• 27 İyul 2024
logo
Rusiya 5 milyardlıq dənizaltı yolu çəkə biləcəkmi?

Rusiya 5 milyardlıq dənizaltı yolu çəkə biləcəkmi?

Rusiya-Ukrayna müharibəsinin soyuq aylarda mövqe döyüşlərinə keçəcəyi ehtimalı yüksəkdir, hər iki tərəf cəbhə bölgəsində mövqelərini gücləndirməyə çalışacaq. Çünki yeni hücumlar canlı qüvvənin daha böyük itkisi və hərbi texnikanın sıradan çıxması deməkdir. Qış aylarında mövqe döyüşləri davam etdikcə, tərəflər növbəti yay ayları üçün irəliləmək planlarını tərtib edəcəklər.

Baymedia.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, gələn il Rusiya və Ukraynanı daha bir sınaq gözləyir, hər iki ölkədə prezident seçkisi keçirilməlidir:

“Rusiyada prezident seçkisində sürpriz gözlənilmir, Vladimir Putin rəqibləri üzərində qələbəyə əmindir. Ukraynada isə müharibə şəraitində seçkinin keçirilib-keçirilməyəcəyi, keçirilərsə, hazırki dövlət başçısı Vladimir Zelenskinin mövqeyini qoruyub-qorumayacağı bəlli deyil. Buna baxmayaraq, prezident seçkilərinin müharibənin gedişatına çox da təsir edəcəyi proqnozlaşdırılmır.

Bu arada, “Vaşinqton Post” məlumatlı mənbələrə istinadən Rusiya və Çinin birlikdə Krım yarımadasına dənizaltı tunelin tikintisinə başlamaq barədə razılıq əldə etdiklərini yazıb. Ukraynanın kəşfiyyat strrukturları Çinin dəmiryol inşaat şirkətinin məktublarını ələ keçirməklə tunel tikintisi barədə məlumat əldə ediblər. Məlumata görə, Çin şirkəti dənizaltı tunel tikintisi üçün Rusiyadan sifariş alıb. Rusiya bu tunelin tikintisi üçün Çin şirkətinə 5 milyard dollar ödəyəcək. Maraqlıdır ki, Rusiya bu maliyyəni elə Çin banklarından birindən kredit götürməklə Çinin tikinti şirkətinə ödəyəcək. Bunun qarşılığında Çin həmin tuneldən istifadəyə görə gediş haqqı toplayacaq.

Rusiya və Çin arasında tunelin tikintisi ilə bağlı ilkin razılıq olsa da, bunun reallaşması indiki şərtlər altında mümkün deyil. Çünki Ukrayna ordusu Krım körpüsünü və körpünün ətrafını tez-tez raket atəşinə tutur, dron hücumları həyata keçirir. Raket atəşləri altında dənizin altı ilə tunelin tikintisi mümkün deyil. Tunelin tikintisi üçün ya müharibə bitməlidir, ya da Ukraynanın körpünü dron və raket atəşinə tutması ehitmalı ortadan qaldırılmalıdır. Rusiya hələ ki, bunu bacarmır. Çin şirkəti gözləmə mövqeyindədir”.

Politoloq vurğulayıb ki, Rusiyanın müharibə apardığı bölgədə dənizaltı tunelin tikintisini Çinə tapşırması iki ölkə arasında münasibətlərin hazırki yüksək səviyyəsindən xəbər verir:

“Ancaq orası da var ki, Çin nə zamansa tunelin tikintisinə başlayarsa, Krımın ilhaqına dəstək vermiş olacaq. Pekin Ukraynanın ərazi bütövlüyü əleyhinə bu addımı atarsa, Tayvan məsələsində mövqeyi zəifləyəcək”.