• 24 İyul 2024
logo
Rəisinin olduğu helikopteri belə axtardıq - Bayraqdar

Rəisinin olduğu helikopteri belə axtardıq - Bayraqdar

Komanda yoldaşlarımla işdə idim. Qəzaya uğrayan helikopterin axtarışına texniki dəstək vermək üçün Batman, Van və Azərbaycandakı dostlarımızla koordinasiyada çalışdıq. Bütün dünyada adından söz etdirəcək əməliyyat baş tutdu.

Baymedia.az xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzadan sonra axtarışları barədə danışarkən deyib.

“Akınçı” ən sürətli şəkildə əraziyə tez çatdı. Bölgədə küləyin sürəti də çox güclü idi. O cür çətin hava şəraitinə baxmayaraq, vadiyə girərək bu vəzifəni yerinə yetirdi. Bu əməliyyatı dünyada həmin şərtlər altında uğurla reallaşdıra bilən “Akınçı” PUA-sı oldu. Və dünya da bizim gücümüzü gördü. Komandalarımız və Türkiyə Silahlı Qüvvələri səhərə qədər böyük fədakarlıqla çalışdılar. Mən bir daha İran xalqına başsağlığı verirəm, - Bayraqdar bildirib.

O, eyni zamanda qeyd edib ki, bölgədə dərin dərələr var idi:

“Hətta o dərəyə girəndə belə görüntü əldə etmək olurdu. PUA dərənin arasında manevr edərək uçmalı oldu. Heç bir PUA bunu edə bilməz. Bu missiya ən kiçik bir maneə olmadan tamamlandı”.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.