“Turan Tovuz” Azərbaycan çempionatlarının yüksək dəstəsində ilk dəfə evdə böyük hesabla uduzub.
Baymedia.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXXI turunun “Sumqayıt”la görüşündə qeydə alınıb. Qonaqlar bu görüşdə 4:1 hesablı qələbə qazanıblar.
Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi əvvəlki 33 ev matçında 2-dən artıq top fərqi ilə uduzmamışdı. Qərblilər həm də ilk dəfə öz meydanında 4 qol buraxıb. “Sumqayıt”a qədər Tovuzda ən çox qol vuran qonaq komanda 3 dəfə fərqlənib.
Qarşılaşmada iki yubiley də gerçəkləşib. “Turan Tovuz”un bu matçdakı yeganə qoluna imza atan Otto Con klub tarixinə 50-ci ev topunun müəllifi olub. Tovuzluların öz meydanında buraxdığı 50-ci qola isə Erik Sorqa imza atıb.
XXXI turda qapılara ümumilikdə 18 top vurulub. Tovuzda 5, “Qarabağ” – “Qəbələ” (2:2) və “Zirə” – “Neftçi” (3:1) oyunlarının hərəsində 4, “Kəpəz” – “Sabah” (1:2) qarşılaşmasında 3, “Araz-Naxçıvan” – “Səbail” (0:2) görüşündə iki qol qeydə alınıb.
Bu, mövsümün ikinci yarısının rekordunun təkrarıdır. XXV turda da 18 qol vurulub. Hər iki halda orta məhsuldarlıq 3,60-a bərabər olub.
Mövsümün rekordu isə X və XVI turlarda qeydə alınıb. Həmin vaxt 19 qol vurulub və orta göstərici 3,80 olub.