• 27 Yanvar 2023
logo
"Onlara iki xalq arasında qanlı düşmənçilik lazım idi, ona da nail oldular..."

"Onlara iki xalq arasında qanlı düşmənçilik lazım idi, ona da nail oldular..."

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, Ramştayn-8 də başa çatdı, amma ABŞ yenə də Ukraynaya öz torpaqlarını müdafiə etmək üçün tanklar, təyyarələr, uzaqmənzilli reketlər vermədi.

- Ramştayn -8, sanksiyalar paketi 11 və s. bütün bunlar Qərbin bu müharibəyə nə qədər məsuliyyətsiz yanaşdığının əyani göstəricisidir. Putinin sözü olmasın, belə görsənir ki, Qərb axırıncı Ukrayna əsgəri qalana qədər Ukraynanı Rusiya ilə döyüşdürmək istəyir. Fikirləşirlər ki, iki slavyan xalqıdır, nə qədər istəyirlər qırsınlar bir-birini. Müharibə başlayan gündən demişdim ki, ABŞ həm 2014-cü, həm 2022-ci ildə bu qanlı müharibələrin qarşısını ala, Ukraynanın ərazi bütövlüyünü qoruya bilərdi. Yetərli idi kiçik qardaşı Böyük Britaniya ilə bəyan etsin ki, Budapeşt memorandumuna uyğun olaraq bütün vasitələrlə Ukraynanın ərazi bütövlüyünü müdafiə edəcəyik. Amma onlar beynəlxalq təcrübədən bilsələr də ki, sanksiyalar yolu effektli deyil və heç bir halda müharibənin qarşısını ala bilməz, dedilər ki, Rusiya Ukraynaya hücum etsə biz Rusiyaya sanksiya tətbiq edəcəyik. Bununla da müharibəyə yaşıl işıq yandırdılar. Onlara iki xalq arasında qanlı düşmənçilik lazım idi, ona da nail oldular.

- Qərbin siyasəti bu qədərmi qəddar və antiinsanidir?

- Qərb siyasətçiləri arasında vicdanlıları da var, amma çoxluq ölkələrinin "strateji" maraqları naminə və pul qarşılığında hər şeyə hazırdı. Qərbin ictimai-siyasi xadimlərinin böyük bir qismi Rusiya tərəfindən alınıb və ona xidmət edir. İşğalçı Ermənistana Qərbin hərtərəfli dəstəyi gözümüzün qarşısındadır və biz bu rəzalətlə artıq üzləşmişik. Əslində müharibədən öncə Rusiya Ukraynanın işğalına Qərbin razılığını almışdı. Sadəcə, Ukrayna ordusunun və xalqının bu dərəcədə müqavimət göstərəcəyi nəzərə alınmamışdı. Çoxları elə fikirləşir ki, ABŞ-da Rusiyanın sadiq adamı Trampdır, amma mən düşünürəm ki, Bayden Rusiyaya daha sədaqətlidir. 2014-cü ildə Kırım və Şərqi Ukrayna işğal olunanda Bayden vitse-prezident idi və dövləti yetim quzu kimi davranan Obama yox, o idarə edirdi. Rusiyanın Baydenin hakimiyyətə gəlişini gözləməsi də təsadüfi ola bilməz.
O da nəzərə alınmalıdır ki, ABŞ ikinci dünya müharibəsindən sonra əsgərlərinin qanı hesabına hansısa ölkələri tam, yaxud qismən işğal etsə də sonda biabırcasına həmin öllkələri tərk edib. İkipartiyalı sistem ABŞ-ı parçalayıb və hakimiyyət naminə tərəflər dövlətin maraqlarını ayaq altına atmaqdan çəkinmirlər. Məsələn, tutaq ki, Bayden Rusiyaya sədaqətli deyil və səmimi olaraq Ukraynanın qələbəsini istəyir, bu halda o Ukraynada uğur qazansa respublikaçılar yasa batacaq, yaxud əksinə.

- Vəziyyətdən çıxış yolunu necə görürsünüz?

- Əvvəla onu söyləyim ki, Ukraynada korrupsiyadan və qanunsuzluqlardan bezmiş cəmiyyət qutu başına gəlib narazılığın doğurduğu emosiyaların təsiri altında təcrübəsiz Zelenskiyə səs verdi. O isə təcrübəsiz olduğundan və yetkin, hazırlıqlı bir siyasətçi olmadığındandan Ukraynanın müstəqillik tarixini yaxşı öyrənib ondan düzgün nəticə çıxara, ölkəsini Rusiya ilə müharibədən yayındıra bilmədi. Hazırda tərəflər müharibənin perspektivsizliyini görüb danışıqlara başlamalıdır. Zelenski özünə danışıqlara getmək qadağası qoyan gülməli və qeyri-ciddi Fərmanını bir kənara atıb masa arxasına keçməlidir. Ukrayna NATO-ya üzv olmaq arzusundan imtina edib öz neytrallığını elan etməli, MDB-də fəaliyyətini davam etdirməli, Rusiyanın Kırımda hərbi baza saxlamaq hüququnu tanımalıdır. Rusiya isə 1991-ci sərhədləri çərçivəsində Ukraynanın ərazi bütövlüyünü tanımalı, onun daxili işlərinə qarışmamalıdır. Əks halda müharibə çox gənclərin həyatına son qoyacaq, çox ailələri bədbəxt edəcək.

- Çoxları sonda Ukraynanın qalib gələcəyini praqnozlaşdırır.Siz necə?

- Bu müharibənin başlaması Ukraynanın, sivil dünyanın məğlubiyyətidir. ABŞ-ın mövcud siyasəti və indiki şərtlər altında Ukraynanın döyüşdə tam qələbəsi mümkün deyil. Hadisələrin gedişi göstərir ki, Ukrayna sonda Qərb tərəfindən güzəştlərə məcbur ediləcək.