• 17 Oktyabr 2021
logo
Regionların sosial-iqtisadi inkişafı sürətlənir

Regionların sosial-iqtisadi inkişafı sürətlənir

Azərbaycanın iqtisadiyyatı gücləndikcə, artıqdca bütün sahələrdə köklü islahatlar sürətlənir. Demək olar ki, iqtisadiyyatın bütün sahələrində dönüş yaranır. Bu vaxtadək ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox artıb, əhalinin sosial vəziyyəti yaşlaşıb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb.
Ölkəmizdə iqtisadi gücün artması Azərbaycanın bölgədə nüfuzunu artırır, bunun nəticəsidir ki, rəsmi Bakıya böyük layihələrin müəllifi kimi çıxış edir. Azərbaycan Avropanın enerji təchizatçısına çevrilib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.
Ümumilikdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına ən azı 17 milyard manatdan çox vəsaitin sərf edilməsi nəzərdə tutulur ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən hazırda icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Eyni zamanda, dövlət tərəfindən təxminən 13 milyard manata yaxın investisiyasının yatırılacağı gözlənilir.
Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.
Milli Məclisin üzvü Vüqar Bayramov yerli mediaya verdiyi açıqlamasında qeyd edib ki, dövlət proqramlarının əsas hədəflərindən biri regionla Bakı arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılmasıdır:
"Regionların sosial-iqtisadi inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Nəzərə alsaq ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının əsas hədəfləri məhz regionla Bakı arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılması və xüsusən də bölgələrə daha çox investisiyanın cəlb edilməsindən ibarət idi. Ötən müddətdə regionlarda infrastrukturun qurulması və bunun fonunda, xüsusən də kommunal xidmətlərin əlçatanlılığının təmin edilməsi reallaşdı və nəticə etibarı ilə rəsmi statistikada regionlarla Bakı arasında iqtisadi fərqin mərhələli şəkildə azalmasını hiss edirik. Bu, zaman tələb edən bir prosesdir və növbəti illərdə proses davam edəcək”.
Vüqar Bayramovun sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunması ilə regionların inkişafı yeni mərhələyə keçdi:
"Artıq yeni mərhələdir. Bir tərəfdən torpaqlarımızın işğaldan azad olunması regionların inkişafı ilə bağlı yeni modelin tətbiqini gündəmə gətirdi. Bu istiqamətdə də işlər davam edir. Nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizdə idarəetmə forması yenidir. Eyni zamanda "Ağıllı kənd”, "Ağıllı şəhər” prinsipinə uyğun olaraq yaşayış məntəqələrinin salınması həyata keçirilir ki, bu da artıq Azərbaycan üçün regionların inkişafı baxımından yenin bir yanaşmadır.
Əsas hədəflərdən biri də regionlarda formalaşmış infrastrukturun dəyərə çevrilməsidir. Bu istiqamətdə də həm yerli, həm xarici investisiyanın cəlb edilməsi prosesinin təşfiq edilməsi həyata keçirilir. Bu baxımdan gözlənilir ki, regionlarla paytaxt arasındakı fərq azalacaq. Regionlarda ixtisaslı kadrların işlə təmin olunması ilə bağlı dövlət proqramlarının, eləcə də investisiya layihələrinin sayında artımlar var ki, bu da, xüsusən də bölgələrimizin inkişafı baxımından vacib hesab olunur”.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov isə bildirib ki, cənab Prezident tərəfindən regional siyasət planlı, düşünülmüş və mütəşəkkil qaydada həyata keçirilir, bölgələrimiz ölkə başçısının təsdiq etdiyi Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində inkişaf edir, regionlarda yaşayan əhalimiz bundan faydalanır. Bələdiyyələr də, regionların sosial-iqtisadi inkişafında çox mühüm rol oynayır, əhatə etdikləri ərazilərin təbii və sosial-iqtisadi potensialından, əmək ehtiyatlarından, yerüstü və yeraltı sərvətlərindən, su və torpaq ehtiyatlarından səmərəli istifadə etməklə müvafiq ərazinin inkişafına töhfə