• 27 Aprel 2024
logo
Dünyanın diqqəti Bakıya yönəlib

Dünyanın diqqəti Bakıya yönəlib

COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalamış bütün 199 ölkənin nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir. Konfransa yeddi ay qalmasına baxmayaraq yüksək səviyyədə hazırlıq işləri davam edir, beynəlxalq əhəmiyyətli görüşlər keçirilir, müzakirələr aparılır. Dünyanın diqqəti Bakıya yönəlib, konfransın yüksək səviyyədə keçiriləcəyinə, Bakının bu konfransa da nöqsansız ev sahibliyi edəcəyinə tam əminlik və inam yaranıb.
“Yaşıl diplomatiya” üzrə görüşün yekunlarına dair bəyanatda bildirilib ki, Avropa İttifaqı (Aİ) Şurası bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasında (COP29) uğurlu nəticələr əldə etmək üçün Azərbaycanla əməkdaşlığa ümid edir.
“Təşkilat Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) Dubayda COP28-ə ev sahibliyi etdiyi üçün təşəkkür edir və BƏƏ Konsensusunun qəbulunu alqışlayır. Aİ COP29 və COP30-la bağlı uğurlu və iddialı nəticələrə nail olmaq üçün bütün tərəfdaşlarla, o cümlədən “üçlük”lə - Birləşmiş Ərəb Əmirlikləri və gələcək COP sədrləri - Azərbaycan və Braziliya ilə işləməyi səbirsizliklə gözləyir”, - bəyanatda qeyd edilib.
Aİ Şurası vurğulayıb ki, dayanıqlı gələcəyi təmin etmək üçün COP28 və biomüxtəlifliyə dair qlobal çərçivə proqramında razılaşdırılmış qlobal öhdəliklərin yerinə yetirilməsi vacibdir: “Bu fonda Aİ BMT-nin Bakıda və Belendə keçiriləcək növbəti iqlim konfranslarında uğurlu və iddialı nəticələr əldə etmək üçün bütün tərəfdaşlarla işləməyi, həmçinin Kolumbiyada Bioloji Müxtəliflik üzrə növbəti Konvensiya üzərində işləməyi səbirsizliklə gözləyir”.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) sədri Muxtar Babayev Kopenhagendə (Danimarka) ətraf mühit nazirlərinin iclasında iqlim məsələləri üzrə dünya liderləri ilə görüşüb.
Bu barədə COP29-un “X” sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilir ki, M.Babayev Danimarkanın inkişaf, əməkdaşlıq və qlobal iqlim siyasəti üzrə naziri Dan Yorgensen, Böyük Britaniyanın enerji təhlükəsizliyi və emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə naziri Qrem Stüart da daxil olmaqla qlobal iqlim məsələləri üzrə dünya liderləri ilə görüşüb.
Müzakirələr Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC), iqlim maliyyələşdirilməsi, iqlim dəyişikliyinə uyğunlaşma, itkilər, zərərlər və iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına yönəldilib.
Azərbaycanın energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov da ABŞ-də keçirilən “CERAWeek” illik enerji konfransında iştirak edib.
“CERAWeek” iştirakçılarına müraciət edən COP29-un baş icraçı direktoru Elnur Soltanov Azərbaycanın enerji sektorunun dekarbonizasiyası istiqamətindəki səylərindən danışıb. COP29 enerji keçidini inkişaf etdirmək üçün COP28-də əldə edilmiş irəliləyişə əsaslanaraq qlobal öhdəliklərin yerinə yetirilməsi, genişləndirilməsi və miqyasının artırılması səylərini dəstəkləyəcək”, - paylaşımda bildirilib.
Milli Məclisin sədri və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında çıxışı zamanı deyib ki, iqlim dəyişikliyi kollektiv səy tələb edən ən böyük problemlərdən biridir və gələcək nəsillərin taleyi bu gün atacağımız addımlardan asılıdır. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) ev sahibi olaraq seçilməsi və tədbirin bu ilin noyabr ayında Bakıda keçirilməsi Azərbaycanın təkcə milli deyil, həm də regional və qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizə səylərinin tanınması kimi qiymətləndirilməlidir.
Milli Məclisin sədri Azərbaycanın COP-29-a ev sahibliyi etməsindən böyük şərəf duyduğumuzu və bu məsələdə məsuliyyəti də dərk etdiyimizi deyib. O bildirib ki, ümumi iş naminə toplumları və ölkələri birləşdirmək potensialına malik olan Azərbaycan beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinə yönəlmiş, ədalətli və dayanıqlı gələcəyin gerçəkləşdirilməsi səylərini istiqamətləndirməyə hazırdır.
