• 17 Oktyabr 2021
logo
"Araz Vadisi İqtisadi Zonası" Qarabağ iqtisadi rayonlarının dirçəldilməsinə xidmət edəcək

"Araz Vadisi İqtisadi Zonası" Qarabağ iqtisadi rayonlarının dirçəldilməsinə xidmət edəcək

Ölkədə sayca yeddinci sənaye parkı olacaq Cəbrayıl rayonu ərazisində, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının təməlinin qoyulması, yeni iş yerlərinin açılmasına və bu zonada yaşayacaq vətəndaşların rifah halının yaxşılaşdırmasına xidmət edəcək. Yeni sənaye parkı kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada istehsal olunan məhsulların daxili və xarici bazara çıxışı təmin ediləcək.
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dirçəldilməsinə, vətəndaşların yeni iş yerləri ilə təmin edilməsinə xidmət edəcək. Bundan başqa, bu zonada iqtisadi fəaliyyət canlananacaq və nəqliyyat-logistika imkanları daha geniş olacaq.
Milli Məclisin deputatı Ziyad Səmədzadə yerli mediaya bildirib ki, “Araz Vadisi İqtisadi Zonası” Qarabağın sosial-iqtisadi zonasında, Zəngəzur mahalının həyatında böyük bir yenilik gətirəcəkdir. İqtisadi zona təbii ki, müəyyən güzəştlərə malik olur: investisiya qoyuluşu qoyan sahibkarlar, istər xarici istərsə də daxili investorlar vergidən azad olunurlar, onlar üçün bütün şərait dövlət tərəfindən yaradılır. Azad olunmuş rayonlarda məskunlaşmanın hələ də yüksək olmadığı bir şəraitdə belə bir zonanın yaradılmasına sistemli yanaşma, heç şübhəsiz ki, böyük effekt verəcək. Sistemli yanaşma nədir? Deməli, burda həm minalardan təmizlənməsi məsələsi, həm məskunlaşma, yol insfrastrukturun, sosial infrastrukturun yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu işlərin yerinə yetirilməsi üçün Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilmişdir. Qlobal miqyasda Şərqi Zəngəzurda bele bir azad iqtisadi zonanınn yaradılması, sözün əsl mənasında, cəsarətli bir addımdır. Çünki Zəngəzur zonası bir çox ölkələrin marağındadır, qonşu 6 ölkə Zəngəzur dəhlizi ilə maraqlanmaq istəyib. Və burada görüləcək işlər birmənalı şəkildə cənab Prezidentin bəyan etdiyi kimi Zəngəzur dəhlizi Azərbaycan xalqının gələcəyinə, Azərbaycanın müstəqilliyinə xidmət edəcək.
Deputat deyib ki, o, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun son 70 ildə yəni müstəqilliyə qədərki dövründə baş verən iqtisadi prosesləri təhlil edib: “Hesab edirəm ki, burda yaradılacaq iqtisadi zona həmin zonada iqtisadi artım məsələsini həll edəcək. Çünki heçnə yoxdur. Azəərbaycan ərazisinin təxminən 10%-ni təşkil edən bu iqtisadi zona bir müddətdən sonra ölkə iqtisadiyyatına da töhfəsini verə bilər. Burada həm təbii resurslar var, həm əmək resursları olacaq, həm energetika resursları var, yaşıllaş enerji imkanları var”.
O, bildirib ki, Qarabağ regionu və Şərqi Zəngəzur rayonu o vaxtlar müstəqilliyə qədər ölkə iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının 12-13%-ni təşkil edirdi. Bu regionlarda nə qədər potensial olmuşdur. Ona görə də bu potensiallardan istifadə olunması böyük məna verəcəkdir. 91-ci ildə bu rayonlarda Bakıda, Sumqayıtda, Gəncədə yerləşən sənaye müəssisələrinin 77 filialları var idi. Prezidentin fərmanına uyğun olaraq, artıq Sumqayıt Sənaye Parkı müəyyən işlər görəcək, Azərbaycanla Rusiya arasında əməkdaşlığın bir istiqaməti olan Gəncədə avtomobil zavodunun filialı yaradılacaq. Regionda maşınqayırma zavodunun filialının yaradılması adi məsələ deyil. Gələcəkdə bu zavod inkişaf etdirilə, təmir işləri həyata keçirilə bilər. Bizim ən böyük üstünlüyümüz ondan ibarətdir ki, su ehtiyatlarımız, əmək ehtiyatlarımız, tikinti materilları ehtiyatımız var. Bunlar bizə imkan verir ki, o region qeyri-neft sektorunun inkişafı baxımından 1-cilər sırasında olsun. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi bu regionların potensialını artıracaq. Bu regionlar Azərbaycanın müdafiə təhlükəsizliyinin, iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün böyük imkanlar yaradacaq.
