamı məsuliyyəti bizim üzərimizə atır”.
E.Əzimov bildirib ki, tikiş evi hər gün 1200-1500 forma istehsal edə bilir: “Hazırda tələbat qısaqol köynəklərədir. Yay üçün biz qısaqol forma hazırladıq, uzunqol köynəklər də hazırlanır”.
Şöbə müdiri izdihamda günahı məktəb direktorlarında görüb: “Direktorlar valideynləri məcbur edirlər ki, mütləq forma ilə gəlin məktəbə. Bir fabrik hamını necə təmin etsin? Nazir də bildirib ki, bu tövsiyə xarakterlidir. Camaatı belə təşvişə salmaq olmaz. Bizim burada heç bir günahımız yoxdur”.
"Burada da 2 mağaza fəaliyyət göstərir. Həmin mağazalardan formaların satışı həyata keçirilir. Bununla biz satdığımız məhsula zəmanət verə bilirik. Bu formalar başqa yerdə satılanda bir az baha satılır. "Bravo" supermarketlərinə də 6000 min forma verildi və satıldı. Biz çox məhsul istehsal edə bilmirik. Bir tikiş fabriki Bakıdakı bütün şagirdlərə məktəbli formasını necə istehsal edə bilər? Biz özəl müəssisəyik. Əsas işimiz hərbi paltarların tikilməsidir. Ona görə də biz bütün işimizi atıb, yalnız məktəbli forması istehsal edə bilmərik. Bu barədə heç bir məsuliyyətimiz yoxdur. Nə Elm və Təhsil Nazirliyi, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bizə tapşırıq verib, müqavilə bağlamayıb. Keçən il məktəbli forması istehsal etdiyimiz üçün bu il də istədik ki, bu işə kömək edək. Lakin bir fabrik bütün tələbatı ödəyə bilməz", - deyə o bildirib.
Sonda E.Əzimov bildirib ki, hazırda 30 mindən çox forma satılıb.
Məktəbli formalarının hazırlanması və satışı məsələsi ortaya çıxdıqda millət vəkili Fazil Mustafa deyib ki, məktəbli forması bir neçə məmurun sexində istehsal olunur və üzərinə istədiyi qiyməti yapışdırırlar:“Hamı tökülub inhisarçıdan baha qiymətə forma almağa. Unutmayaq ki, bu forma çox uşaq üçün bir il işə yarayır. Təhsilin keyfiyyətinə diqqət yetirmək lazımdır, formasına deyil. Təklifim budur ki, müvafiq icra hakimiyyəti məktəbli qızlar və oğlanlar üçün ən azı 10 çeşid alternativ geyim formaları təqdim etsin. Qoy bir məktəbdə on çeşid bir-birinə yaxın forma olsun, təki valideyn onu rahat əldə etsin. Hələ bir neçə uşağı məktəbə gedən valideynlərin halını təsvir etmirəm. Bəlkə elə valideyn var ki, forma almağa imkanı yoxdur, özü evdə tikib uşağa versin. Bütün hallarda alternativ çox olanda qiymət də münasib olur. Əslində dövlət formanı pulsuz təmin etmənin yollarını tapsa, yaxşı olardı. Yüz yerdə mənasız israfımız var, təhsildən hər yayındırılan vəsait küçədə bir cahilin, bir narkomanın sayının artması deməkdir. Bu ölkə onsuz da cahilliyə məğlub olmağa doğru gedir”.
Şagird sıxlığına gəlincə, Bakı və Abşeronda əksər məktəblərdə şagird sıxlığı müşahidə olunur. Bakıda elə məktəblər var ki, şagirdlər məktəbə qəbul üçün elektron sistemdə yeni sinifin açılması üçün növbə gözləyirlər. Buna əsasən birinci sinifə qəbulda daha çox rast gəlinsə də, problem şagird yerdəyişməsi zamanı da yaranır. Yuxarı siniflərdə də elə məktəblər var ki, şagird sayı çox olduğundan, yeni şagird qəbul edə bilmir.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini İlqar Orucov Sputnik-Azərbaycana bildirib ki, Bakı və Abşeronda məktəblərdə sıxlığın müxtəlif səbəbləri var. O, deyib ki, bu gün məktəblərdə yeni korpusların yaradılması ilə problemi həll etmək mümkün deyil. İ. Orucovun sözlərinə görə, bəzən müəyyən fənlər üzrə müəllim çatışmazlığı yaranır. Belə halda yeni siniflərin açılması problemə çevrilir. İ. Orucovun fikrincə, pedoqoji fəaliyyətlə məşğul olan müəllimlərin sayı artırılmalıdır. Bundan əlavə gənc müəllimlərin stimullaşdırılması yönündə tədbir görülməlidir ki, müəllim işləmək istəyən ixtisaslı kadrların sayı çox olsun. İ. Orucov bildirib ki, digər problem məktəblərdə boş sinif otaqlarının çatışmazlığı ilə bağlıdır. Bu problemin həlli üçün isə sinif otaqlarının sayının artırılması və yeni məktəblərin inşası tələb olunur.
Təhsil üzrə ekspert Kamran Əsədov isə problemin yaranmasının kökündə əsasən sinif çatışmazlığının dayandığını söyləyir.
Onun sözlərinə görə, ölkədə 4432 ümumtəhsil müəssisəsində 1,6 milyon şagird təhsil alır. K. Əsədovun sözlərinə görə, bu məktəblərin 320-i Bakının payına düşür. 500 min şagird isə paytaxtda təhsil alır.
Bu gün valideynlər birinci sinfə gedən övladlarına müəllimələrinə hədiyyə olaraq gül dəstələri də alırlar ki, bu da gül bazarında canlanma yaradıb. Qiymətlər də “at belində” – gül buketinin minimum qiyməti 10 manatdan 200-250 manatadək, daha çox dəyişir…
Problemlərin olduğuna və çözülməsi üçün vaxtın tələb olmasına baxmayaraq, bu gün yeni tədris ilinin başlanması münasibətilə bütün müəllim və şagird kollektivini təbrik edirik, məktəblilərə dərslərində, pedaqoji kollektivə fəaliyyətində uğurlar arzulayırıq.
Cavid