• 27 İyul 2024
logo
Hindistan Kanadadan 40-a yaxın diplomatını geri çağırmağı tələb edib

Hindistan Kanadadan 40-a yaxın diplomatını geri çağırmağı tələb edib

Hindistan 10 oktyabr tarixinə qədər 40-a yaxın Kanada diplomatının ölkəyə geri qayıtmasını tələb edib. Baymedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə əsasən məlumat yayıb.

Məlumata əsasən, Nyu-Dehli məhz bu tarixdən sonra Hindistanda qalacaq Kanada nümayəndələrini diplomatik toxunulmazlıqdan məhrum etməklə hədələyib.

Kanada Xarici İşlər Nazirliyi və Hindistan hökuməti qəzetin sorğusuna şərh verməkdən imtina ediblər.

Kanada ilə Hindistan arasında münasibətlər Ottavanın sentyabrın 18-də Kanadanın Siqh icmasının lideri Hardip Sinqh Nicarın öldürülməsində bu ölkənin xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı fərziyyələrə görə Hindistanın baş diplomatlarından birini geri göndərmək qərarına gəlməsindən sonra kəskinləşib. Kanada XİN-in rəhbəri Melani Joli bəyan edib ki, həmin diplomat Hindistan kəşfiyyatının nümayəndəsidir. O, həmçinin xəbərdarlıq edib ki, Kanada öz işlərinə heç bir müdaxiləyə dözməyəcək.

Bundan sonra Hindistan XİN-i Kanadanın ölkədəki səfiri Kameron Makkeyi çağıraraq ona Nyu-Dehlinin diplomatlarla bağlı sözügedən qərarını elan edib. Respublikanın xarici siyasət idarəsi hesab edir ki, kanadalı siyasi xadimlər Xalistan terrorçularına və ekstremistlərinə açıq şəkildə rəğbət bəsləyirlər ki, bu da dərin narahatlıq doğurur. Hindistanın Ottavadakı səfirliyi vizaların verilməsini dayandırıb. Hindistan vətəndaşlarına Kanadaya səfər etməkdən çəkinmələri tövsiyə olunur.