İqlim dəyişikliyi ilə mübarizə tədbirlərini təşviq etmək və hədəflərə çatmaq üçün bütün tərəflərin iştirakının vacibliyini vurğulayan spiker Sahibə Qafarova deyib ki, davamlı və firavan gələcək üçün ortaq baxışlarımızı yalnız konstruktiv əməkdaşlıq, daha böyük məsuliyyət və kollektiv fəaliyyət sayəsində həyata keçirə biləcəyik.
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın iqlim dəyişikliyini təcili müdaxilə tələb edən dörd prioritet sahədən biri olaraq təyin etdiyinə diqqət çəkib və bu qurumun parlamentlərin iqlim dəyişikliyi ilə mübarizə və iqlim dəyişikliyi fəaliyyətlərini səfərbər etmək səylərini dəstəkləmək istiqamətində böyük yol qət etdiyini bildirib.
Spiker diqqətə çatdırıb ki, bu məsələnin Parlamentlərarası İttifaqın fəaliyyəti üçün xüsusi əhəmiyyətini nəzərə alaraq və Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaqla birlikdə COP-29 çərçivəsində parlament görüşü təşkil etməyi planlaşdırır. Bu görüş parlamentarilərə iqlim dəyişikliyi ilə mübarizədə fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizəyə dair hansı təkliflər verə biləcəklərini müzakirə etmək üçün mühüm imkanlar yaradacaq.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Global Tayms" qəzetinə müsahibəsində deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.
O vurğulayıb ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və beynəlxalq ictimaiyyətdən dəstək alması bir daha beynəlxalq ictimaiyyətin rəsmi Bakıya olan hörmət və etimadını göstərir:
"Qalıq yanacaq ixrac edən ölkə kimi Azərbaycan yerli, regional və qlobal səviyyədə mövcud keçid layihəsini və gündəmini həyata keçirmək üçün güclü iradə və qətiyyət nümayiş etdirib. İqlim dəyişikliyi hər kəs üçün əsas problemdir və qlobal ictimaiyyətin buna qarşı səylərini birləşdirməsi vacibdir. Azərbaycan COP danışıqlar prosesinin bütün fundamental aspektləri üzrə qlobal səviyyədə daha çox həmrəylik və konsensusa nail olmağı hədəfləyir. Azərbaycan həmçinin “Qlobal Şimal” və “Qlobal Cənub” arasında anlaşma və həmrəylik yaratmağa çalışır".
H.Hacıyev vurğulayıb ki, COP29-un uğur qazanması üçün təkcə ev sahibi ölkə kimi Azərbaycan deyil, bütün beynəlxalq ictimaiyyətin bərabər öhdəliyə sahibdir:
"Ev sahibi ölkə kimi Azərbaycan COP29-un mövzusu olan real iqlim maliyyəsi gündəmini inkişaf etdirməyə çalışacaq".
Azərbaycanın COP29-un inklüziv olmasını və həssas icmalar başda olmaqla bütün səslərin eşidilməsinin necə təmin edəcəyi məsələsinə gəlincə, şöbə müdiri bildirib ki, COP29-da inklüzivlik prioritetlərdən biridir:
"Biz hamının daha yaxın və fəal iştirakını təmin etmək üçün bir çox beynəlxalq platforma və qurumlarla işləyəcəyik. Bu baxımdan beynəlxalq ictimaiyyət kiçik ada ölkələrinə xüsusi önəm verməlidir. Azərbaycan gündəlik həyatlarında praktiki problemlərlə üzləşən kiçik ada dövlətləri ilə artıq təmas qurmağa başlayıb. Qlobal Cənub ölkələri kimi onlar da iqlim dəyişikliyinin dərhal nəticələrini görə bilərlər. Qrup 77 (G77) və Çin öz səslərinin eşidilməsini təmin etmək istəyən Qlobal Cənub ölkələrini təmsil edir. Biz həmçinin Qlobal Şimal ölkələri ilə sıx əməkdaşlıq edəcək və Qlobal Şimal və Qlobal Cənub arasında daha çox dialoq və həmrəyliyə töhfə verəcəyik. Bundan əlavə, biz beynəlxalq QHT-lərə və beynəlxalq media ilə fəal əməkdaşlığa açığıq".
Prezident köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan COP29-un fundamental məsələləri üzrə bütün tərəflərlə dialoqa və əlaqəyə açıqdır: "COP qlobal səydir və biz COP-u hamı üçün daha açıq və başa düşülən etmək məqsədilə beynəlxalq media ilə yaxından işləməyi səbirsizliklə gözləyirik. Azərbaycan COP ilə bağlı ictimaiyyəti daha çox məlumatlandırma kampaniyalarının həyata keçirilməsini, əsas gündəliyə dair inklüzivliyi və şəffaflığı təmin etmək istəyir.
Azərbaycan COP29-un fundamental məsələləri üzrə bütün tərəflərlə dialoqa və əlaqəyə açıqdır. Çin Xalq Respublikası dünyanın aparıcı dövlətlərindən biridir. Ona görə də danışıqlar prosesində Çinin mövqeyini anlamaq üçün ilkin məsləhətləşmələrin və müzakirələrin aparılması bizim üçün çox vacibdir".

Cavid