• 18 May 2022
logo
Prezident İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında videoformatda görüş olub

Prezident İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında videoformatda görüş olub

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin olduğunu qeyd edərək, ölkələrimiz arasında, o cümlədən dövlət başçıları səviyyəsində mövcud yüksəksəviyyəli dialoqu vurğuladı, parlamentlərarası əlaqələrin inkişafından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişafı üçün yaxşı zəminin olduğunu qeyd etdi və bu baxımdan hökumətlərarası birgə komissiyanın fəaliyyətinin önəmini vurğuladı.

Monteneqro parlamentinin sədri Aleksa Beçiç də öz növbəsində ölkələrimiz arasında fəal siyasi dialoqun olduğunu məmnunluqla qeyd etdi.

Aleksa Beçiç Monteneqronun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğuladı. Monteneqronun Azərbaycanın dostu olduğunu deyərək, ölkəmizin əldə etdiyi nailiyyətlər münasibətilə xalqımızı təbrik etdi. Monteneqro parlamentinin sədri ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək bu sahədə müvafiq sənədin imzalanmasının vacibliyini vurğuladı.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyi və maraq doğuran digər məsələlər müzakirə olundu.