• 26 Aprel 2024
logo
Ermənistan sülh sazişini imzalamaq məcburiyyətindədir

Ermənistan sülh sazişini imzalamaq məcburiyyətindədir

Brüssel görüşü sərhədlərin delimitasiyası məsələsini tezləşdirdi

24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib. Tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər. Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib. Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ev sahibliyi və vasitəçiliyi ilə Brüsseldə baş tutan və 5 saatdan çox çəkən növbəti Əliyev-Paşinyan görüşü tamamilə Azərbaycanın maraqlarına uyğun keçib: "Bu görüşdə Ermənistan tərəfinin məsuliyyətsiz davranışları nəticəsində bundan əvvəl əldə olunmuş Moskva, Soçi və Brüssel razılaşmalarının icrası prosesinin tormozlandığı çox açıq şəkildə Nikol Paşinyanın diqqətinə çatdırılıb. İndi kimlərsə Şarl Mişelin bəyanatını məcburi sənəd deyil, tost adlandırırsa, bu onların öz işidir. Ancaq fakt budur ki, Şarl Mişel tərəflərin sıx təmasda qalmağa razılaşdığını və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüş keçiriləcəyini bildirdi. Bu isə o deməkdir ki, növbəti görüşə qədər artıq bir sıra real addımlar atılacaq".
Ə.Hüseynov əlavə edib ki, Ermənistanın baş naziri qeyd olunan razılaşmaların icrası üçün hərəkətə keçəcəyi barədə konkret öhdəlik götürüb: "İyul-avqust aylarına nəzərdə tutulan növbəti görüşə qədər sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması istiqamətində proseslərə start veriləcək. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlər də diqqət mərkəzində saxlanacaq. Prezident İlham Əliyev həmişəki kimi bu görüşdə də sülh gündəminə sadiqlik nümayiş etdirdi. Rəsmi Bakı Ermənistan rəhbərliyindən də eyni sadiqliyi tələb edir və gözləyir. Bu baxımdan Brüssel görüşündə Paşinyana sonuncu dəfə şans verildi. Əgər Ermənistanın sürüşkən və qeyri-sabit mövqeli baş naziri Kremlin rəhbərinin diktəsi ilə növbəti dəfə Brüsseldə üzərinə götürdüyü öhdəliklərin arxasından qaçsa, o zaman rəsmi Bakı qarşı tərəfi güc yoluyla sülhə məcbur etmək hüququndan istifadə edə bilər. Bu baxımdan, Brüssel prosesinin artıq aktiv mərhələyə keçdiyini deyə bilərik. Ermənistanın məsuliyyətdən boyun qaçırmaq imkanları tükənib. Artıq yolun sonu görünməkdədir".
Politoloq Elman Vəliyev isə bildirib ki, Brüssel görüşü sərhədlərin delimitasiyası məsələsini tezləşdirdi. Çox güman ki, tərəflər arasında sülh Kremlin vasitəçiliyi ilə olacaq: “Ancaq öncə delimitasiya və demarkasiya problemləri həll ediləcək. Sülh sənədi bir az vaxt aparacaq. Sülhün əldə edilməsi, sülhməramlıların varlığına ehtiyacın qalmadığının dəlilidir. Növbəti görüşüdə üçüncü tərəf Moskvadır. Avropa İttifaqı Rusiyanın başının çox qarışdığının fərqindədir və bundan maksimum yararlanmağa çalışır. Azərbaycanla Ermənistan arasında vasitəçi olmaqla həm tərəfləri özünə yaxınlaşdırmaq, həm də bölgənin prespektivlərindən faydalanmaq istəyir. Görüşdən dərhal Rusiya xarici işlər naziri Lavrov hər iku həmkarı ilə telefon danışığı etdi. Əminəm ki, Lavrov olan-bitən haqqında məlumat aldı və hər iki tərəfin nəbzini öyrəndi. Kremlin Paşinyana təzyiq üçün İrəvandakı aksiyalara dəstək verəcəyinə əminəm. Ancaq bu o vaxt ola bilər ki, Paşinyan Moskvanın əksinə addımlar atarsa. Bu proseslər Azərbaycanın irəli sürdüyü şərtlər çərçivəsində davam edəcək. Ermənistan anklavların tarixi statusu ilə barışmaq məcburiyyətindədir! Həmçinin nəqliyyat və kommunikasiya məsələləri də həll edilməyə başladıldı. Azərbaycan "Ermənistan ərazisindən" Naxçıvana gedib-gələ biləcək. Yəni Zəngəzur dəhlizi proyekti fəaliyyətdədir”.
Yeri gəlmişkən, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar erməni mediasına müsahibəsinə deyib ki, 2020 və 2021-ci illərdə Moskvanın vasitəçiliyi ilə İrəvan və Bakının əldə etdiyi üçtərəfli razılaşmaların aktuallığına heç kim şübhə etmir.
“Aİ həmişə Azərbaycan və Ermənistan arasında davam edən müzakirələr üçün əsas olan bütün keçmiş üçtərəfli sazişlərin həyata keçirilməsinin zəruriliyini vurğulayır. İcazə verin, aydınlaşdırım: 2020 və 2021-ci illərdə Moskva ilə əldə olunan üçtərəfli razılaşmaların aktuallığına heç kim şübhə etmir. Avropa İttifaqı da öz növbəsində qonşuluğumuzda sülh, sabitlik və firavanlıqda maraqlıdır. Ona görə də bu prosesdə iştirakımızı vacib hesab edirik. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək vermək səylərimiz yalnız Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsinə yönəlib və biz eyni məqsəd güdən istənilən digər iştirakçı ilə əməkdaşlıq etməkdən məmnunuq”, – Klaar bildirib.
Cavid