• 27 İyul 2024
logo
“Qarabağ”ın qapıçısı: “Braqa” ilə oyundan sonra emosional anlar yaşadıq

“Qarabağ”ın qapıçısı: “Braqa” ilə oyundan sonra emosional anlar yaşadıq

“Doğma meydanda Portuqaliya təmsilçisi “Braqa” ilə keçirdiyimiz cavab matçında hadisələr çox fərqli cərəyan etdi. Bütün bunlar karyeramda ilk dəfə baş verirdi”.

Baymedia.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibəsində deyib.

33 yaşlı qolkiper bildirib ki, UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” üzərində qələbədən sonra (4:2, 2:3) Bakıda əla atmosfer var idi: “Stadion dolu, azarkeşlərin dəstəyi isə tam idi. Matçda iki dəfə fərqlənə bildik. Bunların hər biri azarkeşlərin möhkəm dəstəyi sayəsində baş verdi. Qarşılaşmanın 120+2-ci dəqiqəsində möhtəşəm qola imza atdıq. Təcrübəli kapitanımız Bədavi Hüseynov çox cəld tərpəndi və gənc oyunçumuz Nəriman Axundzadəyə məhsuldar ötürmə etdi. Səfərdəki oyunda qol fürsətindən istifadə edə bilməyən Nəriman demək olar ki, cütün taleyini həll etdi. Bu, inanılmaz idi. Çox emosional anlar yaşadıq. Əslində, hesab 0:2 olanda belə növbəti mərhələyə adlayacağımıza inanırdım. Həm Portuqaliyadakı, həm də evdəki görüşdə rəqibdən üstün idik. Bakıda da çoxlu qol imkanları yaratmışdıq. Mənə elə gəlir ki, “Qarabağ” 1/8 finala yüksəlməyə “Braqa”dan daha çox layiq idi”.

Avropa Liqasındakı uğurlu statistikasına da toxunan A.Lunyov fərdi göstəricilərə əhəmiyyət vermədiyini vurğulayıb: “Təbii ki, avrokuboklarda ən çox qurtarış edən qapıçı olmaq xoşdur. Amma bu, elə də vacib deyil. Mən, sadəcə, işimi görməyə çalışıram. Son oyunda üç qol buraxdım, futbolçulara kömək edə bilmədim. Mənim üçün komandamın nəticələri daha önəmlidir”.

Qapıçının sözlərinə görə, beynəlxalq yarışlarda mübarizə aparmaq daxili çempionatda oynamaqdan daha asandır: “Çünki insanların belə oyunlara marağı çoxdur. Möhtəşəm ab-hava və dolu stadion futbolun keyfiyyətini daha da artırır. Aydın məsələdir ki, Avropada rəqiblər çempionatdan fərqli səviyyədədir. Azarkeşlərin təzyiqi müəyyən məqamlarda matçların gedişinə təsir edir. Fərqlər çoxdur, buna baxmayaraq, biz həm çempionatda, həm də avrokuboklarda öz oyunumuzu göstərməyə çalışırıq”.

Qeyd edək ki, Andrey Lunyov bu mövsüm “Qarabağ”ın heyətində 22 oyun keçirib, 29 qol buraxıb, 7 görüşdə isə qapısını toxunulmaz saxlayıb.