• 23 İyun 2024
logo
Qazaxıstanla matçda belə oynamağa çalışacağıq

Qazaxıstanla matçda belə oynamağa çalışacağıq

Albaniya ilə oyundan sonra Qazaxıstanla görüşə hazırlaşmaq üçün çox vaxtımız olmadı. Daha çox futbolçuların fiziki və psixoloji durumlarını yaxşılaşdırmağa çalışdıq.

Baymedia.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov Qazaxıstan yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, bu gündən etibarən sabahkı görüşdə hansı taktika ilə çıxış edəcəkləri üzərində işləyəcəklər:

“Heyətlə bağlı bəzi problemlər var. Coşqun Diniyev və Bəhlul Mustafazadə zədələnmişdilər. Onlarla bağlı qərarı bugünkü məşqdən sonra verəcəyik. Heyətdə və oyun üslubunda dəyişikliklər ola bilər”.

O, dominant oynamağa, hücumda çıxış etməyə və rəqibi meydanın onlara aid hissəsində qarşılamağa çalışacaqlarını vurğulayıb: “Qazaxıstan komandası ilə əvvəllər də qarşılaşmışıq. Oyun sistemləri, demək olar ki, eynidir. Qarşıda seçmə matçlar olacaq. Həmin vaxta qədər heyətin formalaşması istiqamətində işlər görürük”.

Qeyd edək ki, Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.