Krımın statusu məsələsi Moskva ilə Ankara arasında fikir ayrılıqları qalır, lakin Rusiya türkiyəli dostlarını öz mövqeyinin düzgünlüyünə inandırmaq üçün əlindən gələni edir.
Baymedia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynaya məxsus olması ilə bağlı bəyanatlarını şərh edərkən deyib.
“Bu mövzu türkiyəli dostlarımızla aramızda mövcud olan fikir ayrılıqları kateqoriyasına aiddir. Biz öz nöqteyi-nəzərimizi türkiyəli dostlarımıza və həmkarlarımıza izah etməyə davam etmək cəhdlərimizdən əl çəkmirik. Ümid edirik ki, bu, zaman keçdikcə Ankaraya bizi daha yaxşı başa düşməyə, bizim arqumentlərimizlə razılaşmağa imkan verəcək. Biz Türkiyə ilə münasibətlərimizi, tərəfdaşlığımızı inkişaf etdirməyə davam edirik”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Ərdoğan sentyabrın 11-də Ukraynanın “Krım platforması” adlı təbliğat tədbirində videomüraciətlə çıxış edib. O, Ukraynanın Krım üzərində nəzarətini beynəlxalq hüququn tələbi adlandırıb.