“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 sentyabr 2024-cü il tarixinədək 643 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən Baymedia.az-a verilən məlumata görə, hesabat dövründə AGG-dən 595,8 mln. ton neft, “Şahdəniz”dən isə 47,2 mln. ton qaz kondensatı hasil edilib.
Bildirilib ki, qeyd olunan yataqlardan indiyə kimi 641,2 milyon ton neft və kondensat ixrac edilib.
Məlumata görə, 2024-cü ilin yanvar-avqust ayları üzrə operativ məlumatlara əsasən, 8 ay ərzində Azərbaycanda 19,3 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.
Respublika üzrə neft hasilatının 11,1 milyon tonu AÇG-nin, 2,8 mln. tonu (kondensat) “Şahdəniz”in, 0,4mln. tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5 mln. ton təşkil edib.
“Hesabat dövründə 16 mln.ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,9 mln.tonu konsorsiumun, 2,1 mln.tonu isə SOCAR-ın payına düşüb”, - məlumatda qeyd olunur.