• 27 İyul 2024
logo
Ətraf mühitin qorunması Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir

Ətraf mühitin qorunması Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir

XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başlayıb. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anlayıblar.
Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başlayıblar.
Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışıb.
Sənaye sahəsinin inkişafı insan əliylə təbiətin və ətraf mühitin də böyük bir sürətlə çirklənməsinə yol açdı. Mindiyi budağı kəsməkdə olduğunu hiss edən bəşəriyyət əslində öz-özünü yeniləyərək dünyanın təbii tarazlığını pozduğunu anladı. Bu şüurla bu dəfə təbiətin tarazlığını qorumağa başladı. Sənaye müəssisələrinin, avtomobillərin və hər cür tullantının təbiətə zərər vermədən çevrilməsi üçün ağıllı yollar axtarıldı. Dövlətlər beynəlxalq təşkilatlar vasitəsilə dünyanı qorumaq üçün hərəkətə keçdi.
Bu gün və gələcəkdə insanların tərtəmiz bir dünyada yaşaya bilməsi üçün əlimizdən gələni etmək məcburiyyətindəyik.
Ümumdünya Ətraf Mühit günü — 5 iyun "Ümumdünya Ətraf Mühit Günü"nün(və ya "Coğrafiyaçılar günü") qeyd olunması 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edilib.
Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat — BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.
Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub. Onlar "ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar" adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişdilər.
Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətnaməsində BMT-yə daxil olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönələn işlər həyata keçirməyə çağırır.
Hər il Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən baş şəhərlər elan edir. 2010-cu ildə İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə bərabər Azərbaycanın Bakı şəhəri də mərkəz şəhər seçilib.
Bakının bu statusa layiq görülməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirilir və Beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana böyük əhəmiyyət verməsindən irəli gəlir. XIX əsrin sonlarından başlayan elmi texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.
Ətraf mühitin mühafizəsi və ekoloji problemlər Azərbaycanda da diqqət mərkəzindədir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi və həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib, biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, su ehtiyatlarının davamlı idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Bu il də 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində Bakıda və respublikanın rayonlarında ictimaiyyətlə birgə iməciliklər təşkil olunur, yaşıllıqlara qulluq edilir, o cümlədən bir sıra yerlərdə təmizlik abadlıq işləri aparılaraq ərazilər məişət tullantılarından təmizlənir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Ətraf mühit və onun komponentlərinin qorunması məqsədilə ötən il Qızılağac Milli Parkı yaradılıb. Nazirlik ictimai-iaşə obyektlərində reydlər keçirir, ətraf mühitə zərər verəcək hər hansı bir fəaliyyətin qarşısını alır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətraf mühitin qorunması, ekoloji problemlərin həlli məsələlərini daim diqqət mərkəzində saxlaması ölkəmizdə ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə böyük təkan vermiş, bu sahədə iri layihələr uğurla həyata keçirilmişdir. Hazırda bu işlər davam etdirilir. Dövlət başçısının 2010-cu ili “Ekologiya ili” elan etməsi ekoloji problemlərin həlli ilə məşğul olan dövlət qurumlarının qarşısında mühüm vəzifələr qoymuşdur.
“Təmiz Şəhər” ASC təsis edildiyi gündən ətraf mühitin mühafizəsi və insanların sağlamlığının təmin edilməsinə yönəlmiş bir çox tədbirlər həyata keçirmişdir. Balaxanı şəhər məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda görülmüş işlər nəticəsində ərazinin ətraf mühitə mənfi təsirləri azalmışdır. Səhmdar Cəmiyyət həmçinin, ölkəmizdə ekoloji problemlərin həllində cəmiyyətin iştirakını təmin etmək və ictimaiyyətin ekoloji problemlərə diqqətini artırmaq məqsədilə müxtəlif tədbirlər keçirir.
“Ümumdünya ətraf mühit günü”ndə ictimaiyyətin diqqətini ekoloji problemlərə bir daha cəlb etmək məqsədilə “Təmiz Şəhər” ASC “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda məişət tullantılarından hazırlanmış ağac nümayiş etdirib. Tullantılardan hazırlanmış ağacın məhz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində nümayiş etdirilməsi həç də təsadüf deyil. Belə ki, İçərişəhərin təmizliyinin və gözəlliyinin qorunması məqsədilə bu ilin fevral ayından etibarən “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə qoruq ərazisində yaranan məişət tullantılarının çeşidlənməsi üzrə tədbirlər görülür. Artıq qoruq ərazisində üzvi və qeyri-üzvi tullantıların çeşidlənməsinə başlanılıb, tullantıları ayırmaq üçün xüsusi işarələnmiş konteynerlər yerləşdirilib və əhaliyə ikiseksiyalı tullantı qabları paylanılıb.
Onu da qeyd edək ki, Azərbaycanın Qarabağ regionunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməklə, uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazilərdə ətraf mühitə, bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə zərər vurulmuş, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri məqsədli şəkildə talan olunub.
2020-ci ildə region azad edildikdən sonra “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə verilmiş tapşırıqlara əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji tarazlığın bərpa olunması istiqamətində meşə ehtiyatlarının, fauna və floranın, xüsusi mühafizə olunan təbiət ərazilərinin, su ehtiyatlarının, faydalı qazıntı yataqlarının qiymətləndirilməsi işlərinə başlanılıb.
Son illərdə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətlərdə həyata keçirilən layihələr ətraf mühitin komponentlərinin bərpasında rol oynayıb.

Cavid