vermək və əhalinin rifahını yüksəltmək imkanlarına malikdirlər: “Eyni zamanda, bələdiyyələrin regionların inkişafında olan rolun bir təzahürü də cənab Prezidentin bu il yanvarın 29-da təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planının icrasında bələdiyyələrin iştirakıdır. Belə ki, qeyd edilən tədbirlər planına əsasən Proqramın əhatə etdiyi müddət ərzində bələdiyyələr turist cəlb edilməsi baxımından yüksək dəyərə malik olan prioritet turizm nümayiş obyektlərinin inkişaf etdirilməsində, sosial-iqtisadi inkişafla əlaqədar əhali arasında ekoloji maarifləndirmə işlərinin təşkilində, avtomobil yollarının, eləcə də qəsəbələrararası və qəsəbədaxili avtomobil yollarının tikintisi və yenidən qurulmasında, əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasında və abadlıq-quruculuq işlərinin davam etdirilməsində yaxından iştirak edəcəklər. Bununla yanaşı, bələdiyyələrin mövcud olduğu ərazinin iqtisadi potensialının formalaşmasında iştirakı zəruridir. Xüsusilə sahibkarlığın inkişafına aid olan dövlət proqramları çərçivəsində bələdiyyələr öz ərazilərində kiçik sahibkarlıq üçün münbit şərait yarada, öz xidmət sahələrini, bələdiyyə müəssisələrini, təsərrüfat subyektlərini təşkil edə, şəxsi fəaliyyəti ilə region iqtisadiyyatının dinamik inkişafına təkan verə bilərlər”.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə bildirib ki, Prezident İlham Əliyevin təşəbüsü ilə hələ 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları qəbul olunub. 5 illik müddəti əhatə edən bu proqramların icrası nəticəsində mühüm nailiyyətlər əldə edilib, regionların siması dəyişib: “Sözügedən 5 illik proqramlar bölgələrimizin həm abadlaşmasına stimul verib, həm də yeni inkişaf imkanlarının əldə edilməsinə şərait yaradıb. Bütün bunlar da eyni zamanda regionlarda məşğulluğun artırılmasına, yeni iş yerlərinin açılmasına böyük töhfə verib. Bölgələrdə yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin edilməsi günümüz üçün olduqca aktual məsələdir. Prezident bu məsələni daim diqqət mərkəzində saxlayır. Çünki dövlət başçımızın yürütdüyü siyasətin mərkəzində vətəndaşlarımızın rifahının yaxşılaşdırılması prinsipi dayanır. Regionlarda yaradılan aqroparkların, sənaye məhəllələrinin də fəaliyyəti məhz bu prinsipin həyata keçməsinə xidmət edir".
Ə.Hüseynov vurğulayıb ki, bu obyektlərin, yeni infrastruktur layihələrinin həyata keçirilməsi həm də ona görə əhəmiyyətlidir ki, onların fəaliyyətə başlaması yerlərdə məşğulluğu təmin etməklə yanaşı, xarici ölkələrə yeni məhsulların ixrac edilməsinə də şərait yaradır: “Azərbaycanın bölgələrində istehsal edilən sənaye malları birbaşa dünya bazarına çıxarılır. Bu da öz növbəsində qeyri-neft sektorunun inkişafına imkan verir. Beləliklə, son nəticədə iqtisadi inkişafımızın dayanıqlı və davamlı olmasına əlverişli zəmin yaranır. Gördüyümüz kimi, bütün bunlar zəncirvari proses olaraq bir-birinə bağlıdır. Haqqında bəhs etdiyimiz dövlət proqramları və infrastruktur layihələrinin icrası həm dünya bazarına çıxış imkanları qazandırır, həm də daxildə ayrı-ayrı sahələrin inkişafına xüsusi diqqət ayrılmasına əlverişli şərait yaradır. Dövlət başçısı rayonların iqtisadi inkişafının ixtisaslaşmalar yolu ilə təmin edilməsinə, hər bir bölgəmizin malik olduğu təbii resurslara və iqlim şərtlərinə uyğun olaraq spesifik kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsinə böyük önəm verir. Regionların inkişafına bu cür selektiv yanaşma olduqca səmərəlidir. Beləliklə, həmin sahələrin inkişafını daha da sürətləndirmək üçün müvafiq dövlət proqramları da təsdiqlənir. Fermerlərə dövlət dəstəyinin davamlılığı təmin edilir. Bütün bunlar isə son nəticədə vətəndaş məmnunluğunun təmin edilməsinə, insanlarımızın rifah halının yaxşılaşdırılmasına xidmət edir”.

Cavid