• 24 Sentyabr 2026
logo
Yüksək kredit faizləri və inflyasiya riskləri

Yüksək kredit faizləri və inflyasiya riskləri

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Bu qərar 1 avqust 2024-cü ildən qüvvəyə minir. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
Mərkəzi Bankda hesab edirlər ki, illik inflyasiya yüksəlsə də hədəf diapazonunun (4±2%) aşağı həddinin altında olub. Belə ki, 2024-cü ilin iyun ayında 12 aylıq inflyasiya 1.1%, baza inflyasiya isə 0.8% təşkil edib. İllik ərzaq inflyasiyası 0.2%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.4% olub. İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Bununla belə əvvəlki aylarda müşahidə edilən davamlı qiymət azalması dayanıb və bəzi məhsullar üzrə qiymət artımı müşahidə edilib. Bu dövrdə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 6 ayında 3%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.
Tədiyə balansının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 6 ayında 4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Bu dövrdə ölkənin strateji valyuta ehtiyatları 1.8% artaraq 69.7 mlrd. ABŞ dolları olub. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1.1% artaraq 11.7 mlrd. ABŞ dollarına çatıb.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. İyul ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.94% olmaqla (iyunda 6.75%) faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq sterilizasiya əməliyyatlarının həcmini azaldıb.
Son aylarda inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski hesab olunmaqdadır. Aparıcı iqtisadiyyatlarda monetar şərait sərt olaraq qalır. İnflyasiyanı artıra biləcək daxili risk amillərinə isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı aiddir. İlkin qiymətləndirmələrə görə 2024-cü ilin dövlət büdcəsinə edilən dürüstləşmə nəticəsində xərclərin artımının əhəmiyyətli inflyasiya təzyiqi yaradacağı gözlənilmir. Bununla belə ortamüddətli dövrdə büdcə xərclərinin və kredit qoyuluşlarının inflyasiyaya təsirləri xüsusi diqqətdə saxlanılır.
Ümumilikdə, mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Yenilənmiş proqnozlara görə mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5.4%, 2025-ci illdə isə 5.5% olacağı gözlənilir. İnflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1.5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər. Uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır.
Qlobal iqtisadiyyat artan geosiyasi gərginliyin təsiri altında qalır. Geoiqtisadi parçalanma kimi amillər nəticəsində iqtisadi aktivlik tarixi göstəricilərə görə hələ də aşağıdır. Cari ildə inflyasiya azaldıqca mərkəzi bankların pul siyasətini yumşaltmasının qlobal artıma müsbət təsir edəcəyi gözlənilir. 2024-cü ilin I rübü ərzində beynəlxalq ticarət yollarında yaranan maneələr, qlobal sferada monetar şərtlərin hələ də sərt olaraq qalması və iqlim dəyişikliyi kimi amillərdən təsirlənən dünya qiymətləri müxtəlif əmtəələr üzrə fərqli istiqamətlərdə dəyişmişdir. Qarşıdakı dövrdə geosiyasi münaqişə ocaqları əmtəə qiymətlərinə mənfi təsir edə biləcək əsas risk faktoru kimi aktuallığını qoruyur.
Qlobal maliyyə sistemi 2024-cü ilin ilk rübündə dayanıqlıq nümayiş etdirmişdir. Qobal iqtisadiyyatın yumşaq eniş edəcəyi ilə bağlı gözləntilərin artması və investorların növbəti rüblərdə faiz dərəcəsinin azaldılması ilə əlaqədar gözləntiləri fonunda rüb ərzində maliyyə bazarlarında müsbət dinamika müşahidə edilmişdir. Maliyyə sistemində narahatlıq doğuran qısamüddətli risklər azalsa belə, orta müddətli dövr üzrə bir sıra risklər qalmaqdadır.
Qiymətləndirmələrə görə mövcud meyillərin davam etməsi halında 2024-cü ildə ölkəmizin cari əməliyyatlar hesabının profisitli olacağı proqnozlaşdırılır. Ötən il olduğu kimi 2024-cü ildə də qlobal geosiyasi vəziyyət, əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri neft-qaz sektoru üzrə ixrac potensialı Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır. Ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyir.
Azərbaycan iqtisadiyyatında artım meyilləri də var. Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə 59,5 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 6,9 faiz artmışdır. ÜDM istehsalının 38,5 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 19,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 5840,7 manatdır.
Mərkəzi Bankın uçot dərəcəsi 7.25 faiz olsa da kommersiya banklarının kredit faizləri yüksəkdir, istehsal sektorunda fəaliyyət göstərən sahibkarlar üçün əlverişli deyil. Bunlarla yanaşı ölkə iqtisadiyyatında kreditləşdirmə sahəsində maraqlı, həm də ziddiyətli bir vəziyyət yaranıb. Belə ki, bankların kreditləşdirmə üçün vəsaitlərinin olduğunu, lakin kreditləri yerləşdirə bilmədiklərini, yəni sahibkarlara kredit verə bilmədiklərini deyirlər. Sahibkarlar isə kreditlərə çox böyük ehtiyaclarının olduğu halda, banklardan kredit ala bilmədiklərindən şikayətlənirlər. Yəni kredit təklif edən də var, almaq istəyən də. Amma bizneslə banklar arasında əksər hallarda sövdələşmə alınmır. Niyə? Çünki bank kreditlərinin faizləri yüksəkdir və şərtlər sahibkar üçün əlverişli deyil. İllik 16-24%-lə kredit götürüb biznesdə, xüsusən də istehsal sahələrində gəlir götürmək, kreditləri qaytarmaq, mənfəət əldə etmək mümkün deyil. Ən yaxşı halda gərək kredir faizləri illik 10%-i keçməsin. Bir sözlə, Azərbaycanda bahalı bank kreditləri biznes üçün əsas problemlərdən biri olaraq qalır. Nə yaxşı ki, dövlətin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə təqdim etdiyi aşağı faizli, güzəştli kreditləşdirmə müxanizmi var. Heç olmasa biznes bu imkandan yararlana bilir. Fondun da kapitalı nəzəri baxımdan azdır, heç də bütün arzu edən sahibkarlara vəsait çatmır, yüzlərlə biznes layihəsi güzəştli kreditin yolunu gözləyir. Ona görə də, dövlət büdcəsindən fonda əlavə vəsaitlərin ayrılması vacibdır.
Biznes subyektləri üçün bank kreditlərinə çıxışın asanlaşdırılması istiqamətində işlər davam etdirilməlidir. Ölkədə maliyyə inklüzivliyi və dərinliyinin artırılması məqsədilə təklif amillərinin təşviq olunması, uzunmüddətli maliyyələşmə mənbələrinin təmin edilməsi, risklərin ötürülməsi və bölüşdürülməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilməlidir. Tələbin təşviq olunması ilə kreditlərə sağlam tələbin artırılması üçün ilk növbədə qeyri-formal iqtisadiyyatdan çıxış və şəffaflaşmanın sürətləndirilməsi, biznes subyektlərində korporativ idarəetmənin yaxşılaşdırılması, müstəqil mühasibatlıq və audit institutlarının inkişaf etdirilməsi kimi şərtlərin reallaşdırılması tələb olunur. Agent bankçılığın inkişaf etdirilməsi də ölkədə maliyyə xidmətlərinə çıxışın artırılmasına və maliyyə xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə verə bilər.

Mahir