• 2 İyul 2025
logo
Kreml: Rusiya, Azərbaycan və Ermənistan liderləri noyabrın 26-da Soçidə görüşəcək

Kreml: Rusiya, Azərbaycan və Ermənistan liderləri noyabrın 26-da Soçidə görüşəcək

2021-ci il noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında atəşkəs haqqında bəyanatın imzalanmasının ildönümünə təsadüf edən üçtərəfli danışıqlar keçiriləcək.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Rusiya dövlət başçısının təşəbbüsü ilə keçiriləcək danışıqlarda üç ölkə liderinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrasına baxılması, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır.
Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına xüsusi diqqət yetiriləcək.
Kremlin məlumatında o da qeyd olunub ki, V. Putinlə Azərbaycan və Ermənistan liderləri arasında ayrıca danışıqlar da nəzərdə tutulur.
Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dekabrın 15-də keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Brüsseldə görüşünə ev sahibliyi etməyi təklif edib. Aİ-nin yaydığı məlumatda qeyd olunub ki, liderlər Brüsseldə görüşməyə razılaşıblar.