• 27 İyul 2024
logo
İrəvan fəlakətə sürüklənir

İrəvan fəlakətə sürüklənir

Fransa Ermənistan üzərindən Qafqaza silahla daxil olmağa can atır

Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə fevralın 21-də Ermənistan Baş naziri Nikol Paşinyanın Fransaya ikigünlük işgüzar səfəri, ardınca Fransanın müdafiə naziri Sebastyan Lekornun Ermənistana səfəri İrəvanın bu dəfə Parisin çətiri altında yerini möhkəmləndirməklə yanaşı Kremlə gözdağı verdiyi anlamı daşıdı. Digər tərəfdən Fransanın Ermənistanı silahlandırması da heç də xoş olmayan niyyətdən xəbər verirku, bunu da Kreml heç vaxt qəbul etməyəcək. Lakin İrəvan Parisin onu bərk-bərk qucaqlamasını başqa aspektlərdən izah etməyə cəhdlər edib.
Fransanın Ermənistandakı səfiri Olivye Dekotini X-dəki mikrobloqunda yazıb ki, Ermənistanı heç kim özəlləşdirməz: “Ermənistan heç kimin “axra bağçası” deyil. Bu, suverenliyi və ərazi bütövlüyü Fransa tərəfindən dəstəklənən dost və "demokratik" ölkədir”.
Qeyd edək ki, bundan öncə “Politiko”da “Fransa Ermənistanla silah müqaviləsi bağlamaqla Rusiyanın arxa bağçasına bayraq sancdı” başlıqlı məqalə yayıb.
“Fiqaro” məlumat yayıb ki, Fransa fevralın 22-də Ermənistana silahların yeni partiyasını tədarük edib
Bildirilib ki, yeni partiyaya gecəgörmə cihazları və 250 km-ə qədər məsafədə təyyarələri aşkar edə bilən GM200 RLS-lər daxildir: “Tərəflər bu barədə hələ 2023-cü ilin oktyabrında hava hücumundan müdafiə, eləcə də gecəgörmə durbinləri ilə bağlı niyyət sazişləri imzalanarkən razılaşıblar”.
Nəşrin yazdığına görə, Ermənistan və Fransa 2024-cü ildə birgə hərbi təlimlər keçirməyi də planlaşdırır.
Ermənistanda səfərdə olan Fransanın müdafiə naziri Sebastyan Lekornu isə deyib: “Bastion” zirehli maşınlarının daha bir partiyası olacaq. Mən hansı texnikanın gəldiyi barədə çox təfərrüata girməyəcəyəm, lakin onların hamısı müdafiə avadanlığıdır, çünki bu regionda həm əhalinin, həm də sərhədlərin qorunması prioritet məsələdir."
“Fransa lazım gəlsə, Ermənistana raket də verəcək. Heç kəs öz ordusunun imkanlarını daha da inkişaf etdirdiyinə görə tənqid oluna bilməz. Ermənistana lazım olarsa, yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə raketləri də müdafiə qabiliyyətinin inkişafının tərkib hissəsi olacaq”.
"Haber Global"ı9 vurğulayıb ki, Makron administrasiyası bölgədə sülh və əməkdaşlıq yerinə, silahlanma siyasətini tətbiq etmək istəyini bir daha nümayiş etdirdi.
Kanalın əldə etdiyi məlumata görə, Ermənistana silah tədarükü Qara dəniz və ya İran üzərindən həyata keçiriləcək: "Lakin Qara dənizdən gəmi ilə silah tədarükünə dost və qardaş Türkiyə mane olacaq. Buna görə də İran üzərindən aparılması müzakirə olunur. Lakin Paris-İrəvan çirkli əməkdaşlığına Tehran rejiminin müsbət baxmayacağı söylənilir".
