• 1 Dekabr 2022
logo
"Azərbaycana həmişəkindən daha çox sabitlik və həmrəylik lazımdır"

"Azərbaycana həmişəkindən daha çox sabitlik və həmrəylik lazımdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxucularla təqdim edirik

- Qüdrət bəy, iqtidar tərəfindən etiraz aksiyalarının keçirilməsinin sanksiyalaşdırılmamasını nə ilə izah etmək olar? -Sərbəst toplaşmaq azadlığı fundamental hüquqdur, amma insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyini təmin edilməsi konstitusiya və beynəlxalq qanunlarla daha ciddi qorunan hüquqdur və dövlətin ən əsas vəzifəsidir. Etiraz aksiyasına icazə vrməzdən öncə hökumət ictimai asayişin qorunmasına və dövlətin təhlükəsizliyinə cavabdeh olan dövlət orqanlarının fikrini öyrənir. Ciddi ictimai dəstəyi olmayan marginal qrupların təşkil etdiyi aksiyalar yalnız xaricdən idarə olunan ekstremist qrupların işinə yaraya bilər. Sifarişlə aksiya təyin edənlər Azərbaycana qarşı planlaşdırılan hansısa çirkli oyunlarda yalnız "katalizator" ola bilərlər. Xarici dövlətlərə bağlı müxtəlif ekstremist, terrorçu qruplar bu cür aksiyalardan istifadə edib insan ölümləri və dağıntılarla nəticələnən kütləvi iğtişaşların törədilməsinə cəhd edə bilər. Ona görə hökumətin ehtiyatlı davranışı başa düşüləndir. Güc strukturlarının qətiyyətli davranışı isə daha çox xaricdən bu tipli aksiyaları sifariş edənlərə yönəlib. Onlara mesaj göndərilir ki, səyləriniz əbəsdir və bu yolla heç nəyə nail ola bilməyəciksiniz. Gəlin açıq danışaq, etirazları ictimailəşdirmək üçün geniş texnoloji imkanların olduğu bir zamanda, nə qədər həssas bir dönəmdə və regionda yaşadığımızı nəzərə almadan kütləvi etiraz aksiyası keçirmək nə qədər məqsədə uyğundur və kimə lazımdır? Ölkəmiz Ermənistanla müharibə vəziyyətindədir, sülh sazişi imzalanmayıb. Rusiya və İranda baş verənlər, Qərbin qanlı erməni seperatçılarına və işğalçı Ermənistana görə Azərbaycana yönələn təzyiqləri də gözümüz önündədir. İndi Azərbaycana həmişəkindən daha çox sabitlik və həmrəylik lazımdır ki, dövlətimizin təhlükəsizliyini və erməni seperatizmi məsələsini birdəfəlik həll edək.

- Erməni seperatizmi məsələsini birdəfəlik həll edə biləcəyikmi?

- Bunun üçün əlverişli tarixi şərait yaranıb və bunu görən İlham Əliyev bütün gücü ilə bu problemə son qoymaq, Ermənistanı sülhə məcbur etmək istəyir. Əvvəllər söyləyirdim, nə qədər ki, Ərdoğan hakimiyyətdədir Qarabağ problemini həll etməyə cəhd etməliyik.bİndi isə deyirəm, nə qədər ki, Putin hakimiyyətdədir bu məsələni birdəfəlik həll etməliyik. Rusiyada Yeltsin kimi Qərbdən asılı birisi hakimiyyətə gəlsə, Qərb birinci Qarabağ savaşında olduğu kimi, Rusiyanı Ermənistan tərəfdən bizimlə savaşda iştiraka təhrik edəcək. Bu gün ağzına gələni danışan bəzi "siyasi, hərbi ekspertlər"i vəziyyəti ciddi təhlil etməyə çağırıram. Erməni diasporasından daimi asılılıqda olan Qərb dairələrinə yarınmaqla onların Qarabağ məsələsində ədalətli mövqe sərgiləməsinə nail ola bilməyəcəyik.