• 7 May 2024
logo
Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

ABŞ-la Çin arasında Ay uğrunda rəqabət güclənib. ABŞ-ın NASA Kosmik Agentliyinin rəhbəri Bill Nelson Aya astronavt göndərməyin sürətləndirilməsi vacibliyini bildirib. Onun fikrincə, ABŞ gecikərsə, Çin NASA-nı qabaqlaya bilər.

Baymedia.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, Çinin kosmik proqramı sürətlə həyata keçirilir:

“Çin hakimiyyəti kosmik tətqiqatlara böyük maliyyə ayırmaqdadır. Bill Nelson ABŞ Konqresinin komitəsində çıxış edərkən bildirib ki, NASA “Artemis” proqramı əsasında amerikalı astronavtların Aya göndərilməsi proqramı üzərində çalışmalarını davam etdirir. Astronavtlar Ayın cənub hissəsinə enməlidirlər. Bu çox mürəkkəb layihə olduğundan maliyyənin artırılmasını tələb edir. Konqres məhz buna görə dinləmələr təşkil edib ki, Aya astonavtların göndərilib-göndərilməməsi məsələsini aydınlaşdırsın. Nelson komitədəki çıxışı zamanı konqresmenlərə xatırladıb ki, layihənin maliyyələşməsi vaxtında həyata keçirilməsə və gecikmə baş verərsə, Çin NASA-nı qabaqlayacaq. Bill Nelson onu da deyib ki, Çinin kosmik proqramı hərbi xarakter daşıyır. Çin öz taykonavtlarını Aya 2030-cu ilə qədər göndərməyi planlaşdırır. Əgər Çin taykonavtlarını ABŞ astonavtlarından daha tez Aya göndərərsə, Aya enmə ərazisi Çinə məxsus olacaq.

Bu, NASA rəhbərinin Çinin kosmos missiyaları ilə bağlı narahatlığını ifadə etdiyi ilk hal deyil. O, keçən il bildirmişdi ki, ABŞ Müdafiə Nazirliyinin kosmos yarışı potensialını qiymətləndirən 196 səhifəlik hesabat dərc etdikdən sonra Yer üzündə ABŞ və Çin arasında geosiyasi gərginlik Aya qədər uzana bilər. “Çin peyk yoxlaması kimi proqramları inkişaf etdirir. Bu imkanların heç olmasa, bəziləri silah kimi də fəaliyyət göstərə bilər”, - deyə hesabatda bildirilirdi.

Soyuq müharibə illərində kosmosda rəqabət ABŞ-la SSRİ arasında gedirdi. Kosmosa ilk peyk göndərən SSRİ olub, ilk kosmonavt da SSRİ vətəndaşı idi. ABŞ bu yarışda birinciliyi əldən versə də, Aya ilk astronavtı göndərən ölkə oldu. 20 iyul 1969-cu ildə Aya ayaq basan Nil Armstronqun sözləri tarixə düşdü: “Bu insan üçün kiçik bir addım, bəşəriyyət üçün nəhəng sıçrayışdır”. SSRİ varisi kimi Rusiya kosmik proqramları davam etdirsə də, böyük layihələrə maliyyə ayıra bilmir. Bu səbəbdən hazırda kosmik tədqiqatlarda rəqabət ABŞ-la Çin arasında gedir”.