• 16 Aprel 2024
logo
Təbrizdə havanın çirkliliyi böhran səviyyəsinə çatıb

Təbrizdə havanın çirkliliyi böhran səviyyəsinə çatıb

Təbriz şəhərində havanın çirkliliyi böhran həddinə çatıb. Bu barədə əyalət üzrə valinin müavini Cavad Rəhməti açıqlama verib.
Onun sözlərinə görə, havanın çirklənməsinin əsas səbəblərindən biri Təbrizin İstilik Elektrik Stansiyasında mazutdan istifadə olunmasıdır.


“Belə davam edərsə və problemin həlli ilə bağlı tədbir görülməzsə məcburi şəkildə bir sıra dövlət idarələri və müəssisələr tətil edəcək”-deyə, vali müavini bildirib.
O, qeyd edib ki, Şərqi Azərbaycan əyalətinin əhalisinin ortalama 50 faizi Təbriz və onun ətrafında yaşadığı üçün bu qədər insanının sağlamlığının təhlükəyə atılması yolverilməzdir.
“Öncəki illərdə mazutdan istifadə edildiyi üçün ilin bəlli bir dönəmlərində Təbrizin havası çirkli olub. Ancaq bu il yağıntıları az olması səbəbindən bu çirklilik böhran səviyyəsinə çatıb”-deyə, Cavad Rəhməti xəbərdarlıq edib.
Bir neçə gün bundan öncə məsələ ilə bağlı çıxış edən Təbrizin İran parlamentindəki nümayəndəsi Ruhullah Mütəfəkkir Azad ölkənin istilik elektrik stansiyalarının qaz istehlakını dəyərləndirmək barədə qərarının ləğv olunmasını tələb edib.
Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin və ətraf mühit fəallarının yaydığı xəbərdarlıq müraciətində İstilik Elektrik Stansiyasında qaz əvəzinə mazutdan istifadə edildiyi vurğulanıb.
Bunun ətraf mühitə və insanların sağlamlığına ciddi ziyan vurduğu qeyd olunub.
Cari günəş ilinin əvvəllərindən başlayan müzakirə və etirazlar Energitika Nazirliyi və əyalət rəhbərliyinin məsələyə müdaxiləsinə səbəb olsa da, bu günə kimi müsbətə doğru hər hansı addım atılmayıb.
“Təbriz istilik elektrik stansiyasında qaz əvəzinə mazutdan istifadə hava çirkliliyini gücləndirib, kənd təsərrüfatı məhsullarına mənfi təsir göstərib və bölgədə yaşayan insanların sağlığında problem yaradıb”-deyə, Ətraf Mühitin Mühafizəsi İdarəsinin açıqlamasında bildirilib.
Açıqlamada Təbriz, Üskü, İlxıçı, Xosroşəhr və Tufarqan şəhərlərinin havasının çirkləndirilməsində adı çəkilən stansiyanın əsas rol oynadığı, ətraf mühit və kənd təsərrüfatına vurduğu ziyanla yanaşı adı çəkilən bölgələrin sakinlərinin tənəffüs xəstəliklərinə tutulmasına səbəb olduğu qeyd olunub.
Gunaz.tv