• 4 Fevral 2023
logo
BAXCP sədrindən Mikayıl Rəhimova yubiley təbriki

BAXCP sədrindən Mikayıl Rəhimova yubiley təbriki

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimovu 60 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Mikayıl bəy,

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm!

Siz həyatınızın əhəmiyyətli hissəsini Azərbaycanın istiqlal mücadiləsinə, milli şüurun oyanışına və tarixi-strateji hədəflərimizin daha geniş miqyasda dərk edilməsinə, cəmiyyətin bu hədəflər ətrafında konsalidasiyasına, Bütöv Azərbaycan ideyasının təbliğinə həsr etmisiniz. Bir zamanlar uzaq və əlçatmaz görünən milli ideyaların bu gün cəmiyyətin əsas müzakirə mövzusuna və ali dəyərlərinə çevrilməsində sizin də əməyiniz var. Bu baxımdan, keçdiyiniz yolla, geridə buraxdığınız zaman kəsiyi ilə qürur duya bilərsiniz.

Siz gənclik illərinizdən etibarən, yüksək siyasi vəzifələrdə, dövlət idarəçilik sistemində çalışmısınız, Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri, Naxçıvan MR Ali Məclisinin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisinin sədri olmusunuz. Uzun müddətdir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) katibi kimi fəaliyyət göstərirsiniz.

Bu gün BAXCP-nin üzvləri sizin partiyadakı uğurlu fəaliyyətinizi, təşkilatçılıq və insanlarla ünsiyyət qurmaq bacarığınızı, partiyanın strukturlaşmasına verdiyiniz töhfəni yaxşı xatırlayır və qiymətləndirirlər. Sizə BAXCP-nin ideyalarının təbliğinə və partiyanın peşəkar bir institut kimi formalaşmasına verdiyiniz töhfəyə görə dərin minnətdarlığımı bildirirəm!

Hörmətli Mikayıl bəy,

Xeyirxahlıq və səmimiyyətinizlə sizi tanıyanlar arasında yaxşı insan adını qazanmısınız və bu, sizin ən böyük mükafatınızdır.

Sizi bir daha 60 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram”.