• 12 İyul 2025
logo
İranın cəzalandırılması Rusiyanın da imkanlarını zəiflədəcək

İranın cəzalandırılması Rusiyanın da imkanlarını zəiflədəcək

Dünya müasir tarixinin elə bir dövrünə qədəm qoyur ki, yeni dünya düzəni formalaşması prosesi on illərlə mövcud olan problemlərin həll edilməsini labüd edir. Postsovet məkanından tutmuş Yaxın və Orta Şərq, Uzaq Şərq, Afrika qitəsindəki mövcud problemlərin həll edilməsi vacib olur. Dünyada cərəyan edən proseslərin gedişatı zərgər dəqiqliyi ilə izlənilməlidir.
Tərəfdaşımız İsrailin Yaxın Şərqdə vurğuladığı yeni düzən elanı bir çox tarazlıqları dəyişmə gücündə olacaq. Bu, İranın və Rusiyanın daha da zəifləməsi istiqamətində ola bilər və ya güclənməsinə səbəb olar.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Azər Qasımov deyib.
Politoloqun fikrincə, İran Yaxın Şərq münaqişəsində ABŞ və İsrail tərəfindən səbəbkar elan olunacaqsa, İranın cəzalandırılması Rusiyanın da imkanlarını zəiflədəcək. Təbii ki, bu, üzdə olan versiyadır. Arxa planda ABŞ-ın İranı vurması az ehtimaldır.
G20 zirvəsi sonunda elan edilən Hindistan-Baharat yeni nəqliyyat marşrutunun başlayacağı Hindistanın "Mumbai və Mundra" limanlarından Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya, İsrailin "Hayfa" limanından Yunanıstana, ordan da Avropaya gedəcəyi nəzərdə tutulur.
İsrailə sadəcə Qəzza zolağının ən azı yarısı lazımdır ki, bu istiqamətdən nəqliyyat dəhlizi üçün təhlükəsiz ərazi açılsın. İsrail ilə ərəb ölkələrini birləşdirəcək nəqliyyat marşrutu onların yaxınlaşmasına və problemlərin aradan qaldırılmasına səbəb olacaq: “Çindən başlayan dəhlizlərin gələcək perspektivləri təhlükəlidir. Çin artıq dünyanın "fabrik ölkəsi" olmaq statusundan çıxıb, siyasi güc mərkəzi olması üçün fəaliyyət göstərir. Hindistanın isə belə bir istəyi yoxdur. Çin getdikcə iqtisadi partnyorlarını itirir. Onlar daha çox Hindistan, Vyetnam, Cənubi Koreyaya yatırım edirlər. Gələcək illərdə ölkələr Çinlə Hindistan arasında seçim etmək məcburiyyətində qalacaqlar. Hindistanın daha çox Qərbə yaxın olması, əsrlərlə İngiltərə müstəmləkəsi kimi dil və mədəniyyət yaxınlığı Hindistanın Çinin yerini tutması, hətta dünyanın birinci iqtisadiyyatı olması proqnoz edilir.
Çin əhalisi əvvəlki əhali deyil. Əhalinin orta təbəqəsi xeyli artıb. Onlar artıq ucuz işçi qüvvəsi kimi işləmək istəmirlər, yaxşı yaşamağa öyrənmiş və şəxsi mənzillərində yaşamaq istəyir, xüsusi mənzillər alırlar. Çinlilər artıq özləri öz istehsallarını, texnologiyalarını yaradırlar və yaradıblar. Amma Çin mallarının keyfiyyətsizliyi haqda xəbərlər, Çinin Qərb texnologiyalarını oğurlaması faktları da Qərb şirkətlərinin Çindən getməsini sürətləndirir. Hindistan əhalisinin isə belə istəyi yoxdur. Çindən fərqli olaraq əhalinin artımına nəzarət olmadığı kimi, onun necə yaşamasına da nəzarət yoxdur. Əksər əhali yoxsulluq həddində yaşayır, gündəlik yaşam mübarizəsi verirlər. Hindistanda insan dəyəri də çox aşağı səviyyədədir. Bu da xarici şirkətlər üçün cəlbedici amildir. İnsan dəyərinin aşağı olması istehsalat qəzaları, ətraf mühitin mühafizəsi kimi faktorları arxa plana keçirir ki, bu da istehsal xərclərini azaldır, gəlirləri artırır. Xarici şirkətlərin kapitalist maraqlarını təmin edir”.
A.Qasımovun sözlərinə görə, G20 zirvəsinin yeni prioritet ölkəsi Hindistan gələcəyin superiqtisadiyyatı olmalıdır. Məsələnin kökü olan və Çinlə Hindistanı bir-birindən fərqləndirən əsas həlledici açar cəhət isə odur ki, Hindistan nə qədər inkişaf edib dünya superiqtisadiyyatı olsa da belə, dünya siyasi gücü olma iddiasında olmayacaq. Məsələ ondadır ki, Çin tarixən imperiya quran, dövlətlərə hökm edən keçmişə sahibdirsə, Hindistanın belə bir tarixi yoxdur. Hindistan daim ekzotik ölkə statusunda xarici ölkələrin maraq dairəsində olub və daima müstəmləkə altında olub. Bir çox işğalçı güclər rahatlıqla Hindistan coğrafiyasını işğal edib, sərvətlərini talayıb, özlərini də kölə kimi işlədiblər. Nadir Şah belə asanlıqla Hindistanı işğal edib, xəzinələrini ələ keçirib, Azərbaycan coğrafiyasına gətirib. Bu kimi hadisələr də ümumiyyətlə onların mentalitetində dərin izlər buraxıb. Qeyd edilənlər fonunda Hindistan da Azərbaycan üçün cəlbedici olmalıdır: “Beynəlxalq nəqliyyat marşrutlarının diversifikasiyası malların daha rahat və qısa yolla daşınmasını təmin etmək məqsədi daşıyır. Qloballaşan dünyanın sürəti qarşısında informasiyanın sürətli çatdırılması, eyni zamanda, malların da sürətli çatdırılmasının təmin edilməsini tələb edir. Bu, həyatı tələb olmasa da, kökündə gəlir əldə etmək məqsədi güdülür. Daha tez və yaxın marşrut, daha çox daşımaçılıq və buna müvafiq olaraq daha çox qazanc, maliyyə deməkdir. Sifarişçi və istehsalçı-satıcı münasibətlərini isə tranzit ölkələr tənzimləyir. Tranzit ölkələr bu prosesin həlledici faktordur. Maliyyə stabilliyi sevdiyi üçün tranzit ölkələrin stabilliyi də əsas rol oynayır.
Yaxın Şərq regionunda proseslərin gərginləşib müharibə həddinə çatması "Baharat" nəqliyyat dəhlizinin elan edilməsindən sonra bir çox siyasi şərhçilər tərəfindən proqnoz edildi. Bunun qaçılmaz olduğu aydın idi. Bu dəhlizin keçdiyi marşrutun İsrail ayağı stabil deyildi və bu məsələ həll edilməli idi. Görünən də odur ki, bu prosesdə maraqlı qüvvələrin planları əvvəlcədən hazırlanmışdı və dəhliz elan ediləndən az sonra həyata keçirilməyə başlanıldı. Ümumiyyətlə Fələstin probleminin həll edilməsi region ölkələrinin hamısının marağında olan məsələdir. Qəzza zolağının HƏMAS-dan təmizlənməsi isə əsas şərtdir. Tək "HƏMAS" yox, "Hizbullah" da hədəf altındadır. Onların regionun gələcəyində rolu yoxdur”.
Politoloq onu da deyib ki, bu məsələlər eyni zamanda, Ağ dəniz regionunda Kipr adasının yunan və türk əraziləri məsələsinin həllini də labüd edir. İki dövlət prinsipi İsrail-Fələstin məsələsində aktiv olduğu kimi Yunan və Türk Kipr məsələsində də həllini tapmalıdır. Bu, Şimali Kipr Türk Respublikasının tanınması məsələsini gündəmə gətirəcək.
Hindistan əgər dünyanın iqtisadi mərkəzlərindən biri olacaqsa, ilk növbədə Hindistanın öz problemi olan "Kəşmir" məsələsi Pakistanla həll edilməlidir. Hindistanın Baş naziri Norendra Modinin hakimiyyətə gəldikdən sonra müsəlmanlara qarşı olan dözümsüzlüyü və təzyiqlərin artması da onu göstərir ki, Hindistan da Pakistanla qarşıdurmaya hazırlaşır. Amerika-Hindistan-Yunanıstan xəttinin İngiltərə-Pakistan-Türkiyə və müvafiq olaraq Ermənistan-Azərbaycan da əlavə edilsə, görünən odur ki, regionlar hər vaxt açıq qarşıdurmaya hazır vəziyyətdədir. İranın bu tərəflər arasında dolayısı ilə kimlərin yanında olduğu sözləri ilə yox, əməlləri ilə isbat olunur. İran "Baharat" dəhlizindən kənarda qoyulsa da, daha çox Amerikanın əlinə oynayır. Süni şəkildə vəziyyəti eskalasiya etməklə Amerikanın hərbi gücünün regiona gəlməsinə şərait yaradır. Amerikanın hərbi dəniz donanmasının təyyarədaşıyan gəmiləri və onları müşayət edən gəmilər və sualtı qayıqları artıq bölgədədir. Bu, ümumilikdə on mindən çox əsgər deməkdir. Tək Yaxın Şərqdə Amerikanın müxtəlif ölkələrdə Türkiyə də daxil, hər ölkədə 2min ilə 5min əsgər arası, Qətərdə isə 13mindən çox olmaqla 50mindən çox əsgəri vardır. Qətər Amerikanın NATO-dan kənar strateji müttəfiqidir. Bura hərbi aerodromları, bazaları, gəmilərdəki təyyarələri, 2min km vuruş məsafəsi olan "TOMAHAF" raketlərini də əlavə etsək, böyük bir hərbi güc edir. Bu güc qarşısında dayanmaq hər hansı ölkənin işi deyildir: “Türkiyənin bu durumdan özünə təhlükə görməsi təbii hal olsa da, bilavasitə bu gücün özü ilə əlaqələndirmək cəhdləri, bunun Türkiyə ilə müharibə üçün regiona toplanmasına vurğu edilməsi, Türkiyə üçün hesab edirəm ki, ciddi təhlükə olmadığı halda bunun edilməsi Türkiyənin ağırlığını vurğulamaq, region üzərində təsirinin olduğunu sübut etmək və ən əsası isə mövcud hakimiyyətin əhəmiyyətini artırmaq üçündür.
Ərəb dünyasının ümumən neytral qaldığı bir durumda Türkiyənin ciddi səylə prosesi təqib etməsi İslam dünyasının liderliyi uğrunda mübarizənin tərkib hissəsidir.
Çinin də regiona hərbi gəmilər göndərməsini gərgin olan vəziyyətin daha da gərginləşdirilməsi istəyi olduğunu fikirləşmək olar. Bütün bunların bir oyun olduğu, Amerika və Çinin Ağ dənizdə qarşı-qarşıya gələcəyi faktı blef olardı. Çin sadəcə tərəfdaşlarına güc göstərməyə çalışır. Yəni demək istəyir ki, mən də tərəfdaşlarımı qorumaq gücündəyəm. Amerikanın silahlarından və regionda olmasından çəkinib əldə olunmuş razılaşmalardan geri çəkilməyin. Zatən Amerika da regiona buna görə gəlib ki, kimsə İsrailin işini görməsinə mane olmasın. Müsəlman ölkələr İran, Birləşmiş Ərəb Əmirlikləri Çinin arabuluculuğu ilə siyasi əlaqələri bərpa ediblər. Səudiyyə Ərəbistanı Çinin arabuluculuğunda İsraillə müqavilə bsğlayacaqdı. Hələlik dayanıb. Tərəflər iqtisadi əlaqələrdə maraqlıdırlar və bütün tərəflər üçün bu əlverişlidir”.
Azərbaycan təbii ki, öz daxilində olan separatizm problemlərini həll edib. Amma torpaqların azad edilməsinin də əsasını təşkil edən beynəlxalq nəqliyyat dəhlizlərinin keçəcəyi ərazilərin stabilliyi məsələsinin ən həlledici mərhələsi olan Zəngəzur dəhlizinin açılması məsələsi hələ gündəmdədir. Azərbaycan və Türkiyə bunun üçün hələlik manevrlər edirlər. Zəngəzur dəhlizinin açılması üçün müxtəlif yol və formatlar sınaqdan çıxarırlar. Bura dəhlizin İran ərazisindən keçməsi, 3+3 formatı, sülh müqaviləsinin bir şərti kimi nəqliyyat yollarının açılmasının nəzərdə tutulması şəklində müxtəlif yollar sınaqdan çıxarılır. Ümid edirik ki, bu yollardan hansısa nəticə verəcək. Amma bütün bu hallarda məsələ yarımçıq, Azərbaycanın istəyinin tam təmin olunmaması kimi qalacaq. Azərbaycan Zəngəzurdan dəhliz kimi istifadə etməyi planlayıb və bu, belə də olmalıdır: “Çox maraqlı bir fakt diqqəti cəlb edir. Məsələ ondadır ki, Azərbaycan tərəfi yaxşı başa düşür ki, Zəngəzur dəhlizinin hərbi yolla açılması doğru yol deyil, ən azı ona görə ki, beynəlxalq dəhlizin bu hissəsi qeyri-qanuni ərazi statusunda olacaq. Bu da daşımaların həyata keçirilməsinə mane olacaq. Amma Amerika, İran, Ermənistan isə nədənsə əmindirlər ki, Azərbaycan bunu edəcək. Həmin ərazinin qorunması üçün orda konsulluq filan açırlar, amma yenə də bunun olacağına vurğu edirlər. Təbii ki, bunlar provakasiyadır, amma hansı məntiqlə bunu fikirləşirlər bu maraqlıdır. Fikrimcə, qarşı tərəf acizliyini etiraf edir bu şəkildə fikirləşməklə. Bunun da onlarda yaratdığı fəsad hər şəkildə məğlubiyyətlə barışmaq psixologiyası formalaşdırır və belə fikirlərə düşürlər. Bunun özü elə Azərbaycan üçün bəs edir ki, Ermənistan dəhlizi öz xoşu ilə Azərbaycana verməyə razı olsun ki, onsuz da bizim deyil, daha çox itirməyək”.

Cavid