Ziyad Səmədzadə bildirib ki, burada iqtisadi həyatın bərpası, iqtisadi həyatın bərpasına xidmət edən strukturların yaradılması mexanizmi digər iqtisadi zonalardan xeyli dərəcədə fərqlənəcək. Şəffaflıq çox yüksək səviyyəyə qalxacaq, hər bir addım dövlətin nəzarətindədir, hər bir addım müasir idarəetmə mədəniyyətinin tələblərinə cavab verəcək. Yeni yaradılacaq iqtisadi rayonların fəaliyyətində digər rayonlar aktiv iştirak edəcəklər. Bərdə, Ağcabədi rayonlarının bura daxil edilməsi; Bərdədə pambıq istehsalı, üzüm istehsalı əkinləri inkişaf etdiriləcək. Bu məhsulların kənara daşınıb emal olunmasına ehtiyac olmayacaq, məhsulların əksər hissəsi bu regionlar daxilində istehsal olunacaq. Hasiledici sahə ilə emaledici sahə arasında optimal nisbət yaranacaq. Bu o deməkdir ki, səmərəsiz daşınmaya yol verilməyəcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə bildirib ki, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı ilk növbədə coğrafi yerləşməsinə görə diqqəti cəlb edir. Yəni, bu sənaye parkı həm avtomobil və dəmir yollarının üzərində, həm də Cənub qapısı-Şərqi Zəngəzurun İrana çıxış nöqtəsində yerləşir. Bu da imkan verir ki, iqtisadi zonada istehsal olunan məhsulların daxili və xarici bazarlara çıxışı təmin olunsun.
Vüsal Qasımlı deyib ki, iqtisadi zona Zəngəzur dəhlizi və Naxçıvan üzərindən Türkiyə və Yaxın Şərqə, Aralıq dənizi hövzəsinə çıxmaq imkanına da malikdir. Bu zonaya indidən investorların iqtisadi marağı da yüksəkdir. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması məşğulluq baxımından da əhəmiyyət kəsb edir. Bəs sənaye zonasının yaradılmasının vətəndaşlar üçün əhəmiyyəti nədən ibarət olacaq?
İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, Cəbrayılda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı böyük perspektivlər vəd edir.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə məskunlaşmanın təşfiqi, eyni zamanda həmin ərazilərin iqtisadi potensialının mərkəzləşdirilməsi üçün hökumət müxtəlif alətlərdən istifadə edərək, öz mövqeyini ortaya qoyur:
"Bu istiqamətdə resursları səfərbər etməklə bölgənin qısa müddətdə ölkə iqtisadiyyatına inteqrasiyası məqsədilə addımlar atılır. Həmin ərazilərə ümumi yanaşma olacaq, amma eyni zamanda xüsusi zona statusundan da istifadə etməklə bölgəyə investisiyanın cəlbi nəzərdə tutulur. İlk olaraq ümumi inkişaf planına uyğun olaraq Cəbrayıl "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkınının yaradılması yeri kimi müəyyən edilib. Ərazi nəqliyyat kommunikasiya imkanlarının üzərində yerləşdiyindən biznes üçün olduqca əlverişlidir. Dəmiryolunun bərpa edilməsindən sonra Zəngəzur üzərindən Naxçıvan-Türkiyə, Naxçıvan-İran, həmçinin əks istiqamətdə, Gürcüstana, Rusiyaya və hətta gələcək uzunmüddətli dövrdə Ermənistana belə malların daşınması mümkün olacaq".
Ekspertin sözlərinə görə, digər tərəfdən zonanın Xudafərin körpüsünün yaxınlığında olması və gələcəkdə burada yeni sərhəd məntəqəsi də fəaliyyətnin nəzərdə tutulması bölgənin iqtisadi əhəmiyyətini daha da artırır:
"Bu mənada zonanın İrana məhsul ixrac edilməsində böyük üstünlükləri var. Düşünürəm ki, bütün bunlar daha qısa müddətdə xarici və daxili investisiyaların səfərbər edilməsinə şərait yaradır. Çünki Sənaye Parkı statusu sahibkarlara həm vergi, həm də digər istiqamətlərdə fiskal güzəştlər verir. Bu güzəştlərdən sahibkarların yararlanması fonunda bölgəyə maraq yüksək olacaq. Xarici investorların da iştirakının böyük olacağı gözlənilir. Bildiyim qədərilə ilk cəlb olunan rezident də məhz xarici investordur. Amma gələcəkdə yerli investorların da prosesdə rolu artacaq".
Rəşad Həsənov əlavə edib ki, bu, öz növbəsində məşğulluğa, yaranan əlavə dəyərə töhfə verəcək:
"Böyük ehtimalla gələcəkdə investisiya qoyan rezidentlər çalışacaqlar ki, mümkün qədər bölgənin resurslarına uyğun fəaliyyət planları icra etsinlər. Bu o deməkdir ki, əlavə olaraq bölgənin inkişafı üçün multiplikativ bir dəyər formalaşdırma imkanı olacaq. Malları, xidmətləri həmin bölgədən almaqla, xammalı ordan çıxarmaqla iqtisadiyyatın təşkil edilməsi sənaye zonasının bölgənin iqtisadiyyatına effektiv təsirlərini daha da dərinləşdirə bilər. Eyni zamanda bu, iş yerləri də yaradacaq. Düşünürəm ki, idarəetmə səviyyəsində olmasa da, bölgə əhalisinin digər işlərə cəlb edilməsi imkanları çox yüksəkdir. Bu da özlüyündə məskunlaşmanı təşviq edəcək".
Cavid