• 21 İyun 2024
logo
Rəsmən elan edildi: Şimali Kiprdən mühüm addım...

Rəsmən elan edildi: Şimali Kiprdən mühüm addım...

Noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən sammitdə Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv kimi qəbul edilən Şimali Kipr Türk Respublikası (ŞKTC) tanınma istiqamətində mühüm addım atıb.
Baymedia.az Musavat.com-a istinadən xəbər verir ki, ŞKTC məclisi Türk birliyini təşkil edən 5 dövlətlə parlamentlərarası dostluq qrupunun yaradılmasına qərar verib.
Qəbul edilən qərara əsasən, assambleyada təmsil olunan bütün siyasi partiyalar Azərbaycan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Qazaxıstanla yaradılan dostluq qruplarına üzvlər təyin edəcəklər. Dostluq qruplarının Türk dövlətlərinin parlamentləri ilə birbaşa əlaqəsi olacaq.
Dünyada yalnız Türkiyənin tanıdığı ŞKTC-nin 1990-cı ildən bəri Türkiyə Böyük Millət Məclisi ilə dostluq qrupu var.
Xatırladaq ki, ötən ay Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan Partiyası Türkiyənin AK Partiya nümayəndə heyəti ilə Şimali Kipr Türk Respublikasına səfər edib.
Məlumata görə, yanvarın 16-da Girnədə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olacaq.
Qeyd edək ki, Azərbaycanın bu addımı olduqca cəsur və vacib addım kimi şərh edilir. Rəsmi Bakı Yunanıstanın təzyiqi nəticəsində Şimali Kipr Türk Respublikasını tanıya və əlaqələr qura bilmirdi. Lakin Qarabağ cəbhəsində əldə edilən zəfər artıq Azərbaycana böyük imkanlar tanıyır. Bu imkanlardan biri də ŞKTC-nin tanınması və siyasi əlaqələrin qurulmasıdır.