• 17 Oktyabr 2021
logo
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb

Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Üçüncü Avrasiya Qadın Forumunda iştirak etmək üçün Rusiya Federasiyasında səfərdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində oktyabrın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Valentina Matviyenko Üçüncü Avrasiya Qadın Forumu və bu tədbir çərçivəsində müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb. O, Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək, əlaqələrimizin hazırki səviyyəyə çatmasında qanunverici orqanlar arasında münasibətlərin rolunu da qeyd edib.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova Üçüncü Avrasiya Qadın Forumunun yüksək səviyyədə təşkil olunduğunu bildirib, belə forumları gender məsələlərini, həmçinin parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından imkan kimi dəyərləndirib.
Söhbət zamanı Milli Məclisin sədri Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin inkişafında iki ölkənin dövlət başçılarının rolunu xüsusi vurğulayıb, Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin mütəmadi rəsmi səfərlərinin ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
İki ölkə arasında parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin sədri ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolunu qeyd edib. Bildirib ki, bu sahədə həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın işi təqdirəlayiqdir.
Milli Məclisin sədri Ermənistanın işğal dövründə şəhər və kəndlərimizi tamamilə dağıtdığını bildirərək, bu ölkənin hazırda da regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar, xüsusilə minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi haqqında geniş məlumat verib. Milli Məclisin sədri qeyd edib ki, cari ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Zəngəzur dəhlizinin yaradılmasının çox böyük əhəmiyyəti var. Belə ki, bu dəhlizin yaradılması həm regional kommunikasiyaların bərpasına, həm də regionun inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə olacaq.
Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.