• 28 İyun 2022
logo
Azərbaycanla Türkiyə arasında səhiyyə üzrə "yol xəritəsi" imzalanıb

Azərbaycanla Türkiyə arasında səhiyyə üzrə "yol xəritəsi" imzalanıb

Səhiyyə naziri Teymur Musayevlə Türkiyə səhiyyə naziri Fahreddin Koca arasında görüş keçirilib.
Nazirlikdən verilən xəbərə görə, görüş zamanı Fahrettin Koca və Teymur Musayev “Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi”ni imzalayıblar.
Yol Xəritəsinin gələcək əməkdaşlıq istiqamətində əhəmiyyətini vurğulayan qardaş ölkələrinin səhiyyə nazirləri imzalanan sənədin Türkiyə və Azərbaycan səhiyyə sektorunun inkişafı yolunda mühüm rol oynayacağını diqqətə çatdırıblar.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Görüş zamanı Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirib:
“Möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bizim birlik və həmrəyliyimizin bariz göstəricisidir”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Türkiyə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi ölkələrimiz arasında əlaqələrin yüksəksəlməsinə tövhə verəcək.
Türkiyəli nazir vurğulayıb ki, bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ölkələrimiz arasında sıx əlaqələr mövcüddur. Fahrettin Koca Azərbaycan və Türkiyənin yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə uğur qazanan ölkələr sırasında olduğunu diqqətə çatdırdı: “2020-ci ildən dünyanı bürüyən COVID-19 koronavirusa qarşı birgə mübarizəmiz uğurla sonlanır. Bu müddətdə tibb işçiləri ən böyük dəstəkçimiz olub”.
Türkiyə səhiyyə naziri Fahrettin Koca azərbaycanlı həmkarını cari ilin oktyabrında İstanbulda keçiriləcək Türk Tibb Dünyası Konqresinə dəvət edib.
Səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın iki dövlət yoxdur: “Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələr, dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər”.
Çıxışının sonunda səhiyyə naziri qeyd edibdi ki, yaxın vaxtlarda Azərbaycanda tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət mərkəzi yaradılacaq:
“Həmçinin, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi fəaliyyətə başlayacaq. Bu sahələrin inkişafında Türkiyəli həmkarlarımızın dəstəyinə ümidvarıq”.
Qeyd edək ki, tədbirdə həmçinin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib.