• 29 Mart 2024
logo
44 günlük müharibə və Böyük Zəfər!

44 günlük müharibə və Böyük Zəfər!

Biz bu Böyük Zəfəri düz 30 il gözlədik. Ümidlə gözlədik, həsrətlə gözlədik. Nəhayət 27 sentyabr 2020 – ci ildə ermənilərin növbəti təxribatının qarşısının alınması məqsədi ilə həlledici müharibə.

“Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.” - Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev.

44 günlük Vətən müharibəsi demək olar ki, dünya hərb tarixinə yeni bir səhfə yazdı. Bu münasibətlə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.
Zəfərin rəmzi Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.

Müharibə ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.

Zəfərin önəmli cəhətlərindən biri də o idi ki, hər bir şəxs, hər bir gənc bu zəfəri səbrsizliklə gözləyirdi. O səbəbdən də Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Neçə əsgərlərimiz yaralı-yaralı döyüşü davam etdirirdilər.

Peşəkar Azərbaycan Ordusu öz qəhrəmanlığı təkcə Ermənistanın silahlı qüvvələrini deyil, eləcə də Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub.
Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. - Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlar və mülki işçilər bu orden və medallarla təltif edilmişdir.

Bu qəhrəmanlığın əbədiləşdirilməsi üçün bir sıra tədbirlər və layihələr həyata keçirilir. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.

Bu gün insanlarımızın ən çox baş çəkdiyi yerlərdə biri Hərbi Qənimətlər Parkıdır. Hərbi Qənimətlər Parkındakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Azərbaycan xalqı müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında birləşdi.

2020-ci ildə aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi, ilk çağırışla 15 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, 27 sentyabr tarixində isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışlar. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir.

Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi;
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 1990-cı illərin əvvəllərində torpaqlarımızın işğal altına düşməyə başlamışdı. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır.

Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı.

Şanlı Azərbaycan Ordusunun gücünü görən 2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Beləliklə Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı.

Mənfur düşmən mülki əhaliyə qarşı hərbi cinayətlər törtməkdə də davam etmişdi. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla və kasetli bombalarla atəşə tutulmuşdu. Namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub.

Zəfər Paradını Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdirlər.

İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi.

Anar Məmmədov
Xətai rayon Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri