• 29 Mart 2024
logo
Tarı ver tarçalana...

Tarı ver tarçalana...

Gözlərinin küncündə bir damla yaş var... dupduru... Yurdu-yuvası yağmalananda, ev-eşiyindən didərgin düşəndə gözündən çıxan o acı yaş...eləcə donub qalmışdı..yanağına süzülməmiş, əllər onu silməmişdi...Yurdsuz illərində çox ağlamışdı.. o göz yaşlarını yığsaydın, bəlkə də dərya olardı..amma qəlbinə axıtmışdı.. o damcıların səsini yalnız özü eşitmişdi...

Bu illərdə yuxularında ancaq o dağı, bir də o meşəni görərdi.. Süsən dağını, Süsən meşəsini...çinarlar arasında dolaşar, dağın ətəyində dayanıb zirvəsinə baxardı..və nə hikmətdisə yamyaşıl-Süsən rəngli, Süsən ətirli, çinar boylu olardı o yuxular..

Gördüklərinin yuxu olduğunu hiss edincə gözlərini açmaq, o çinarlardan, o dağlardan ayrılmaq istəməzdi. Həmin günü xəyal kimi dolaşar, gecələr tez yatar, yurdunu, ev-eşiyini yuxusuna çağırardı...Tanış hisslərdi eləmi...Yox, min məhəbbətlə tikdiyi evi-eşiyi əlindən alınan, qapıda qoyub gəldiyi qoyun- quzunun, toyuq-cücənin, ipdə asılı qalan pal-paltarın, ağzı açıq qalmış su quyusunun, ocağın üstündə qaynamağa qoyulmuş o südün ətrinin, həyət-bacada eşidilən əzizlərinin səsinin həsrətini çəkənlər yaşar bu hissləri...

Deyir, yurdumun bir səhər havasını, qoyun-quzunun yanından nazla ötüşünü, səhər samovarının ev adamlarını süfrəyə çağırmasını min şəhərə dəyşmərəm..Zəngilan sakini Qəmər nənə..

Erməni mənfurlar Zəngilanı işğal edəndən ayrı düşdüyü Süsən dağlı, qoca çinarlı yurdunu sevgili kimi gözlədi Qəmər ana...İtkin düşən, əsir alınan, səsi çatmayan, ünü yetməyən, amma bütün günü içində onunla danışan, onunla dərdləşən sevgili kimi..Əri müharibəyə getmiş, bir parça kağızı belə gəlməmiş gəlinlər kimi.. zindana atılan, amma təslim olmayan bəyzadə xatunu kimi... sədaqətlə, sevə - sevə gözlədi...balaları da yanındaydı, hərəsi bir budaq nəvələri də, hərəsi bir dünya nəticələri də...Başına dolanar, nazını çəkər, hər şeyin ən yaxşısını nənələri Qəmər ana üçün düzüb-qoşardılar...və gözləri üzlərində qalardı.Onların: "Bir istəyin varmı" sualına, "yox,canınızın sağlığı" cavabını verər, dolmuş gözlərini ... dolandırıb ürəyində pıçıldardı: "İstəyim....istəyim Zəngilandı.."

...Və düz 27 il - düz bir igidin ömrü Qəmər nənə gündə yüz dəfə "qoyun- quzu bəzəkli dərələrin" boy-buxununa canını qurban dedi, "Sizlər yadıma düşəndə ürəyim qubar eləyir" söylədi...a

Azərbaycanın Vətən Müharibəsi başlananda Qəmər nənə günlərlə özünə yer tapmadı...həm cəbhədə olanı, döyüşün ən qaynar yerində vuruşanı vardı, həm də illərdi gözü yolda qalan Zəngilanı...və ora qayıtmaq həsrəti...elə bu həsrət yaşatmışdı onu..92 yaşına çatdırmış, nə vaxtsa bir mübarək gündə doğma torpağına qayıdacağı inamı onu qürurlu saxlamışdı, səsinin şaxını sındırmamışdı..

Günlərlə ekranın qarşısından çəkilmədi..Ali Baş Komandana, əsgərlərimizə dərya suları, ağac yarpaqları, səhra qumları qədər dualar elədi... və hər dəfə Ali Baş Komandan xalqa azad olunmuş ərazilərimizin müjdəsini verəndə gözlərinin küncündə o bir damla yaş göründü, səsi titrədi: "Gözlərinin, yumruğunun qadasın alım, prezident, Zəngilanı de, Zəngilanı..."

Zəngilanın işğaldan azad olunduğu gün qəribə hadisə baş vermişdi...Qəmər nənə illərdi qoruyub saxladığı allı-güllü şalını başına salmış, evdəkilərin təəccüb dolu baxışlarına "bu gün Zəngilanımın müjdəsi olacaq, yuxusunu görmüşəm... görmüşəm ki, evimizin yanındakı dərə vardı ha...bax o dərənin başında atlar düzülüb, hamısı da mənə baxır" demişdi...

Və həmin günün axşamı Qəmər ananın yuxusu çin çıxmış, dilindən bədahətən bir bayatı süzülmüşdü:

Qarabağ deyir:

Əzizim tar çalana

Tarı ver tar çalana

Vətənimi əlimdən alanın

Ürəyi parçalana.

Bu sözü dəfələrlə təkrar etmiş, sanki illərdi yanan kölnünü soyutmuşdu:"Ürəyi parçalana...ürəyi parçalana"...

Və bir niyyətini elə o gecə balalarına açıb demişdi.."gedəcəm Zəngilana, orda 92 yaşımı keçirəcəm..."

Az qalıb, çox az ...Qəmər nənənin Zəngilanına-sevgilisinə qovuşmağına...gedəcək yurduna, gəzəcək qarış-qarış... südü ocağın üstündən götürəcək, paltarı ipdən, su quyusunun ağzını örtəcək..və balalarını başına yığıb bir ad günü düzənləyəcək...çal-çağırlı, toy-büsatlı..

O ad günündə mütləq bir tarzən olacaq və başına allı-güllü şalını salmış Qəmər nənə sevgili Zəngilanının dağına-dərəsinə baxıb tarzənə tərəf dönüb pıçıldayacaq:

Əzizim tar çalana..gəlmişəm Zəngilana..

Və gözlərinin küncündə yenə bir cüt yaş görünəcək..bu dəfə yurd dadlı, bu dəfə sevinc yaşı..