• 4 Fevral 2023
logo
“104 il bundan öncə Azərbaycan aydınları islam dünyasında ilk parlamentin təsisinə yığışdılar”

“104 il bundan öncə Azərbaycan aydınları islam dünyasında ilk parlamentin təsisinə yığışdılar”

“Düz 104 il bundan öncə Azərbaycan aydınları islam dünyasında ilk parlamentin təsisinə yığışdılar. Əlimərdan bəy Topçubaşov onun sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçildilər”. “Xalq Cəbhəsi”nin məlumatına görə, bu fikirləri millət vəkili Sahib Alıyev qeyd edib. Millət vəkili “1918-ci il noyabrın 19-da Azərbaycan Milli Şurasının Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçən toplantısında qərara gəlindiyi kimi bu parlamentdə ölkə ərazisində yaşayan bütün millətlərin təmsil edilməsinə çalışıldı”, - deyə əlavə edib: “Haylara isə nə az, nə çox, düz 21 mandat verildi.
Bir sözlə, özündən qabaq da, sonra da heç bir ölkədə bizim ilk parlamentimizin formalaşdırıldığı prinsiplə qanunverici orqan yaradılmamışdı, yaradılmadı. Azərbaycanda almanlar və polyaklar kimi sayı parlamentdə təmsilçilik qazanmaq üçün 24 minə çatmayan etnik azlıqlara belə güzəşt edildi. İlk parlamentimizin alman və polyak üzvü də vardı.
Əlbəttə, parlamentin bu şəkildə formalaşdırılması yüksək tolerantlıqla yanaşı, həm də siyasi romantizm idi. İlk parlamentimizin yaradıldığı vaxt alman filosofu və dövlətçilik nəzəriyyəçisi Karl Şmittin yazdığı “Siyasi romantizm” əsərində isə bildirilirdi ki, siyasətdə romantizm sonda romantizmdən uzaq güclərə xidmətlə nəticələnir. Amma istənilən halda Azərbaycan parlamentini təsis edənlərin bir çoxu yenə Karl Şmittə dayansaq, siyasi romantiklər yox, romantik siyasətçilərdilər. Və onlar sonrakı fəaliyyətləri ilə də göstərdilər ki, millətin yolunda hər cür fədakarlığa hazırdılar. Elə bu baxımdan da bizim üçün örnəkdilər və həmişə örnək olaraq qalacaqlar...”.