• 26 Sentyabr 2022
logo
Vyetnam lideri İlham Əliyevə məktub ünvanladı

Vyetnam lideri İlham Əliyevə məktub ünvanladı

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fukdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Baymedia.az xəbər verir ki, bu barədə təbrikdə qeyd olunub:
“Vyetnam ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Vyetnam dövləti və xalqı adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Son 30 ildə ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin inkişaf etməsi və möhkəmlənməsi məmnunluq doğurur. Birgə səylərimizlə Vyetnam və Azərbaycan arasında ölkələrimizin inkişafına fəal şəkildə töhfə verən və ikitərəfli əlaqələr üçün möhkəm təməl yaradan dostluq və hərtərəfli əməkdaşlıq münasibətləri qurulmuşdur.
Mən qəti şəkildə inanıram ki, hər iki ölkənin liderlərinin iradəsi və əzmkarlığı, nazirliklərin və digər qurumların birgə səyləri, eləcə də xalqlarımız arasında əlaqələr sayəsində Vyetnam-Azərbaycan əməkdaşlığı dövlətlərimizin mənafeyi, həmçinin dünyada sülh və inkişaf naminə bundan sonra daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".
Qeyd edək ki, Prezident İlham Əliyev də Nquyen Suan Fukaya iki ölkə arasındakı münasibətlərin 30 illiyi ilə bağlı təbrik məktubu ünvanlayıb.