• 22 Aprel 2024
logo
Qərbi Azərbaycanda rekord seçici aktivliyi gözlənilir

Qərbi Azərbaycanda rekord seçici aktivliyi gözlənilir

Bu gün İranda keçirilən 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisinin seçkilərində Qərbi Azərbaycan əyalətinin Urmiya və Sulduz (Nəqədə) şəhərlərində seçici aktivliyinin yüksək olacağı gözlənilir.

Baymedia.az xəbər verir ki, buna səbəb hökumətin bu dəfə də Azərbaycan şəhərlərində türk və kürd namizədlər arasında rəqabəti qızışdırmaq planının baş tutmasıdır.

Hər iki tərəfdən olan namizədlər və onları dəstəkləyən qruplar başqa tərəfin namizədlərinin qalib gəlməməsi üçün çağırışlar edib, başqa şəhərlərdən qruplar halında Urmiya və Sulduza seçicilər gətirirlər.

Yerli sosial media fəallarının verdiyi məlumata görə, səhər saatlarından başlayaraq, Soyuqbulaq, Bukan, Üşmü və başqa bir neçə bölgədən Urmiya və Sulduza kürd seçicilərin axını başlayıb.

Bununla yanaşı, xaric və daxildə fəaliyyət göstərən bir neçə güneyli fəal və qurum da oxşar çağırışlar edərək, Azərbaycana qarşı ərazi iddiası edən kürd namizədlərin seçilməməsi üçün azərbaycanlıları Qərbi Azərbaycan əyalətində keçirilən seçkilərdə fəal olmağa çağırıb.

Qərbi Azərbaycan əyalətinin 4 milyonluq əhalisinin təxminən 20 faizini kürdlər təşkil edir.