Politoloq Elşən Manafov "Xalq Cəbhəsi"nə bildirib ki, Fransanın Ermənistanın silahlandırılması istiqamətində həyata keçirdiyi məqsədəyönümlü siyasət təkcə adıçəkilən ölkənin Ermənistanın silah bazarında özünə yer etmək maraqlarından irəli gəlmir. Makron iqtidarının neomestəmləkəçi siyasətindən qaynaqlanır: "Son vaxtlar qara qitədə məruz qaldığı ciddi itkilərin müqabilində Fransa Cənubi Qafqazla bağlı siyasətinə dinamizm verməklə vəziyyətdən çıxmaq istəyir. Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında məlum 44 günlük savaşdan sonra regionun yeni geosiyasi konfiqurasiyasi Avropa Birliyi kimi, onun aparıcı dövlətlərindən olan Fransanı da qane etmir. Fransa-Ermənistan arasında münasibətlərin "bacı dövlətlər" ampulasında olduğunu, Fransa siyasi istibleşmentinin erməni diasporası ilə ənənəvi-tarixi münasibətlərinin prizmasindan da Fransanın ermənipərəst mövqeyinin mahiyyəti prinsip etibari ilə anlaşılandır".
E.Manafovun fikrincə, Fransanın Cənubi Qafqaz uğrunda geosiyasi mübarizəyə qatılmasına gəlincə, hazırda Qərbin Rusiyanı Ukraynada məlum savaşa çəkməsi konteksində Qərbdə bir sıra dairələrdə olduğu kimi Fransada da yanlış və illizianist fikirlər formalaşib ki, Rusiyanın Şərqi Avropada son dərəcə ağır müharibəyə cəlb olunduğu şəraitdə Kremlin Ermənistan və ətrafinda yaşanan hadisələrə münasibətdə reaksiyası adekvat və operativ olmaya da bilər: "Hazırda Qərb Ermənistanı KTMT barədə təxribatçı hərəkətlərə sövq etməklə məhz Rusiyanın səbr kasasının daşıb, daşmayacağı ilə bağlı məsələlərə aydınlıq gətirmək istəyir. Ermənistaın KTMT-də fəaliyyətini dondurması barədə qərarı təşkilatin qüvvədə olan nizamnaməsi ilə ziddiyyət təşkil edir. Ermənistan blokdan çıxması barədə qərarı bilərəkdən vermir, bu halda onun bu qərarına blok da adekvat münasibət sərgiləyib. Ermənistanla bağlı öhdəliklərindən birtərəfli şəkildə imtina edə bilər. Ermənistan bu qərarı ilə Azərbaycanı ona qarşı adekvat addımlar atmağa sövq etmək istəyir və əslində rəsmi Bakının Ermənistanla menasibətlərə yenidən baxmaqla bağlı hüququ da var, zira Ermənistan imza atıb, öz üzərinə götürdüyü öhdəliklərdən birtərəfli şəkildə imtina edir. Hadisələrin bu yönumdə iştiraki isə Ermənistanı cəzalandırmaq üçün məqam gözləyən rəsmi Moskvanın da xeyrinə olacaq. Paşinyanın bu halda Fransa və ya Avropa Birliyinin onun köməyinə gələcəyi ilə bağli emidləri isə gözundə qalacaq. Hazırda əsas qayğısı Ukraynaya silah və maliyyə dəstəyi verməkdən ibarət olan Avropa Birliyi Ermənistana deklorativ mahiyyətli dəstəkdən başqa real bir dəstək verə bilməyəcək. Paşinyan iqtidari isə öz ziddiyyətli mövqe və bəyanatları ilə Zəngəzur ətrafindakı danışıqları faktiki olaraq blokladiği üçün onun vurulması regionun təhlukəsizlik problemlərinin həllində 3+2 formatı çərçivəsində əməkdaşliği müdafiə edən Turkiyə və İranın da maraqlarina cavab verəcək. Paşinyanın eskalasiyanın gücləndirilməsi istiqamətində ata biləcəyi hər hansi kiçik bir addim isə onun rejiminin süqutunu sürətləndirəcək".
Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Nyus.ru-ya açıqlamasında deyib: "Fransalı müşavirlər ABŞ-ın İrəvandakı səfirliyinin minlərlə əməkdaşı ilə birgə Ermənistanı tamamilə yoxsulluğa sürükləyəcək.
O qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanın KTMT-də iştirakını dayandırmaq qərarını cəsarətlilik görüntüsü kimi dəyərləndirib: "Görünür, Paşinyanın növbəti cəsarətlilik görüntüsü Ermənistanın KTMT-də iştirakını dayandırmaq qərarına gələn bu faktla bağlıdır. Aydındır ki, o, uzun müddətdir diqqətini NATO ölkələrinə yönəldir, lakin nədənsə Moskva həmişə Bakı ilə İrəvan arasında münasibətləri tənzimləməli olub”.
Deputatın sözlərinə görə, Paşinyan özünün “açıq qərbyönümü” ilə Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib.
"Fransalı müşavirlər ABŞ-ın İrəvandakı səfirliyinin minlərlə əməkdaşı ilə birlikdə Ermənistanı tam yoxsulluğa sürükləyəcək, bəlkə də ölkənin mövcudluğunu təhlükəyə salacaqlar. Paris uzun müddət özlərinə gələnə qədər Afrikanın yarısını sağdı və fransız hərbi müşavirlər rüsvayçılıqla qovuldular", - deputat deyib.
Nikol Paşinyan və Emmanuel Makron faktiki olaraq Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və regionda Fransa hərbi bazaları yaratmaq planı hazırlayıblar.
Rusiyalı politoloq Sergey Markovun fikrincə isə Ermənistanın KTMT üzvlüyünü dondurması Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasına hazırlıqdır. Bu, Ermənistan rəhbərliyinin Rusiyaya xəyanətidir. Paşinyan və Makron, əslində, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və Fransa hərbi bazalarını yerləşdirmək üçün plan hazırlayıblar. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas dostuna çevrilir”.
Avropa Araşdırmaları İnstitutunun tədqiqatçısı Stevan Qayiç Fransa Prezidenti Emmanuel Makronun İrəvana verdiyi yeni vədləri şərh edərkən deyib ki, Fransa İrəvana öz məqsədlərinə çatmaq üçün bir vasitə kimi baxır. Və Rusiya Ermənistanda təsirini itirdiyindən Paris onun yerini tutmağa çalışır. Ermənistanın Baş naziri Paşinyanın siyasəti bütövlükdə ermənilər üçün tamamilə fəlakətli idi və belə də qalır.
“Fransa verdiyi vədlərin bir hissəsini yerinə yetirəcək, Ermənistan isə müəyyən texnika alacaq, lakin bu, taktiki texnika olacaq. Strateji baxımdan KTMT-dən çıxmaq Ermənistan üçün fəlakətdir. Nəzərə alsaq ki, Azərbaycan vəziyyətdən kifayət qədər bacarıqla istifadə edir, Ermənistan indi çox çətin vəziyyətdədir. Bir tərəfdən Rusiya özü 2000-ci illərdəki vəziyyəti əldən verdi, amma Paşinyanın gəlişi ilə hər şey daha da pisləşdi və görürük ki, bir-birinin ardınca fəlakətli qərarlar verilir. Fransada kiminsə Şarl Aznavuru xatırlayacağına və ya erməni diasporunun nəsə edəcəyinə ümid etmək lazım deyil. ABŞ-da da böyük erməni diasporu var, amma faktiki olaraq ABŞ Qarabağ məsələsində Azərbaycanı dəstəkləyib. Vəziyyət çox ağır və çox acınacaqlıdır, çünki Ermənistan regionda tək qalıb. Onun potensial İrandan başqa heç bir müttəfiqi yoxdur. Fransızlara güvənmək fəlakətdir, çünki onların çoxlu problemləri var və indi sadəcə Rusiyaya zərər vermək istəyirlər”.

Cavid