• 26 Sentyabr 2022
logo
“Postsovet məkanında tökülən qanlarda Qərbin birbaşa məsuliyyəti var”

“Postsovet məkanında tökülən qanlarda Qərbin birbaşa məsuliyyəti var”

Qüdrət Həsənquliyev: “Qərb ölkələri Moldova, Gürcüstan və Ukraynadakı seperatizmi pislədikləri halda Azərbaycandakı seperatizmi nəinki pisləməyiblər, əksinə, humanitar yardım adı ilə Qarabağdakı separatçı rejimə yardım ediblər”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq cəbhəsi” qəzetinin sorğusunu cavablandırıb. Sorğunu və BAXCP sədrinin cavabını oxuculara təqdim edirik:
- Qüdrət bəy, Qərbdə, xüsusilə ABŞ-da sığınacaq tapmış bəzi jurnalistlər və soydaşlarımız yorulmadan deyirlər ki, Qərb Qarabağdan Rusiya sülhməramlılarının çıxarılmasını və bölgədə sülh istəyir. Bu, doğrudan belədir?
- Başqa cür danışsalar onlara pul verməzlər və yaşadıqları ölkələrdən qovarlar. 44 günlük savaşda Rusiya Ermənistan tərəfdən müharibəyə qoşulsaydı Qərb bunu alqışlayacaqdı. Qarabağ ermənilərinin müstəqilliyini təmin edəcək Madrid prinsiplərini də onlar təqdim etmişdi. Sadəcə, Ermənistan işğal etdiyi Qarabağ ətrafındakı əraziləri boşaltmamaq üçün onu qəbul etmədi. 44 günlük savaş zamanı Azərbaycanın durdurulması üçün Makronun Putinə necə yalvarmasının, Fransa parlamentinin Qarabağdakı qondarma rejimi tanımasını da yaddan çıxarmamaşıq. Birinci Qarabağ savaşında ABŞ qanlı seperatizmlə və işğalla üzləşmiş Azərbaycana sanksiya tətbiq etdi. Rusiyanın Ermənistana verdiyi hərbi dəstəyi alqışladı. 1990-cı ilin 20 Yanvarında dinc insanları Bakıda gülləboran etmiş gorbagor Qorbaçovu dəstəklədiyi kimi. Münaqişə başlayandan bu günə qədər Qərb liderləri heç vaxt deməyiblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt, heç bir formada Rusiyanın hərbi-siyasi müttəfiqi olan işğalçı Ermənistana təzyiq etməyiblər. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib Şuşaya səfərdən imtina etmək siyasi riyakarlıq deyil bəs nədir? Qərbin Qarabağdakı qanlı seperatizmi pisləməməsi və seperatizmi dəstəkləməklə yanşı birbaşa Azərbaycan torpaqlarını işğal edən Ermənistana verdiyi dəstək digər sovet respublikalarında da qanlı seperatizmə yol açdı. Ona görə də postsovet məkanında tökülən qanlarda Qərbin birbaşa məsuliyyəti var. Qərb ölkələri Moldova, Gürcüstan və Ukraynadakı seperatizmi pislədikləri halda Azərbaycandakı seperatizmi nəinki pisləməyiblər əksinə, humanitar yardım adı ilə Qarabağdakı separatçı rejimə yardım ediblər. İşğalçı Ermənistana bir milyon qaçqınla baş-başa qalmış Azərbaycandan dəfələrlə çox kömək ediblər. Azərbaycana da köməyi ona görə ediblər ki, Azərbaycanın enerji daşıyıcıları Avropaya çıxarılsın, Azərbaycan Rusiyanın əyalətinə çevrilməsin. ABŞ Azərbaycana sanksiyalar tətbiq edəndə Elçibəy prezident idi. Məhz bu fakt imkan verir ki, Qərbin Qarabağ məsələsində Azərbaycana dəstək verməməsini Azərbaycanda demokratiyanın olmaması ilə ört-basdır etmək istəyənlərin siyasi riyakar olduqlarını bəyan edək. Qərb Rusiyanın bölgədən getməyini o zaman istəyər ki, Qarabağ ya müstəqil ölkə olub öz təhlükəsizliyini təmin edə bilsin, ya Ermənistana birləşdirilsin, yaxud rus əsgərlərini fransız əsgərləri əvəz etsin.