• 28 İyun 2022
logo
Hərbi prokurorluq işçilərinin hansı qaydada sığortalanacağı müəyyənləşib

Hərbi prokurorluq işçilərinin hansı qaydada sığortalanacağı müəyyənləşib

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü, 20.5-ci və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının Baş prokuroru K.Əliyevin və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, mütəxəssislər Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri X.Məmmədovun, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini A.Kərimovun mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsində “hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla” ifadəsi hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuları nəzərdə tutur.
Hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
“Prokurorluq haqqında” qanunun 1-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 3.1-ci maddələrinə müvafiq olaraq, prokurorluğun stajorlarının dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunla tənzimlənir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.